“Bəzən insan hansısa boşluqla qarşılaşır... Bu boşluğu insanlarla doldurmağa çalışır, amma bir də ayılır ki, həyatı insanla doludur, boşluqsa hələ də qalır. İnsan tünlüyündə boğulursan...”
Yazıçı Çinarə Ömray belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Təhsilinizə Beynəlxalq Universitetin Tarix fakültəsində başladınız, daha sonra Slavyan Universitetinin Yaradıcılıq fakültəsində davam etdirmək qərarı verdiniz...
- Tarix fakültəsində qəbul olunmuşdum. Əslində Filologiyanı istəyirdim, amma bal çatmadı deyə, qəbul ola bilmədim. Şəxsi münasibətlərdə olan problemlərə görə bir qədər təhsilə ara verməli oldum.
Lakin problemləri qaydasına saldıqdan sonra yenidən davam etdim. Yaradıcılıq fakültəsinə qəbul oldum.
– Bu bədii yaradıcılığınızın başlanğıcı idi?
- Ali məktəbə daxil olanadək də çap olunurdum, mətbuatda idim. Nə qədər ciddi qəbul edilib-edilmədiyi haqda bir söz deyə bilmərəm, amma orta məktəbdə oxuyarkən bir kitabım çap olunmuşdu. “Vətəndə yaşayan vətənsizlər” adlanır. Yəni, orta məktəb illərindən ədəbiyyata, yazmağa marağım vardı.
- Yazarlarımızın demək olar ki, hamısı yaradıcılığa şeirlə başlayıb. Amma siz ilk addımdaca ən ağır işin qulpundan yapışmısız – nəsrə üz tutmusuz...
- Şeir yaza bilmirəm. Məni nənəmlə babam böyütdüyü üçün onlardan çox nağıllar eşitmişəm. Bəlkə də məni nəsrə yönəldən əsas amil bu olub. Slavyan Universitetində Mifologiyadan dərs alırdım. Dərsi Kamal Abdulla keçirdi. Nənəmin də mifologiyadan xəbəri vardı. Amma bu mənə həmişə qəribə gəlirdi. Onların danışdıqları miflər, orta məktəb illərində şifahi xalq ədəbiyyatına olan marağım – bəlkə bunlar da mənim nəsrə marağımı artırmışdı.
- Yenə də mistikaya inanırsız?
- Ədəbiyyatın içində olun mistikaya inanmamaq mümkünsüzdür. Məncə, yaza bilən hər kəs mistikaya inanır.
- Bu, məsələn, yazarkən özünü kosmosda olduğuna inanacaq səviyyəyədək olan bir inamdır?
- Belə olduğunu düşünmürəm. Amma mən hər kəsin içində bir başqa mənin olduğuna, bununla dil tapıb danışdığına inanıram. Hər kəs bu daxili mənə bir ad qoyur. Biri üçün enerji, digəri üçün Allah, başqa biri üçün ruhdur. Mən də bu enerjinin mənə nələrisə ötürdüyünə inanıram.
- Daxilinizdəki mən necə biridir – bu, sizin əksinizdir?
- Yaxından tanıyanlar həmişə mənə deyirlər ki, həyatda iki Çinarə var. Biri yazan, biri də real həyatda olan Çinarə... İçimdəki mən daha çox özüylə danışan biridir. Mən döyüşkən insan deyiləm. Həyatımın yarıdan çoxunu özümlə dialoqa sərf etmişəm, öz-özümlə danışıram, özümə sual verirəm, özüm cavablandırıram. Əslində içimdəki məni göstərə bilmirəm.
- Ətrafda bu qədər insan varkən, niyə öz-özünüzlə danışırsız?
- Əslində insanlardan qaçan deyiləm. Ətrafımda kifayət qədər dostlarım var. Ancaq məni düşündürən məsələləri insanlarla bölüşə bilmirəm, bunlar haqda daha çox özümə danışıram. Yazanda isə daha rahat oluram.
- Yəqin bu dialoq uşaqlıqdan başlayıb...
- Uşaqlıqdan gəlir. O dövrlərdə aldığım travmaların da müəyyən rolu var. Həmin illərdə valideynlərim Qazaxıstanda, mənsə Azərbaycanda olmuşam. Məni nənəmlə babam böyüdüb. Düzdü, sevgilərini əsirgəməyiblər, amma hər halda fərqli situasiyadır.
- Bildiyim qədər valideynləriniz Qazaxıstandan qayıtdıqdan sonra onlara isinişə bilməmisiniz...
- Hələ də valideynlərimlə ünsiyyət qura bilmirəm. Mən hələ də öz doğmalarımı evdən kənarda axtarıram. Bəlkə də bu, elə uşaqlıqdan gəlir. Uşaq olarkən valideynlərim uzaqda idilər, amma indi yanımdadırlar. Yenə də bu doğmalığı kənarda gəzirəm.
- Bəs valideynləriniz sizə öyrəşə biliblər?
- Qəbul ediblər, amma mənə elə gəlir ki, biz bir-birimizi tamamlamırıq.
- Bunlara baxmayaraq pozitivsiniz...
- Bir nöqtə var, ora çatdıqdan sonra hər şeyi gülüşlə qarşılaya, hətta ironiya ilə yanaşa bilirsən. Sanki əzab planını doldurursan, bundan sonra əvvəlki kimi olmursan. Məncə, belə olmaq lazımdır. Gülməyi bacarmaq gərəkdir. Nə vaxt gülməyi unudursan, həyat da dayanır.
- Ədəbiyyata gəlişiniz də bir qəribə idi. Maraq üçün ruhi xəstələr dispanserinə getdiniz, iki ildən sonra bir kitabla çıxdınız...
- Deməzdim, ədəbiyyata oradan gəlmişəm. Bu kitaba qədər də imzam tanınırdı, mətbuatda hekayələrimlə çıxış edirdim. Sadəcə ruhi xəstələr dispanseri mənim üçün maraqlıydı. Psixoloji problemləri olan insanlar, kişi dustlaqlar... Ömürlük həbsə məhkum edilmiş kişi dustaqlarla oturub danışmaq istəyirəm. Çünki qadınlar mənə qeyri-səmimi gəlirlər. Xüsusilə də, bizim qadınlarla heç vaxt barışa bilmirəm.
- Maraqlıdır...
- Əlbəttə, istisnalar var, amma bizim qadınlar tam formalaşa bilmirlər.
- Səbəbi nədə görürsünüz?
- Bəlkə də bu, mental dəyərlərdən irəli gəlir. Bəlkə də evdəki qardaşlardan, əmi, dayı oğullarından bir pillə aşağıda böyüdülməkdir əsas səbəb... Bilmirəm, amma heç vaxt orta xətti tuta bilmirlər. Məsələn, bir ailədə kişi özünü bir az zəif göstərən kimi, qadın onun üzərində hökmranlığa başlayacaq. Lakin kişi güclü görünəndə qadın ona köləlik etməyə hazır olur. Yəni, bu iki məsələnin orta xətti var ki, bizim qadınlar bunu tutub gedə bilmirlər.
- “Məcnunxana” hekayənizdə bir məsələ diqqətimi çəkdi. “Məcnunxana”nın – dispanserin baş həkiminin adı Məcnundur, belə desək, “Dəli”dir. Hər halda təsadüfi deyil...
- Bütün sahələrdə belədir, bir insan uzun müddət harada işləyirsə, ora uyğun formalaşır, oranın ab-havasına uyğunlaşır. Mən də iki ildən çox Maştağadakı xəstəxanaya getdim. İndi də orada kifayət qədər dostlarım var. Elə bil oranın həkimləri də getdikcə pasiyentlərə oxşayırdılar. Bəlkə də, ad seçimim bundan irəli gəlirdi.
- Yəni, ruhi xəstələr istər-istəməz həkimlərə təsir edirlər...
- Əlbəttə, təsirləri olur. Digər iş yerlərində də belədir... Günün, həftənin böyük əksəriyyətini keçirdiyin iş yerinin ab-havasından insanın şəxsiyyətinə nələrsə yönəlir.
- Bu iki ildə sizə təsirləri olmadı?
- Mənə də təsirləri oldu. Əslində mən də oradan çox şey götürdüm. Ora gedib-gələndə sosial şəbəkə hesablarımı dondurmuşdum, əlaqələrimi məhdudlaşdırmışdım. Ruhi xəstə adlandırılan bu insanların arasından çıxandan sonra başqa insanlar mənə qeyri-səmimi gəlirdilər. Yəni, təsir altına düşürsən, amma bir müddət sonra öyrəşirsən.
- Orada kimlər yadınızda qaldı?
- Demək olar ki, hamısı yadımda qalıb. Məsələn, İmran lambirinlərin üzərinə möhtəşəm şəkillər çəkirdi. Amid hər dəfə özünü Məşədi Amid kimi təqdim edirdi. Ondan niyə özünü “Məşədi” adlandırdığını soruşanda deyirdi ki, “Bura Məşhəddir. Buradakı ağ paltarlı insanlara xidmət edim ki, savab qazanım”.
O, həmişə əlində bir qab gəzirdi, kim siqaret çəkirdisə, onun külünü yığırdı. Kənardan baxanda bu hərəkətinə görə ona “dəli” deyərdi. Sonradan mənə məlum oldu ki, o, həmin küldən möhtəşəm rəsm əsərləri çəkir.
Mən onlara kağıza suallar yazıb verirdim. Məsələn, sual verirdim ki, “Allah kimdir?”, “Allah haradadır”, “Ağac nədir?”, “Buradan çıxdıqdan sonra nə edəcəksiniz?” və sair. Suallara qeyri-adi cavablar yazırdılar.
- Çinarə xanım, hekayələrinizin hamısını niyə öz dilinizdən nəql edirsiniz? Demək olar ki, hamısı avtobioqrafikdir, hamısı da sizin həyatınızdan bəhs edir...
- Dediyim kimi, bəlkə də öz-özümlə o qədər danışıram ki, başqa şəxsin dilindən yazmaqda çətinlik çəkirəm. Ola bilsin, həm də ondan irəli gəlir ki, yazanda mən özüm oluram, yazdığıma çevrilirəm və onun hisslərini danışıram. İkinci şəxsin adından yaza bilmirəm, bu, məndə heç vaxt alınmayıb.
- Amma hekayələrin əksərində insanlara inandığınızı etiraf edirsiz, digər yandan isə özünüz haqda özünüzə danışmağı məsləhət bilirsiniz...
- İnsanlara inanmasam yaşaya bilmərəm. Nənəm həmişə mənə deyirdi ki, insan Allahın sevərək yaratdığı varlıqdır və onun sevərək yaratdığı bu varlığın içində mütləq yaxşı nəsə var, insanlarla münasibət quranda çalış yaxşı tərəfini tapa biləsən. Mən buna inanıram.
- Yaradıcılığınızda nənənizə bağlılığınız da hiss olunur. Bir az onun haqda danışardınız...
- Əslində nənəm sadə insan idi, tipik Azərbaycan qadınıydı. Amma sevgi dolu idi, hər şeydə sevgi axtarırdı. Mən hövsələsiz insanam, bir insanla üç il münasibət saxlaya bilmirəm. Buna görə nənəmə sual verirdim ki, bu qədər vaxt babamla necə bir yerdə qalmısız? Deyirdi, bizim vaxtımızda qırılan şeyi atmırdıq, bərpa edirdik.
- Hər gün yazmaq haqda fikirləşirsiz? Belə desək, həmişə yazmaq üçün cəhdlər edirsiz? Bunu da ona görə deyirəm ki, indi yeri gəldi-gəlmədi hər yeri yazıb doldururlar, tərpənmək mümkün deyil...
- Qətiyyən... Hansısa bir mövzunu götürüb, istəmədiyin halda onu hekayəyə çevirmək mümkün deyil. O həddə gəlib çatmalısan ki, bunu heç kəslə bölüşə bilmirsən, boğulursan. Bu zaman onu hekayəyə çevirib içindən çıxarmaq mümkün olur.
İlk kitabımın əsas missiyası da bu idi ki, daxilimdə baş verənləri dartıb çölə çıxarım. Çıxardım və rahatladım, bəlkə də elə buna görə idi ki, uzun müddət heç nə yazmırdım. Artıq ikinci kitabımı hazırlayıram.
- Hələlik roman yazana oşxamırsız...
- Romana hövsələm yoxdur. Sonuncu yazdığım povest haqda dedilər ki, onu genişləndirib romana çevirə bilərəm. Amma roman yazacaq səbrin yiyəsi deyiləm.
- Nə yazmağınızdan asılı olmayaraq, bütün yazılarınızda uşaqlığınızdan xatırlatmalar var, sanki uşaqlığınız ətəyinizdən tutub sizi buraxmaq istəmir...
- O uşaq böyüməyib, bəlkə buna görədir. Bəlkə böyümək istəyir, yazılardan boylanır ki, gəl məni buradan götür, özünlə apar. Amma mən onu özümlə apara bilməmişəm.
- Niyə?
- Bilmirəm... Ola bilsin vaxtilə daha ağır problemlərə yüklənmişəm. Mən 16-17 yaşım olanda valideynlərim Qazaxıstandan qayıtdılar. Nənəmin yanında daha uşaq idim. Valideynlərim qayıdanda özümü 13-14 yaşındaymış kimi hiss edə bilərdim, amma mən qadın olmaq yoluna qədəm qoymuşdum.
- Ədəbi mühitin gündəm mövzusuna münasibətinizi bilmək istərdim. Yazarlar “Hər yer ədəbiyyat” aksiyasına başlayıblar....
- Maraqlı addımdır. Qənaətimə görə, aksiya baş tutdu, onlar bunu bacardılar. Buna etiraz edənlər də oldu, amma ədəbiyyat adına nəsə varsa, gözəldir.
- Ədəbiyyat adınadır, amma onu qəribə qarşılayan qələm adamları da az olmadı...
- Bir ara belə bir məsələ var idi ki, gənc yazarlar kiməsə ilişib, kimisə söydürüb ədəbiyyatı gündəmə gətirmək istəyirlər. Amma heç kəsə toxunmadan gündəm yaradırlarsa, bu, pis deyil.
- Bununla oxucunun üzünü kitaba çevirmək mümkün olacaqmı?
- Əslində bu məsələyə ciddi yanaşıram. Məsələn, adama sual verirsən, o da çalışır ki, oxuduğu kitabdan sitat gətirsin. Bir mətni oxuyanda görürəm ki, bunun başqa formasını Çexovda oxumuşam. Adam elə mətn oxumaq istəyir ki, təbiətdən, insanın öz daxilindən gəlsin. Oxuyursan ki, bunu yazan adamı görəsən, amma Çexovu görürsən, Kafkanı görürsən. Yəni, dərinə gedəndə onlara çıxırsan.
- Yəni?..
- Əksəriyyət kitabların təsiri altında yazırlar. İndi belələri daha çoxdur.
- Məsələn?
– O qədər çoxdurlar ki, adlarını yadda saxlamaq mümkün olmur.
- Yazarlarımız nədənsə açıq tənqiddən çəkinirlər, bu da başqa bir problemdir...
- Yəqin ki, özlərinə problem yaratmaq istəmirlər. Yazıçı olub-olmamasından asılı olmayaraq, insanlarımızın çoxu səmimi deyillər. Adi bir tənqidi də səmimi qəbul edə, həzm edə bilmirlər.
- Siz hansı təsir altında yazırsız?
- Bunu bilmirəm, amma hansısa kitabdan təsirlənib yazmamışam.
- Bəs sizə təsir edən kitablar hansılardır?
- Uzun müddət Platonovun “Can” romanının təsirində qalmışam. O qədər real, o qədər detallı və möhtəşəm yazıb ki... Knut Hamsunun “Aclıq”ını sevmişəm. Düşünmüşəm ki, aclığı Hamsundan yaxşı təsvir edən olmaz. Çexovun “Qüssə”si məni silkələmişdi. Yaxınlarda Mustafa Məsturun “Tanrının ay üzündən öp” kitabını oxudum. Əsərdə bəzi məqamlar vardı ki, bunlar mənə çox maraqlı gəldi.
- Maraqlıdır ki, bizdə “Kimi oxumusunuz?” sualını verəndə dərhal sadlayırlar: Kafka, Dostoyevski, Hamsun, Tolstoy, Pamuk, Markes....
- Yerli yazalarımızı da oxuyuram. Kamal Abdullanı dönə-dönə oxuyuram. Şərif Ağayarın əsərlərini sevirəm, Pərviz Cəbrayılı oxuyuram. Pərviz Cəbrayılın son dönəmlər yazdığı köşə yazılarını daim izləyirəm. Rəbiqzə Nazimqızı, Aysel Əlizadə və bir çox yazarlarımız var ki, onlar mənə maraqlı gəlir. Mən sadəcə sizin suala cavab olaraq, mənə təsir edən kitabların adlarını çəkdim.
- Ədəbi mühit sizi qane edirmi? İçəridə kifayət qədər sıxlıq da var...
- Əksini deyərdim, əslində ortada böyük bir boşluq var. Ədəbi mühitdəki boşluğu görənlər qaçırlar ki, buranı mən dolduracağam. Əvvəllər kim boşanırdı, müğənni olurdu, indi kim boşanırsa gəlir yazıçılığa. Sual verəndə də deyir ki, bundan da böyük dərd olar, yazmaq lazımdır... Heç nə deyə bilmirsən. Adam hərdən üzünü o kişilərə, o qadınlara tutub demək istəyir ki, ədəbiyyatın xatirinə boşanmayın.
Bir də görürsən, gözəl bir qadın Feysbukda öz şəklini paylaşıb, üzərində də şeirini yazıb. Ağsaqqal kişilər də rəydə xanımın şəklini tərifləyirlər, şeirə fikir verən yoxdur. Həmin xanım 300-500 “bəyən” alır, özgüvən qazanır, başlayır şeir yazmağa....
Amma sürətli axın olmasına baxmayaraq, boşluğu doldurmaq mümkün olmur. Kimsə özünü yalnız bir müddətlik təsdiq edir.
- Sanki özlərini təsdiq edə bilməyənlər öz üzərlərində işləmək yerinə kənarla əlləşir, günahı öz içlərində axtarmırlar...
- Bizdə daha çox məsləhət vermək, ağsaqqallıq, ağbirçəklik etmək var. Deyirlər ki, filankəs yazmasa, filankəs mental düşünməsə daha yaxşı olar. Bizdə insanları öz içi ilə baş-başa buraxmaq yoxdur. Adam necə yazır-yazsın, bəlkə elə düşüncə ilə nəsə ortaya qoya biləcək? İnsanların düşüncələrinə də müdaxilə edilər...
- Haqlısınız. Niyə belə etdikləri haqda fikriniz varmı?
- Özlərini hamıdan daha ağıllı sayırlar. Ya da oxuduqları kitabların qəhrəmanlarından misal çəkirlər. Çalışırlar ki, bütün insanlar o qəhrəmana oxşasın. Ədəbiyyat həyatdan maraqlı olmasa da fərqlidir. Mən aksiyanın “Ədəbiyyat həyatdan maraqlıdır” şüarı ilə razı deyiləm.
- Sanki ədəbi mühitdə bir pessimist ruh dolaşır...
- Məncə, həyatı gülüş xilas edəcək, yaşamaq lazımdır. Ağlamaqla məsələni həll etmək olmur. Ağlamaqla bir insanı əldə edə bilmirsən, dünyanı necə əldə edəcəksən?! Bu, mümkün deyil.
- Bu düşüncə ilə sizin düşməniniz olmaz...
- Düşmənim yoxdur. Kiminləsə düşmənçilik etməyə hövsələm də çatmır. Unutqan olduğum üçün tez yadımdan çıxarıram.
- Yeni kitabınız haqda danışardınız...
- Kitabın özü var, adı yoxdur. Ümumiyyətlə, ad seçmək mənimçün həmişə problem olub. Ad seçə bilmirəm. Böyük bir povest və hekayələr var.
- Povest nədən bəhs edir?
- Həmin povestdə də mental problemləri qaldırmışam. İnsanın üzləşdiyi boşluğu açmağa çalışmışam. Bəzən insan hansısa boşluqla qarşılaşır. Bu boşluğu insanlarla doldurmağa çalışır, bir də ayılır ki, həyatı insanla doludur, boşluqsa hələ də qalır.
İnsanlar arasında boğulursan. Bu, mənəvi boşluqdur, bunu da hansısa enerjiylə, sevgiyə doldurmaq lazımdır.
- Ədəbiyyata iddianız dəyişib? Bir ara yazıçılığa iddialı olmadığınızı deyirdiniz...
- Hələ də bu fikrim dəyişməyib. Məsələn, elə dostlar var ki, “Nobel” haqda düşünürlər. Yəni, hədəfləri var, amma mənim heç bir hədəfim yoxdur.
- Sosial şəbəkələrdə də ədəbiyyat mövzuları tez-tez müzakirə edilir. Bu, artıq bir az da yorucu gəlir.
- Razıyam. Eyni mövzunu nə qədər danışmaq olar? Zənnimcə, hərdən susmaq lazımdır. Lap ciddi mövzularda da...