14 Oktyabr 2018 18:25
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

https://teleqraf.com/news/toplum/187804.html

Qaranlıq, köhnə bir evin dar nərdivanlarını qalxdıq. Üçüncü mərtəbənin zənginə basdıq. Hündürboy, yaraşıqlı bir dəliqanlı qapını açdı.

- Mösyö Medivani sizsiniz? - deyə soruşdu.

- Bəli.

- Sizə bir vətəndaşınızı gətirdim. Təhvil verirəm və dərhal gedirəm.

Aron əfəndi o qədər sürətlə hərəkət etdi ki, ona təşəkkür də edə bilmədim.

Medivani mənimlə gürcücə danışmağa başladı.

- Gürcü deyiləm, gürcücə də bilmirəm. Mən türkəm. Qarabağlıyam.

Bunu deyərkən otağa da daxil olduq. Bu şəkildə digər gürcüylə də tanış oldum. İkisi də məni böyük diqqət və dostcasına qarşıladılar. Qarabağlı bir türkün Parisə qədər təhsil üçün gəlməsi onlara çox qəribə və eyni zamanda xoş hadisə kimi görünürdü. Dərhal çay dəmlədilər, pendir-çörək gətirdilər, səmimi, ürəkdən hal-əhval tutmağa başladılar. Vəziyyətlərindən onların da çox yaxşı yaşamadıqları bəlli idi. Mənə ümid və təsəlli verdilər. Evdən bir aya qədər pul ala bilsəm, cibimdəki pulla birtəhər yaşamaq olar dedilər.

Çay içdikdən sonra tez mənim üçün otaq axtarmağa çıxdılar. Mən də yanlarında idim. Evin onlara yaxın olması şərt idi. Yaxın bir küçənin küncündə bir madamın yanında, dördüncü mərtəbədə 25 franka bir otaq tapdılar. Pis-yaxşı yerləşdim.

Əlli ildən sonra da Aron əfəndi ilə bu iki qardaş gürcünü dərin həyəcan və şükr hissi ilə xatırlayıram. Onlar mənim ilk rəhbərlərim və xilaskarlarımdılar və adları ruhumun daşıdığı ən əziz və müqəddəs izlərdəndir.

Yerləşdiyim otağın sahibi ixtiyar madam dil bilmədiyimə həm hirslənir, həm də gülür. Ona görə qəzəblənir ki, birinin fransızca danışmamasını xəyal da edə bilmir. Gülür, çünki kəlmələri onun istədiyi kimi tələffüz edə bilmirəm. Üstəlik hər dəqiqə gözünün qabağındayam. Çölə demək olar ki, çıxmıram. Bunun iki səbəbi vardı: Fransızca öyrənirəm və bu yolda tətbiq etdiyim metod da çox nadirdi.

Alfred de Mussetin kitabından ilk gün on sətir oxudum. Bilmədiyim kəlmələri rusca lüğətdən öyrəndim və əzbərlədim. İkinci gün bu lüğətləri təkrarlamaqla yanaşı yeni 15 sətir oxudum. Yenə bilmədiyim kəlmələri yazdım və öyrəndim. Beləcə hər gün 5-10 sətir əlavə etməklə üç ay sonra artıq normal şəkildə oxuyub anlamağa və danışmağa başladım.

İkinci səbəb isə pulu ehtiyatlı xərcləməyimdi. Madamın icazəsi ilə bir qazanla bir spirt lampası və fincan aldım. Çayımı, qəhvəmi və əksərən yumurtadan və göyərtidən ibarət olan yeməklərimi otağımda özüm bişirdim. Qəhvəxanaya, restorana getmirdim. Qarabağa məktub yazaraq təcili pul istədim. Gözlərim həsrətlə yolda idi. Cibimdən hər frank əksildikcə ürəyim titrəyirdi. Birdən pul gec gələrsə?!

Ah, həyatımın bu imtahan çağları! Sizin qiymətinizi, qədrinizi indi bilir və anlayıram. İndi anlayıram ki, qara günlər insanın yetişməsi üçün ağ günlərdən daha lüzumludur. Təbii ki, bir şərtlə: sükut etməmək, əyilmək və silinmək kimi zillətlərə qatlanmamaq şərti ilə.

Fevral ayının ortaları idi. Qarabağdan hələ də xəbər gəlmirdi. Getdikcə qorxularım, vahimələrim artırdı. Peterburqda atamın mənə göndərdiyi teleqrafı xatırladım: Yüz əlli manat al, hara istəyirsən get!

“Haraya istəyirsən, get” sözü heç xoş deyildi. Şübhəsiz ki, bir hiddət, məmnuniyyətsizlik ifadə edirdi. Onsuz da atamın və bütün ailəmin Peterburqda məktəbə girmədiyimdən və Fransaya gedişimdən məmnun olmayacaqlarını bilirdim. Lakin ata deyilmi? Bu hiddət nə qədər davam edəcəkdi? Üstəlik bu qədər uzaqda və Fransada, qürbətdə olan övladına qarşı. Həm də atamı istədiyi kimi yola gətirən, böyük əmimə təsir edə bilən anam kimi vəkilim vardı.

Bunlar beynimi artıq sıx-sıx əhatə edən qara düşüncələri qovmaq üçün öz-özümə verdiyim təsəllilərdi.

Fəqət günlər keçir, xəbər gəlmirdi. Madama evin kirayə pulunu ödəmək zamanı gəldi. Cibimdə artıq franklar deyil, santimlər qaldı. Necə olacaq? Nə edəcəyəm?

Mənim gürcü dostlarım da mənimlə özüm qədər maraqlanırdılar. Onlar da Qarabağın bu sükutuna heyrət edirdilər. Kim bilir, bəlkə də, məndən şübhələnirdilər. Mənim qarabağlı olmadığımı, atam, anam, ailəm olmadığını, sərsəri olduğumu ürəklərində düşünürdülər. Sonralar Qafqazda rastlaşdığımız zaman ağlıma gələn bu şübhələrdən bəhs edərdim və qəhqəhə ilə gülərdik. Fəqət 1888-ci ilin fevralın 20-də qəhqəhəylə deyil, adi gülüşdən də uzaqdıq. Bilirdim ki, zavallıların imkanı olsaydı, məndən heç bir yardımlarını əsirgəməzdilər. Fəqət onlar da çox pis vəziyyətdə idilər. Ancaq özlərini dolandıra bilirdilər. Buna baxmayaraq mənə hər gün onlarla bərabər yemək yeməyi təklif etdilər. Mən utancımdan qıpqırmızı qızardım və təşəkkür edərək bu təklifi rədd etdim. Onların üzülməməsi üçün hər gün əvəzinə üç-dörd gündən bir getməyə başladım. İndi onlar məni axtarırdılar.

Madamla açıq şəkildə danışdım. Vəziyyəti izah etdim. Mənə “Bir ay gözləməyə razı oluram. Lakin siz də razılaşın ki, daha çox gözləyə bilmərəm. Çünki mən də kasıb bir qadınam. Otaq kirayəsi ilə dolanıram” dedi.

Haqlı idi. Bu davranışı da alicənablıqdı.

Yeməyimə gəlincə, bunu da fransızlara məxsus etimad üsulu ilə həll etdim. Yeməklərimi o qədər sadələşdirdim ki, hamısını bir baqqaldan alırdım: qəhvə, çay, şəkər, hər gün bir az yağ, bir az göyərti, bir-iki yumurta, bəzən də bir parça ət. Bütün istifadə etdiyim ərzaq. Mən bütün bunları yaşadığım evin altındakı baqqaldan alırdım. Fransız pul sistemi mənim vəziyyətimdə olanlar üçün əlverişli idi. Bir frank edən yüz santimi xərclə-xərclə bitmirdi: 20 santimlik qəhvə və yaxud çay, 20 santimlik şəkər, 15 santimə iki yumurta, 10 santimlik göyərti. Beləcə, günorta yeməyiniz hazır. Cibinizdə hələ 25 santim qalır. Mən nə qəhvəxanaya, nə gəzməyə, nə teatra gedirdim və çox məsrəf də yoxdu, gündə frank yarımla dolana bilərdim, dolandım da.

O vaxta qədər ki cibimdəki pul bitdi, baqqala getməyə utandım. Tam iki gün səbir etdim. Lakin üçüncü gün taqətim qalmadı, aşağıya endim, kassada əyləşən baqqalın xanımına utana-utana: “Madam, mənə etimad edərsinizmi, nisyə mal verərsinizmi? Pul gözləyirəm. Vaxtında gəlmədi. Sıxıntıdayam” dedim.

- Siz bizim müştərimizsiniz. Əlbəttə ki, etimad edərik. Nə istəyirsiniz, alın.

Bu sözlərin mənə verdiyi mənəvi zövqü və onlardan aldığım qüvvət və imanı heç bir kəlmə ilə ifadə edə bilmirəm. Fransız qadın mənə bir xilaskar mələk kimi göründü. Təşəkkür etdim və hər gün aldığım qədər – frank yarımlıq ərzaq aldım. Gedərkən bir daha təşəkkür etdim.

- Narahat olmayın, sıxılmayın. Hər zaman xidmətə hazırıq.

Bu “xidmətə hazırıq” aylarca davam etdi. Belə ki, pul gəldiyi zaman hesabı ödəyəndə tam 400 frank borcum vardı.

(Davamı var)


Müəllif: Dilqəm Əhməd