Azərbaycanlı stilist Samiraldo ( Samir Əliyev ) Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Bir neçə gün öncə sosial şəbəkədə xoş olmayan bir videon yayıldı. O görüntü ilə bağlı nə deyə bilərsən?
- Əslində bura gəlmədən öncə demişdim ki, bu mövzuda danışmayaq. Amma sonuncu dəfə bu video barədə açıqlama verirəm. Bu videonu mən cəmiyyət üçün paylaşmamışdım. Bu mənim cəmiyyətdən kənar zarafatlarımdır. Ancaq 2-3 nəfər arasında olan bir zarafatdır. Demirəm ki, bu zarafatı mən eləməmişəm. Bəlkə də bundan sonra 10 dənə də belə video yayıla bilər. Çünki mən 2-3 adamla bu cür zarafatlar edirəm. Əgər bu hərəkəti əvvəlki Samir Əliyev etsəydi, qəribə olardı. Amma bu hərəkəti özümçün yaratdığım Samiraldo obrazı edib. Samiraldo sadəcə bir obrazdı. Mən bu obrazla sevildim. Əvvəllər Samir Əliyev kimi tanınırdım. Bu ad mənə heç nə qazndırmadı. Amma Samiraldo obrazını yaradandan sonra bir çox şeylər qazandım. Samiraldo hər kəslə öz dilində danışan insandı. Əgər kimsə məninlə söyüşlə danışsa, mən də onunla söyüşlə danışıram. Bu o demək deyil ki, mən tərbiyəsiz insanam. İndi elə bir dövrdür ki, hər kəslə öz dilində danışmaq lazımdı.
- Hesab etmirsən ki, bu videoplanlı şəkildə yayıldı?
- Videonu yayan jurnalist düşünməlidir ki, ona onun anası, bacısı da baxa bilər. Mən güclü insanam. Əgər bu videoya görə ölsəydim, bunu yayan jurnalist məsuliyyətə cəlb olunardı. Yəni heç kimin ixtiyarı yoxdur ki, şəxsi videomu paylaşsın. Şükür edirəm ki, həmin videonu televiziyalarda vermədilər. Bu günə qədər heç bir sayta qadağa qoymamışam. Amma bu gündən sonra barəmdə xoş olmayan nəsə yazan sayt olsa, onlar barəsində hüquqi müstəvidə iş görüləcək.
- Çətin günlərində yanında kim olur?
- Açığı deyim, mən tək olanda daha güclü oluram. Hər zaman düşünmüşəm ki, yanımda dostum olsa, o nələrdəsə mənə mane olar, yolumu kəsər.
- Yəni həyatda dostun yoxdu?
- Mən yalnız Allahımla dostluq edə bilərəm. Bir də bu dünya ilə. İnsanlara inamım qalmayıb. Əbədi nə varsa, o mənim dostumdur.
- Hər zaman müsahibələrində deyirsən ki, içində 2 insan yaşadırsan. Biri Samir Əliyev, digəri isə Samiraldo. Samir əsl olan, Samiraldo isə sadəcə bir obrazdır. Haçansa bir dəfəlik Samiraldo obrazı ilə sağollaşmaq istəmirsən ki?
- Bu videom çıxandan sonra bir çox universitetlərdən professorlar, müəllimlər, hətta millət vəkilləri mənə zəng etdi. Söylədilər ki, sən bu videoya görə pis olma. Dedilər ki, sən bu obrazı özün yaratmısan. Bu obraz kloun obrazıdır. Mən düşündüm ki, mən nə SSR-i xalq artisti Nikulindən, nə də Papovdan əskik deyiləm. İndi mənim sənətim budur. Mən nə edim ki, bu gün pul qazanmaq üçün klounluq etmək lazımdır. Sənətim, şəxsiyyətim kənarda qalır. İllər öncəki Samirin heç nəyi yoxdu. Nə əldə etmişəmsə, Samiraldo obrazımla əldə etmişəm. Ev və maşın və daha nələr. Düz 40 il Samir olaraq əziyyət çəkdim, heç nə qazanmadım. Bu obraz mənə çox şeyləri qazandırdı.
- Hər il şou-biznesdə “Zövqlü” və “Zövqsüz” müğənnilərin adını açıqlayırsan. Hazırda kimlər zövqsüz geyinir?
- Məsələn sonuncu Xatirə İslam, Şəbnəm Tovuzlu və Damlanın konsertdə geyindiyi geyimlərə nəzər salsaq, Xatirənin geyimi daha zövqlü görsənirdi. Ən gözəl makiyaj, geyim Xatirədə alınmışdı. Amma orada elə mahnılar ifa etdi ki, o geyimlə uyğun gəlmirdi. Damla, Şəbnəm Tovuzlu çox zövqsüz geyinmişdi. İkisi də eyni rəngdə geyinmişdilər. Həddindən artıq eybəcər görsənirdi. Düşünürəm ki, stilist onu bəzəyəndə deməliydi ki, belə geyinmək olmaz.
- Samiraldo nə zaman özünü tənha hiss edir?
- Xəstələnəndə və bayramlarda. Hər bayramda stress keçirirəm. Stol açıram, dostlarımı dəvət edirəm, amma heç kim gəlmir. Axşam saat 12-ni evlərində qeyd edəndən sonra bizə gəlirlər.
- Uzun illərdən sonra ananı, bacını tapdın. Münasibətlərin qalır?
- Anam Türkiyədə yaşayır. Bacım da Bakıda. İstəsəm də belə əlaqə saxlaya bilmirəm. Çünki qəlbim sınıb. Məndə 40-42 ilin travması qalıb. İstəyirəm ki, onları bağışlayım, amma içimdən elə bir hiss gəlmir. Mənə qarşı ana, bacı sevgisi yoxdur.
- Hesab edirsən ki, normal ailədə dünyaya gəlsəydin, bu gün bu çətinliklərlə üzləşməzdin?
- Anam mənə dedi ki, səni 2,5 yaşında atmışıq. Bəlkə də bu taleni yaşamasaydım, tamam başqa bir insan olardım. Bu əziyyətləri görəndən sonra çox güclü insan oldu.
- Bir çox məşhurlar sağlıqlarında vəsiyyət yazırlar. Samir bu barədə düşünüb?
- Mən bilirəm ki, mənim qocalığım var. Düşünürəm ki, qocalanda mənə kim baxacaq? Arxamda maşınım, evim, bir az da pulum var. Bunları yalnız qocalığım üçün edirəm. Artıq qəbiristanlıqda da torpaq almışam. Hətta qəbrim də hazırdır. İndidən vəziyyətimi də etmişəm. Evimin, maşınımın kimə qalacağını da bilirəm, amma həmin adamın özünə də deməmişəm. Bunların hamısını yerbəyer eləmişəm. Vəsiyyətimi 2 il öncə etmişəm, amma bu günə qədər heç kimə deməmişəm. Vəsiyyət etdiyim adamın özünə niyə deyim ki? Deyim, o da mənim ölümümü arzulasın? Vəsiyyətim yad bir adamadır.