ABŞ-da ənənəvi olaraq ildə bir dəfə “Qara cümə” günü keçirilir. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. "Qara cümə" günü 2013-cü ilin dekabrın 6-dan Rusiyada da həyata keçirilir. Amma ABŞ-dan fərqli olaraq burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir.
Azərbaycanda da son illər bu ənənə yayılmağa başlayıb və bir neçə mağazalar bu gündə endirimlər edir.
Bəs Azərbaycanda endirim siyasəti əsasən nə zaman həyata keçirilir və milli ənənə formalaşa bilərmi?
Teleqraf.com-un suallarını iqtisadçı Samir Əliyev cavablandırıb.
Onun sözlərinə görə endirimlər bütün ölkələrdə qeyd olunur və bu, bir qayda olaraq bayram ərəfəsində olur:
“ Xüsusi günlər, yeni il ərəfəsi və fəsil dəyişiləndə və “Qara cümə” vaxtı endirimlər olur. Azərbaycanda endirim siyasəti çox da inkişaf etməyib, amma təcrübədə tətbiq edilməyə başlanıb.
Endirimin birinci səbəbi mövsümi xarakter daşıyır. Fəsil dəyişən ərəfədə, misal üçün indi qış gəlir, payız fəsli bitmək üzrədir, yay və payız mallarına endirim olur. Çünki mağaza görür ki, malları satılmayacaq, endirim edir ki, tez satılıb qurtarsın.
Səbəblərdən biri də, mağazanın marketinq siyasətilə bağlıdı. Alıcıları cəlb eləmək üçün endirim edilir ki, onlar daim bu mağazanı nəzərdə saxlasın, sonra gəlib tez-tez endirimlə maraqlansınlar.
Yaxud da beş ədəd mala endirim edir, 10-u endirimsiz olur, müştəri gəlib həm endirimdə olanı və həm də endirimsiz malı alır. Beləliklə, endirimlərlə mağazaya müştəri cəlb edir.
Növbəti səbəb isə mağazanın bağlanması ilə bağlıdır. Bu zaman mağaza sahibi öz malalarını əhəmiyyətsiz dərəcədə aşağı salır.
Bunun üstünlüyü odur ki, mağaza satış edə bilmir və ya alver zəif olur. Belə olan halda endirim hesabına öz gəlirinin bir hissəsindən imtina edərək malları aşağı qiymətə satır ki, müəyyən mənada mənfəət əldə edə bilsin”.
Endirimlərin iqtisadiyyata təsirindən danışan iqtisadçı deyib ki, nə qədər satış olsa, iqtisadiyyata da xeyri var:
“Büdcəyə vergi gəlir, daha çox pul dövr edir və bununla da iqtisadi aktivlik artır. Sahibkar malın satırsa, deməli o, istehsal etməkdə davam edəcək. Hər bir halda alıcılıq qabiliyyətinin yüksək olması, alışın artması iqtisadiyyat üçün müsbət haldır”.
S.Əliyev süni endirimlərə də münasibət bildirib:
“Azərbaycanda belə hallar var, amma onu sübut etmək çətindir. Ona görə ki, misal üçün, hər hansı mağazada 50 faiz endirim yazılıbsa, əvvəl yüz manat olan mal indi 50 manata satılır deməkdir. Onu yoxlamaq üçün bilmək lazımdır ki, doğrudan da 1 ay qabaq 100 manat olub. Real qiyməti yalnız bunu izləyən adamlar bilər. Burda artıq istehlakçıların aldadılması məsələsi ortaya çıxır, bu da istehlakçıların hüquqlarını müdafiə edən qanuna birbaşa ziddir və bunu edən dükan mütləq cərimələnməlidir”.
“Niyə bizim milli bayramlarda endirim olmur?” sualına isə ekspert “bizdə bayramların sayı xarici ölkələrə nisbətən çoxdur, buna görə də endirim etmək mağazaya sərf eləməz”, deyib.
O bildirib ki, endirim siyasəti bizə daha çox Qərbdən gəlir: ”Bizdə əks proses baş verir, bayramlarda qiymətlər artır. Ənənə xaricdən gəldiyinə görə də xaricdəki ideyaları götürürük. Ona görə də “Qara cümə”də, Yeni ildə endirim edirik. Misal üçün, Novuz bayramında ona görə endirim etmirlər ki, xaricdə bu bayram yoxdur.
Digər tərəfdən, diqqət yetirsək, endirimlər daha çox xarici brendlər olan mağazalarda olur. Ona görə də istər-istəməz bunu xaricin siyasəti kimi qəbul edirik.
Amma bizdə qiymətlər qalxır, ərzaq, meyvə-tərəvəzə istehsalımız olsa da, paltar istehsalımız yoxdur ki, Novruz bayramında qiyməti aşağı salaq. Xarici ölkələr üçün isə bu maraqlı deyil. Olsa da çox cüzi, tək -tük rast gəlinir”.
S.Əliyevin fikrincə, mağaza əslində bayramlara xüsusi günlərə baxıb endirim etsə, onun özünə xeyirdir, alıcılıq artanda, dövriyyə də artır:
“Yəni 10 köynək satıb hərəsindən 10 manat qazanırsa, 5 manatdan 30 köynək satıb100 yox , 150 manat qazana bilər. Bizdə mala baha qiymət qoyulur, ya satılar, ya satılmaz. Bu baxımdan mağaza həm də konkret tarixlərdə yox, öz imkanına uyğun olaraq endim eləsə, alıcıların diqqət mərkəzində olar”.