”Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib.
Monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır.
Teleqraf.com siyahıda olan şadlıq evləri və restoranlara əlaqə saxlayıb.
“Yeddi gözəl” restoranından bildirilib ki, bu iaşə müəssisəsinin adı siyahıda olub, sonra cərimə ödəmilib və ad siyahıdan çıxarılıb.
“Çanaqqala” restoranından verilən məlumata görə, hazırda burada nazirliyin tələblərinə uyğun qurğular quraşdırılır, iş yekunlaşmaq üzrədir.
Daha sonra restoranın müdiri olduğunu deyən Malik adlı şəxs redaksiyaya zəng vuraraq deyib ki, cərimə ödənilib, müvafiq avadanlıq quraşdırılıb: ”Müqaviləmiz də var, gəlib baxa bilərlər. Bizim nə günahımız var ki?”
“Gilavar” şadlıq evindən Səlim bəyin sözlərinə görə, hava təmizləyici qurğular alınıb, nazirlik də gəlib baxıb: “Bizim aparatımız hazırda şadlıq evinin ərazisindədir. Toylarımız olduğuna görə hələ quraşdırılmayıb. Biz toyu necə dayandıraq? Vaxt verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib aparatın şəklini çəkiblər, aparatı görüb bizi necə məhkəməyə verə bilərlər?”
“Şahzadə”şadlıq evində məsələdən xəbərsizdirlər. İnzibatçı olduğunu bildirən Orxan bəy deyib ki, müvafiq sənədləşmə işləri görülüb: “Hava təmziləyici qurğu quraşdırılmayıb, amma müqaviləmiz var, bu ayın axırına qədər gətirib quraşdırmalıdırlar. Nazirliklə danışığımız olub, avadanlığın qəbzini almışıq. Niyə məhkəməyə verirlər, biz indi nə edək? Günahımız yoxdur, quraşdırma işlərini mütəxəssislər çatdıra bilmirlər, şadlıq evləri çoxdur. Şirkətlə razılaşmışıq, günah onlardadır ki, bizi gecikdirirlər. Xəbərdarlıq alandan quraşdırma işini görən şirkətə demişik, cavab veriblər ki, siz 20-ci sıradasınız”.
“Çıraq” restoranının da məsələdən xəbəri yoxdur. Özünü restoranın sahibi kimi təqdim edən Rüstəm müəllim deyir ki, qurğularımız hazırdır, quraşdırma aparılır.
“Meşəbəyi” restoranından dedilər ki, bizdə qurğular var.
“Şır -şır” restoranından Orxan adlı şəxs bildirib ki, məhkəmədən xəbərləri yoxdur: “Amma bizdə qurğular quraşdırlıb”.
“Eliza” restoranından adını demək istəməyən şəxs: “Bizim müqavilmiz var, avadanlıq quraşdırılır, bütün xərcləri çəkmişik. İşlər görülüb, filtrlər Türkiyədən iki günə Bakıya gəlib çıxır. Sifariş olunub, pulu ödənilib, filtrləri gözləyirik”.
Qeyd edək ki, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməkdə davam edərək əhalinin haqlı narazılığına səbəb olan obyektlər barəsində də cərimə tətbiq edilməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsadət qaldırılacaq.