23 Noyabr 2018 09:01
4 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizə rəsmən qış fəsli gəlməsə də, hava soyuyub və belə iqlim şəraitində insanlar adətən yaxşı qidalanmağa çalışırlar.

Teleqraf.com bununla bağlı həkim-diyetoloq Şəfa Yadigarova ilə müsahibəni təqdim edir.

- Şəfa xanım, orqanizmi güclü saxlamaq üçün qış aylarında hansı qidalara üstünlük vermək lazımdır?

- Biri var payızdan qışa, biri də var qışdan yaza keçəsən. Vitamin çatışmazlığı daha çox yaz fəslində olur. Qışa çatanda isə biz kifayət qədər vitaminlər almışıq deyə immun sistemimiz nisbətən müqavimət göstərə bilir. Amma insanlar qışda havada az olur, günəş şüası az alır deyə immun sistemi zəifləyir, tez- tez yoluxucu xəstəliklərə, əsasən də yuxarı tənəffüs yollarının xəstəliklərinə uğrayırlar. Ona görə də vitaminli, əsasən də C vitamini daha çox olan meyvə-tərəvəzlərdən istifadə etsinlər. Çünki C vitamini immun sisteminə və qanın keyfiyyətinə müsbət təsir edir. Meyvə-tərəvəzlərlə yanaşı, onların şirələrindən də istifadə etmək olar.

Amma şirələri su ilə həll edib içmək daha məsləhətlidir. Çünki artıq çəkidən, piylənmədən əziyyət çəkən insanlara meyvə şirələrini məsləhət görmürük. Tərəvəz şirələrindən istifadə mümkündür, çünki onların şirəsi daha faydalı və effektlidir.

- Havalar soyuyan kimi insanlardan tez-tez “necə də xəngəl havasıdır” sözlərini eşidirik. Nədənsə soyuq aylarda xəmir xörəkləri daha çox yeyilir...

- Ümumiyyətlə, fəsildən asılı olmayaraq xəmir xörəklərinə üstünlük verməyi sevmirəm. Xəngəl xəmir yeməyidir, insanın qışda hərəkətliyi azdır, amma xəmir xörəyin kalorisi artıqdır. Ona görə də qış fəslində insanlarda kökəlmə daha sürətlə gedir.

Əgər qış fəslində isti yemək istəyirlərsə, şorbalardan, qarabaşaqdan istifadə faydalıdır. Yəni daha çox buğda məhsullarından istifadə məsləhətdir. Çünki onlar enerji mənbəyidir, artıq kilo vermir, tərkibi B qrupu vitaminlərlə zəngindir. Həm də yaza çıxanda bu insanlar artıq kilolarla üzləşib depressiyaya düşmürlər.

- Qış gələndə bəzi insanlar düşünürlər ki, mayeni də azaltmaq lazımdır. Normalda gündə 1.5-2 litr su içməyə davam etməliyikmi?

- Belə yanaşmanı düz hesab eləmirəm. Düzdür, qış fəslində insanlar nisbətən az hərəkətdə olduğu üçün az tərləyir, bir çox adamlar sudan az istifadə edirlər. Çünki su soyuq olur deyə içmək çətinləşir. Mən məsləhət görürəm, yay-qış fərqi yoxdur, suyu ilıq olaraq, daha çox günün birinci yarısında içsinlər. Çünki axşama doğru böyrəklərin fəaliyyəti nisbətən zəifləyir və bu zaman suyu azaltmaq lazımdır. Yenə də insanın individuallığı nəzərə alınır. İnsan var bədən ölçüsünə görə 2 litr, yəni 6 stəkan su lazımdır, insan var da var 10 stəkan su içməlidir. İnsan var çox, insan var az hərəkətlidir.

Eyni zamanda tərləmək də insanın fiziologiyasına görə dəyişə bilər. Qəti demək olmaz ki, adam yayda nə qədər su içirdisə, qışda da o qədər içməlidir.

- Bəzi insanlar suya limon, zəncəfil əlavə edərək içir, sizin xüsusi bir reseptiniz varmı?

- Zəncəfil özü immun sisteminə təsir edir, tərkibindəki maddələr soyuqdəyməni bədəndən çıxarır. Amma nəzərə almaq lazımdır ki, bir insanın mədə problemi, mədə xorası varsa, zəncəfil faydalı olmaz, əksinə fəsad verər. Səhər qara çaydansa yüngül olaraq zəncəfil, mixək, darçın, nanəni qarışdıraraq çay içməyi məsləhət görürəm. Bununla həm metabolizmanı gücləndirir, həm həzm prosesinə müsbət təsir edirsiniz, həm də bu qarışıq piylərin yanmasına kömək edir. İltihab əleyhinə də faydalıdır.

- Bəziləri internetdə diyet proqramı götürür, hansısa diyet proqramı bir nəfərə müsbət təsir edirsə, o diyeti təkrarlamaqla arıqlamağa çalışırlar. Bu, doğrudurmu? Hamı üçün eyni proqram ola bilərmi?

- Yox, hətta ola bilər, bir proqram bir insana bir il öncə kömək edər, bir ildən sonra ona düşməz. Çünki insanın fiziologiyası, hormonol sistemi, metabolizmasının fəaliyyəti dəyişir. Ona görə də bu ərəfədə hansı proseslər gedir, fikir vermək lazımdır. Hər insana fərdi yanaşma tələb olunur. Hətta bir ailədə eyni diyet övlada effekt verər, anaya yox. Çünki hər insanın öz problemləri var. Artıq çəki problemi nə ilə bağlıdır, birinci növbədə onu araşdırmaq lazımdır. Sonra insanın probleminə uyğun diyet proqramı tətbiq olunur.

- Çoxları 1 həftə, 10 gün hər şeydən imtina edərək sürətlə arıqlamağa çalışır. Belə sürətli arıqlama düzgündümü?

- Həyati təhlükə yoxdursa, böyrək köçürmə əməliyyatı aparılmırsa, sürətli arıqlamaya ehtiyac yoxdur. Əgər insan sağlam şəkildə arıqlamaq istəyirsə, aydın məsələdir ki, birdən-birə kilo verdiyi kimi, eyni sürətlə də kilosunu geri alacaq. İnsan var ac qalır arıqlayır, insan da var hansısa mono-məhsul, məsələn, yalnız alma, xiyar, qatıqdan istifadə edir və ya internetdən resept götürərək arıqlayır. Belə insanlar çəki atdıqlarını düşünür, nəticə aldıqları üçün də sevinirlər. Amma düşünmürlər ki, arıqlayanda baxmaq lazımdır, kilo nədən gedir... Əgər əzələdən gedirsə, nə qədər çəki itirirsənsə, ikiqat kilo alırsan, çünki əzələ kütləsini itirmiş olursan. Orqanizmin yağları da ilk növbədə əzələ kütləsində yanır. Bu insanlar bilmədən, maariflənmədən, ac qalaraq arıqlayanda birinci növbədə əzələdən itirirlər.

Sonra insanlar təkrar bu diyeti etsələr də nəticə vermir. Çünki orqanizmin belə bir proqram var ki, baş verəni yaddaşında saxlayır və təkrarlandıqda ona reaksiya vermir. Orqanizm düşünür ki, bu gün məni ac qoyurlarsa, sabah da ac qalacam, ona görə də yediyini ehtiyat yağ kütləsinə çevirir.

Bu səbəbdən orqanizmin müəyyən fiziologiyası var ki, ona riayət etmək lazımdır, bunun üçün də bu sahəni bilən həkim-diyetoloqlara getməyi məsləhət görürəm.

- Şəfa xanım, çox adam diyet zamanı çörəkdən imtina edir. Çörəyi rasiondan çıxarmaq düzgündürmü?

- Çörəklərin növləri var. Mən ağ çörəkdən istifadəni ümumiyyətlə məsləhət bilmirəm. Çünki o, tamam aşılanıb və tərkibindəki maddələrdən, vitaminlərdən məhrum olub. Onun tərkibində şəkər, heç bir keyfiyyəti olmayan təmizlənmiş un, bir də yağlar olur. Aşılanmadığı üçün qara çörəkdən və ya çovdar çörəklərindən günün birinci yarısı istifadə etmək məsləhətlidir. Yox, çörəkdən istifadə etmirsinizsə, onda başqa buğda məhsullarından – qarabaşaq, yulaf, bulqur, qara, boz düyüdən istifadə etmək lazımdır. Bunları rasiondan çıxarmaq olmaz, çünki orqanizmə kifayət qədər karbohidrat gərəkdir. Ancaq qəliz karbohidratlardan istifadə olunmalıdır ki, bunlar həm orqanizmə enerji verir, həm də vitaminlərlə zənginləşdirir.

Karbohidratlar bizim enerji mənbəyimizdir. Kifayət qədər karbohidratlar olmadıqda yağların yanması prosesi baş vermir.

- Çox adam diyet zamanı yağsız yeməklər yeyir...

- Yağların heyvan və bitki mənşəli növləri var. Eyni zamanda yağlar doymuş və doymamış olaraq iki yerə bölünür ki, bunlar çox önəmlidir. Qida hazırlananda yağlar keyfiyyətini dəyişir, trans yağlar əmələ gəlir və kansoregen faktora çevrilir. Yağ yandıqda onkoloji xəstəliklərə gətirib çıxarır.

Diyet proqramlarında mütləq yağlar lazımdır, çünki yağlar olmadıqda sizin ödünüz kifayət qədər ifraz olunmayacaq, bu da öd daşlarına, öddə durğunluğa, böyrək daşlarına, qəbizliyə gətirib çıxara bilər. Bağırsağın pozulması nəticəsində bu insanlar aylarla, illərlə kilo vermirlər, versələr belə birinci növbədə öd daşları ilə üzləşirlər.

Bir çox diyet saxlayan adamlar öd daşlarından xəstəxanaya düşürlər. Ona görə də insanlar bilməlidirlər ki, hansı yağlardan nə şəkildə, günün hansı saatında istifadə etmək lazımdır.

- Şəfa xanım, təkcə idman və ya diyetlə arıqlamaq olarmı?

- İkisinə bir yerdə əməl etmək lazımdır. Fiziki aktivlik olmalıdır. Vacib deyil insan idman zalına getsin. Əgər insanın çəkisi artıqdırsa və intensiv şəkildə idmanla məşğul olursa, birinci növbədə onun sümük, oynaq sistemi zədələnir. Ola bilər, onda oynaq problemləri var, özü bilmir, bu adam gedib idman edir, qaçır və daha böyük bir problemlə üzləşərək bizə müraciət edir.

Mən arıqlama dövründə hər insana uyğun idman növləri tövsiyə edirəm. Daha az zədələyən, həm də qocalmaya əks olan idman növü ilə məşğul olmağı gərəkli sayıram. Məsləhət görürəm ki, insan hərəkətli olsun. Söhbət ondan getmir ki, adam hansısa idman növüylə məşğul olsun, o, heç olmasa gün ərzində müəyyən hərəkətdə olmalıdır. Ola bilər, bir insanın çəki problemi yoxdur, o da sağlam qidalana və ya hər hansı idman növündən rahat istifadə edə bilər.

Düşünün, bir insan 120-140 kilodursa, elə bil, üzərində 40-50 kilo artıq yük daşıyır, bu, həm onurğasına, həm də oynaqlarına ağırlıq salır. Belə insanlara çəkisinə uyğun ağır idman növü məsləhət görürük. Tədricən bu insanlar yükləməni artıraraq, sonradan idman növündən istifadə edə bilər. İlkin növbədə yalnız gəzinti və sağlam diyet proqramı etməlidirlər.

- Həkim, çox adam axşam yeməyindən imtina edir. Axşam yeməyi artıq çəkiyə səbəb ola bilərmi?

- Bir adam gecə saat ikidə, üçdə yatırsa, aydın məsələdir ki, axşam yeməyini 7-də yeyib deyə ac qala bilməz. Yeməklərinin miqdarını müəyyən qədər azaldaraq, axşama elə az kalorili yemək salırıq ki, çəki problemi yaratmasın.

- Bəs diyet zamanı psixoloji amilin rolu necədir?

- Biz diyetoloqların əsas vəzifələrindən biri də pasiyentin psixoloji durumunu bilmək və onun probleminin nədən irəli gəldiyini tapmaqdır. Problemə baxışı dəyişmək lazımdır. Biz psixoloji yardım edirik ki, insan həyatı dəyişə bilmirsə, faktora baxışını dəyişsin. Köməkdən sonra onda ümidi yaranır ki, mən kilolardan azad ola bilər, komplekslərdən, ailə problemlərindən, depressiyadan çıxaram. Bir də insan nəticə gördükcə, tədricən ümidlənir, bu isə onun psixoloji durumuna çox müsbət təsir edir.

Uşağa öz ailəsi mütləq psixoloji dəstək olmalıdır, onu çəki problemi yaradan müəyyən qidalardan uzaq saxlamaq vacibdir. Böyüklərə də ailə üzvləri dəstək verməlidir, o qidalar evə az gətirilməlidir.

İnsanda dad hisləri 21 günə dəyişir, ona görə də 21 gün insanlara çətin olur, sonra öyrəşir. Hətta illərlə yemədiyi qidalara da öyrəşib yeyə bilər. Hər kəs özünə və ona dəstək verən insanlara inanmalıdır.

- Siz hansı məşhurları arıqlatmısınız?

- Xoşqədəm Baxşəliyev indi arıqlayıb, onunla gözəl nəticə aldıq. Müəyyən kilolardan illərlə qurtula bilmirdi, bizim diyet proqramlarla nəhayət ki, artıq çəkidən qurtuldu, indi ideal formadadır.

İdmançılarla, Azərbaycanın yığma komandaları, dünya və Avropa çempionları ilə həddindən artıq çox işləyirəm. Onu da deyim ki, idmançılarla işləmək çətindir.

Samirə xanım, Xəyyam Nisanov, Avropa çempionu Ayxan Mamayevlə işləyirəm. Efirdən gördükləriniz bunlardır, qalanlarını isə deyə bilmərəm.

- Hər hansı diyet proqram deyə bilərsinizmi ki, oxucularımız ondan istifadə etsinlər?

- Mən proqram deyərəm hamı gedib istifadə edər və nəticə görməz. Ya da hər hansı problemi var, ziyan görər. Amma hər zaman dediyim kimi şəkərdən, sadə karbohidratlardan, duz məhsullarından və konserv olmuş qidalardan, qazlı içkilərdən uzaq olsunlar. Fərqi yoxdur, kilo problemi olmayan insanlar da, sağlamlıqlarına görə bu qidalardan imtina etsələr daha yaxşı olar.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər