14 Noyabr 2018 21:59
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfəri çərçivəsində Meksikanın Los-Ancelesdəki Baş konsulu Karlos Euqenio Qarsia de Alba Zepeda ilə görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, dövlət komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. Eyni zamanda ABŞ-dakı Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti müzakirə olunub.

Növbəti görüş San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminqlə baş tutub. Görüşdə Kaliforniyanın ən böyük şəhərlərindən olan San Dieqo ilə əməkdaşlığın zəruriliyi vurğulanıb. Tərəflər ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi üçün razılığa gəlib.

Səfər çərçivəsində Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə keçirilən görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında qısametrajlı film nümayiş etdirilib. Daha sonra Azərbaycanın Asiya ölkələri, xüsusilə Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti qonaqların diqqətinə çatdırılıb. Azərbaycan haqqında sual-cavab formatında baş tutan görüşün sonunda hər iki icmanın nümayəndələri Kaliforniyada öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etməyi qərara alıb.

Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə Heyətinin sabiq sədri (2017-2018), Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Riçard Sandlerlə də görüş olub. Görüşün əsas mövzusunu Azərbaycan və yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail əlaqələri, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi təşkil edib.

Nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən dövlət komitəsinin sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi barədə danışaraq, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər