Əvvəli burada
Qatar Berlinə gecə çatdı. Bu şəhər məndə Peterburqdan yaxşı təəssürat yaratmadı. Ancaq stansiyadakı təmizlik və intizam məni heyrətə saldı. Hər dəqiqədə yeni bir qatar gəlir, o gedər-getməz yerini bir başqası tuturdu. İnsanın başını döndürən bu hərəkət o qədər nizam və intizam içində edilir ki, sanki qeybdən, əsrarəngiz bir qüvvət tərəfindən idarə edilirdi…
Biz stansiyada köşk olan aşağı mərtəbədə gözləmək məcburiyyətində idik. Fəqət təəssüf ki, yuxarıya çıxıb qatarımızı axtardığımız zaman onu ötürmüş olduğumuzu anladıq. Nə edəcəkdik? Kimə müraciət edəcəkdik? Yavaş-yavaş stansiya da boşalırdı. Elə vaxt gəldi ki, bircə nəfər də qalmadı. Tam o ərəfədə mən bir xəta etdim. Fransız qız yanındakı xurcununun içində süd küpcükləri daşıyırdı. Bu xurcunu əlimə almışdım. Bilmirəm necə oldu, xurcun stansiyanın döşəməsinə çırpıldı, küp qırıldı və süd töküldü.
Stansiyanın şişman gözətçisi qalın və uzun bir nərə çəkdi, üstümə gəldi. Fəqət şükürlər olsun ki, bütün bunların qorxutmaq üçün edildiyi anlaşıldı. Su ilə bulaşmış yeri yudu, sildi, billur kimi parıldatdı və mırıldana-mırıldana uzaqlaşdı.
Biz avara-avara stansiyada dolaşırdıq. Heç kim bizə etina göstərmir və maraqlanmırdı.
Nəhayət, yanımıza üç yaxşı geyinmiş, orta yaşlı, əfəndi adamlar yaxınlaşdı. Haradan gəlib haraya getdiyimizi, kim olduğumuzu soruşdular. Fransız dilini mükəmməl bilirdilər. Qız təfsilatlı izah etdi. Dərhal bizi bir yerə apardılar, biletlərimizə damğa vurdular. Sonra bizi götürüb stansiyanın düz qarşısında olan şıq bir otelə apardılar. Bizim üçün iki otaq tutdular, xidmətçilərə sabahkı Paris qatarına çatdırmalarını bildirdilər və bütün məsrəfin pulunu da etirazımıza rəğmən verib getdilər. Mən heyrət içində idim. Qız izah etdi: “İstər Fransada, istərsə də Almaniyada iki ölkəni bir-birinə yaxınlaşdırmaq və aralarını düzəltmək niyyəti ilə qarşılıqlı yardım cəmiyyətləri qurulub. Həmin əfəndilər də o cəmiyyətin üzvləri imişlər və hər gecə stansiyaya gələrək möhtac olanlar varsa, kömək edərlərmiş”.
Mən tez yatağıma girib yatdım. Ertəsi gün sabah erkəndən bizi oyandırdılar və stansiyaya apararaq qatarımıza yerləşdirdilər. Artıq bu axşam Parisdəyik.
Almaniyanın meşəliklərinə nə qədər heyran qalsam da, Belçikanın da fabriklərinə, əhali sıxlığına o qədər heyrət etdim. Bir ovuc boş yer də yoxdu.
Nəhayət, axşam düşür və biz də Parisə çatırıq. Məni orada nə gözləyir? Bunu bir dəqiqə belə düşünmədim. Yalnız bir möminin bir məbədə yaxınlaşdığı zaman ürəyi necə titrəyirsə, mənim də qəlbim elə titrəyirdi. Oxuduğum kitablardan qazandığım təəssüratlar bu şəhəri xəyalımda insan zəka və qəlbinin bir möcüzəsi halına gətirmişdi. Orada yaşamaq, orada qalmaq özlüyündə bir səadətdi, şərəfdi. Ona yaxınlaşdıqca özüm öz nəzərimdə ucalırdım.
Gecə düşdü, biz tamamən yaxınlaşdıq və o, görünməyə başladı. Xaricdən gələnlər tez pəncərəyə qaçdılar. Mən də başımı şüşəyə dayadım və ilk təəssüratımı əlli il sonra da eyni qüvvətlə qoruyuram. O nə möhtəşəm və sehrkar bir mənzərə idi. Gözümün önündə sanki min bir gecə lövhələri canlandı. İşıq, işıq, işıq. Hər tərəf, hər yer işıq.
Mənim kimi şərqdən gəlmiş biri üçün bu işıq bolluğu sanki ecazkar, fövqəltəbii bir şeydi. Yanımdakı biri məni dürtərək “mösyö, mösyö, gəldik” dedi. Döndüm baxdım. Yol yoldaşım qız idi.
Qatar dayanırdı. Ətrafımda bir hay-küy, bir gediş-gəliş vardı. Fəqət mən nə olduğunun fərqində deyildim. Qız davam etdi: “Budur, Paris stansiyası. Bu şəxs – qarşımda gənc bir dəliqanlı dururdu – mənim qardaşımdı. Məni qarşılamağa gəlib. İndi o sizə bir araba tutar, arabaçıya sizi rusca tərcüməçisi olan bir otelə aparmasını deyər. İndilik, Allaha əmanət olun”.
Dəliqanlı məni arabaçıya qədər ötürdü və ona bir şey deyərək ayrıldı. Mən lunatik kimi qeyri-şüuri hərəkət edirdim.
Parisdə ilk vaxtlar
Parisə çatdığım axşam 1888-ci il yanvarın 8-i idi. Yol yoldaşımı qarşılamağa gələn bu şəxs mənim üçün çağırdığı arabaçıya nəsə söylədi və arabaçı da başını sallayaraq qamçısını vurdu. Nə deyildiyini və hara getdiyimizi bilmirdim. Fransızcam çox ibtidai və zəifdi.
Mənə heyranlıq verən bir qələbəlik, işıq və geniş küçələr. Nəhayət, böyük bir otelin qapısı. Otelin lövhəsinə baxdım: Hotel de Petersbourg.
Anladım ki, arabaçıya rusca tərcümanı olan bir otelə aparmağını söyləmiş və arabaçı da məni bu böyük, şıq yerə gətirmiş.
Yanıma biri yaxınlaşdı, rusca “rusca danışa bilirsiniz?” deyə soruşdu. Mənə qəribə bir sevinc gəldi. Məni anlayan birini tapmaq sanki bir səadətdi. Yaşa dolmuş, saçları bəyazlaşmış bu şəxsin rus olduğu başa düşülürdü. Arabaçının hesabını ödədi, əşyanı ikinci mərtəbədəki bir otağa qaldırdı. Ocağın yandırılmasını və sabah yeməyi hazırlanmasını əmr etdi və “yorğunsunuz, istirahət ediniz, yenə görüşərik” deyib getdi və qapıdan çıxarkən bu sözləri əlavə etdi: “Mənim adım Arondur. Bu otelin məmurlarındanam. İstədiyiniz vaxt çağıra bilərsiniz”.
Təşəkkür etdim.
Qarson gətirdiyi bir qucaq odunla ocağı yandırdı. Soyuqdu. Bir az sonra ocaq qıpqırmızı yanmağa, ətrafa istilik saçmağa başladı və mən də səhər yeməyinə başladım.
Kefim yerində idi. Bu qədər ildən bəri xəyalımda yaşatdığım Parisdə idim. Ah, bu nə səadət! Bulvara baxan pəncərəyə yanaşdım. Dalğa kimi bir tərəfdən digər tərəfə axan insan selini, ortalığa qəribə bir aydınlıq verən işıqları, saysız arabaları, atları sevinc və zövqlə seyr etdim. Qarabağ yadıma düşdü. Şuşa şəhərinin dar, palçıqlı və qaranlıq küçələrini andım. Mənə qəribə bir qürur gəldi: “Ey, mənə baxın, mən haradayam, siz harada?” deyə bağırmaq istədim. Sonra saat 10 olmadan yatağa girdim və ertəsi gün saat 7-də qalxdım.
Tez Aron əfəndini çağırdım. “Mən qafqazlıyam. Buraya təhsil üçün gəldim. Sizdən mənə kömək etmənizi, məktəbə aparmanızı və orada qafqazlı tələbə ilə görüşdürmənizi rica edirəm”.
Aron əfəndi güldü. Hələ 19 yaşım vardı. Çox naşı olduğum bəlli idi. Hələ yarı köçəbə, patriarxal bir qəbiləyə mənsub olduğum ağıllarına belə gəlməzdi.
- Qafqazlı tələbə tanımasam da, universitetə gedərik, soruşar, taparıq. Fəqət siz buraya uzun müddət üçünmü gəldiniz? Pulunuz varmı?
- Bəli, məktəbi bitirənə qədər burada qalacağam. Pulu da atam göndərəcək.
- İndi əlinizdə nə qədər var?
Bu sual məni çaşdırdı. Mən özüm də nə qədər pulum olduğunu bilmirdim. Atam Peterburqa 150 rubl göndərmişdi. Dostlar bu pul ilə Parisə getsəm, acından öləcəyimi demişdilər. Fəqət mən gülmüşdüm. Halbuki, orada borclarım və yol üçün 90 rubl getdi. İndi cibimdə olsa-olsa, 60 rubl ya olar, ya yox.
- 60 rubl olmalıdır.
Aron əfəndi acı-acı güldü:
- Aman, nə danışırsan? 60 rubl ilə nə edilər ki? Hələ bu qədər pulla bu otelə necə gəldiniz?
Mən dondum. Pulun bu qədər əhəmiyyətinin olduğunu ilk dəfə eşidirdim. Aron əfəndi məni yuxarıdan-aşağı süzdü, anladı və üzüldü.
- İlk işimiz tez bu oteli tərk etmək olmalıdır. Bilirsinizmi bir gecəlik bu otaq üçün nə qədər verəcəksiniz? Tam 15 frank. Sonra odun 5, qəhvə 5 frank, hambal, qarson və s. məsrəflər də ən azı 5 frank tutacaq. Cəmi 30 frank, yəni rus pulu ilə 15 rubl.
Mən mat və məəttəl qaldım. Aron əfəndi zəngi basdı və qarson gəldi. “Mösyö, indicə gedir, hesabını gətiriniz” dedi.
Hesabı gətirdilər. Dediyi kimi çıxdı. Yuyunmadan, sabah yeməyi yemədən tez əşyamı topladıq, yarısını mən, yarısını Aron əfəndi qoltuğuna vuraraq ilk tramvaya qədər götürdük. Sen Mişel bulvarına gəldik. Oradan tibb fakultəsinə getdik. Tibb fakultəsində Aron əfəndinin tanıdığı bir çox yəhudi gənclər vardı. Onlarla görüşdü. Onlardan Panteonun arxasında bir küçədə qafqazlı iki gürcü tələbənin qaldığını öyrəndi və biz cəld oraya doğru yürüdük.
Qaranlıq, köhnə bir evin dar nərdivanlarını qalxdıq. Üçüncü mərtəbənin zənginə basdıq. Hündürboy, yaraşıqlı bir dəliqanlı qapını açdı…
(Davamı var)
Hazırladı: Dilqəm Əhməd