Hələ gənclik illərindən mənim jurnalistikaya dair fikirlərim yüksək olub. Çünki onlar tarixən cəmiyyətdə seçilmiş şəxslər olublar.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, il ərzində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə cəmi 25 nəfər qəbul edilirdi:
“Onlar çox seçilmiş insanlar olurdu. Həsən bəy Zərdabidən üzü bəri bu sahənin dahiləri olublar ki, onlar bu gün də çox böyük hörmətlə anılır. Ancaq artıq xeyli vaxtdır, hardasa 30 ilə yaxındır ki, jurnalistika sahəsində xoşagəlməz hallar çox olur. Bu da əsl jurnalistlərin, əsl peşə adamlarının, təmiz insanların işinə də, şəxsiyyətinə də xələl gətirir. Yəni, kimlərsə jurnalistikadan istifadə edir, jurnalistika adı ilə xoşagəlməz əməllərlə, qanunazidd işlərlə məşğul olur. Bax, sonuncu hadisə ilə bağlı yayılan məlumatda olduğu kimi vəzifəli, vəzifəsiz vətəndaşların şəxsi həyatına müdaxilə edir, şantaj xarakterli işlər görürlər. Təbii ki, bütün bunlar cəmiyyətdə yaxşı qarşılanmır”.
E.Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkədə jurnalistikanın inkişafı üçün böyük xidmətlər göstərib, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir:
“Respublikada azad sözün bərqərar olması, həmçinin, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər, atılan addımlar göz qabağındadır. Bax, bu səbəbdən mən bir vətəndaş kimi jurnalistika peşəsi ilə məşğul olan şəxslərin çox ciddi şəkildə qanunçuluğa əməl etmələrini istəyirəm. İnsanların şərəf və ləyaqətinin qorunmasına çalışmaq, cəmiyyətdə baş verən hadisələrlə bağlı dəqiq, doğru-düzgün məlumatlar yaymaq, dövlətçiliklə, təhlükəsizliklə bağlı məlumatların yayılmasında çox diqqətli olmaq lazımdır. Təbii ki, heç kim kiminsə, nəyəsə görə həbs edilməsini istəməz. Ancaq qanunu pozduqdan sonra həbs olur, cəza verilir. Özü də bu sonuncu həbs olunan tək deyil, bunlar bir dəstədir. Böyük də bir şəbəkə yaradıblar və bu xoşagəlməz işlərlə məşğul olurlar. Mən hesab edirəm ki, belə şəbəkələr getdikcə aşkar olunacaq. Müxtəlif istiqamətlərdə bu cür qanunazidd əməllərlə məşğul olanların sayı həddən artıq çoxdur. Bu saxlanılanlar onların az bir qismidir. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti, Mətbuat Şurası və digər müvafiq qurumlar bu işlərlə məşğuldurlar. Xoşagəlməz haldır, pislənilməlidir, belə hərəkətlər müqəddəs, ləyaqətli jurnalist adına, jurnalistika peşəsinə ləkədir”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi oktyabrın 27-də vətəndaş Rəhimov İkram Rafiq oğlunun həbsi ilə bağlı məlumat yayıb. Məlumata görə, sözügedən şəxs tabeliyində olan şəxslərlə birlikdə “reket” informasiya saytları yaradaraq müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplayıb. Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İ.Rəhimov oktyabrın 26-da şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.