Şabranda 25 yaşlı ruhi xəstə olan gənc "cinçıxarma" adı ilə döyülərək öldürülüb. Son zamanlar “cinçıxarma” kimi “müalicə” üsuluna tez-tez rast gəlinir. Doğrudanmı, bu yolla müalicə aparmaq mümkündür?
Alternativ təbabətlə məşğul olan Rafiq Cərullayev Teleqraf.com-a açıqlamasında deyib ki, belə üsulun nə tibbə, nə də dinə dəxli var: “Mən belə şeylərə inanmıram. Ən yaxşısı həmin insanları psixiatra, psixoloqa göstərmək lazımdır. Bu hallar şizofreniya ilə bağlı olur, bu da insanın düşdüyü mühitdən və yanaşma tərzindən asılıdır.
Belə insanlara valideynləri psixoloji cəhətdən düzgün istiqamət vermir, tək qalır və ya yaxını ölən adamların şüuraltı düşüncələrində psixoloji çevriliş olur. Ondan sonra başlayır ki, uzaqdan səs gəldi, məni çağırdılar və ya öz- özünə danışır.
Bunun üçün Avropada, Türkiyədə düşüncə müalicəsi var. İnsanlara hipnoz və təlqin seansları ilə köməklik edirlər”.
İlahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə, bəzi elmlər haram elmlər hesab olunur: “Məsələn, əgər nüvə tədqiqatından insanların kütləvi qırılmasına yönələn bomba istehsal olunursa, bu, haramdır. Amma islamda elektrik istehsalı üçün nüvə elminə icazə var. Mənəvi elmlərin arasında haram elm cadu, fala baxmadır. İslam cadunun təsiri olduğunu inkar etmir, amma bunlarla məşğul olmağı haram sayır.
Cinin insan bədəninə girməsi belə alimlər arasında mənfi qarşılanır. Cin insan bədəninə təsir edər, amma onun bədənə daxil olması qeyri-mümkündür. Dində cinlər də yaxşı və pis olaraq ikiyə bölünür. İnsanın hər hansı ruhi səviyyəsi normal olmayanda pis cinlər insanlara təsiri göstərir ki, bu zaman insan qorxudan cinin əmrini yerinə yetirir. Müəyyən dualarla pis cinlər, şeytan insandan uzaqlaşır. Allaha sığınmaq, dəstəmazlı olmaq, namaz qılmaq cinlərin insandan uzaq qalmasına səbəb olur”.
İlahiyyatçı deyib ki, bəzən televiziyada və ya sosial şəbəkədə cinçıxartma prosesi göstərilir ki, bu, sadəcə şoudur.
İlahiyyatçı Rauf Hüseyn deyib ki, “Qurani -Kərim”də ayrıca “Cin” sürəsi var.
Peyğəmbərin hədislərində cinin mövcudluğu qeyd edilir: “Dini qaynaqlara görə, şeytan adama təsir edə bilir, amma cinin insan ağlını əlindən alması və ya ağlını idarə etməsi kökündən yanlış məsələdir.
Ola bilər, insanda psixoloji gərginlik, yaxud problem olsun, bunun da tibbi müalicəsi var. Cin vurdu, bədəninə cin daxil oldu kimi iddialar islam nəzərində sadəcə xurafatdır”.
Psixiatr İlqar Əfəndiyev deyib ki, insanda hallusnasiya, sayıqlama, əsəb pozuntusu varsa, mütləq psixiatra müraciət etməlidir:
“Digər vasitələrdən istifadə xəstəliyin ağırlaşmasına gətirər. Həmin adam inacıldırsa, psixoloqa yönəldilməldir”.
Psixoloq Vəfa Rəşidova isə düşünür ki, ətrafımızda, cəmiyyətimizdə, iş yerlərimizdə, hətta üzdə olan tanınmış insanlar arasında ruhi problemlərdən əziyyət çəkənlər var:
“Əgər bir ailədə kimsə özü-özünə danışır, qeyri-adekvat hərəkətlər edir, başqasına qarşı şiddətə meyllidirsə, bu, artıq xəstəlikdən xəbər verir. Çox ailələr bu kimi halları görüb laqeyd qalırlar. Belə davranışları sərgiləyən insanlar mütləq həkimə getməlidir. İllərlə belə yaşayan insanlar var ki, ailə üzvləri onu həkimə, psixoloqa, psixiatra aparmırlar.
Cinçıxarma elmdə öz təsdiqini tapmayıb, reallığa uyğun düşüncə deyil. Belə insanlar psixozdan, nevrozdan, şizofreniyadan əziyyət çəkirlər.
Elm, klinik psixologiya, dinin özü belə bunu qəbul eləmir. Bu insanların ruhi xəstəlikdən qaynaqlanan fikirlərinin bəhrəsidir.
Maraqlısı budur ki, cəmiyyət buna inana-inana həmin evə gedir, cinçıxarmada iştirak edir. Və yaxud düşünür ki, cinçixarma prosesi xəstəni sağalda bilər. Halbuki həkimə, psixoloqa, psixiatra, nevropatoloqa müraciət etmək gərəkdir”.