Mikroblarının artdığı bir zamanda yuyulmayan əlləri xəstəlik mənbəyi hesab olunur.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər əl təmizliyi ilə bağlı insanlara vacib tövsiyələrini bildirirlər.
Birincisi, əl yumağa 30 saniyə ayırmaq insanı xüsusilə ictimai məkanlarda, maşurut, metro, avtobusda xəstə insanların toxunduğu yerlərlə təmas zamanı yarana biləcək xəstəliklərdən qoruyur.
Mütəxəssislər qeyd edir ki, uşaqlara xəstəlik keçməsini istəmirsinizsə, bəzi məqamlara diqqət etməlisiniz.
Həyatımızda əsas ehtiyaclarımızı qarşılayan əllər bir çox xəstəlik daşıyıcısı ola bilər. Təmiz görünən əllərdə belə xəstəlik yaradan mikroblar var. Qrip, sarılıq kimi xəstəliyin mikrobları əllər vasitəsilə ağıza, oradan da bədənə yayılır.
Xəstəlikdən qorunmağın ən gözəl və asan yolu isə əl yumaq vərdişinə sahib olmaqdır. Əlləri nə zaman yumaq lazımdır?
- Yeməkdən öncə və yeməkdən sonra;
- Ayaq yoluna gedəndən sonra;
- Çiy ət, toyuq, balıq və yumurtaya toxunandan sonra;
- Xarab olmuş qida və zibillərə əl vurduqdan sonra;
- Asqırma və öskürmə zamanı ağzın əllə qapadılmasından sonra;
- Maşurutlarda, pul alış-verişi zamanı və ortaq telefon işlədən zaman;
- Pişik, it və digər heyvanlarla toxunduqdan sonra;
- Məktəbdən və işdən evə gəldikdən sonra mütləq əlləri yumaq lazımdır.
Bəs əlləri necə yumaq tövsiyə olunur?
Əlləri ilıq su ilə islatmaq, sabunu əllərin bütün hissələrinə sürtmək və yaxşıca köpürmək lazımdır. Biləklər, ovuc içi, barmaqlar, barmaq araları və dırnaq içini ən azı 30 saniyə müddətində ovuşdurmaq və yaxşıca yumaq əsas şərtdir.
İnsanların çox olduğu ictimai yerlərdə isə bir dəfəlik salfetdən istifadə etmək lazımdır.