4 Dekabr 2018 10:54
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin iclasında iştirak etmək üçün Ermənistan paytaxtına gedən Azərbaycan nümayəndə heyətinin üzvləri əleyhinə sosial şəbəkələrdə sərt fikirlər yazılır. Hətta bir sıra hallarda bu münasibət tənqidin sərhədlərini aşaraq təhqirə keçir.

Məlum olduğu kimi, qurumun iclasında iştirak edən Azərbaycan nümayəndə heyətində Milli Məclisin üzvləri Eldar Quliyev və Əflatun Amaşov olub. QDİƏT-nın baş katibi Asəf Hacıyev də iclasda iştirak üçün İrəvanda olub. Ancaq hücumlara daha çox məruz qalan deputat, Mətbuat Şurasının sədri Ə.Amaşovdur. Buna səbəb onun həm də İrəvandakı tarixi memarlıq abidəmiz olan “Göy” məscidə baş çəkməsidir. Azərbaycanın tarixi şəhərindəki məsciddə olan Ə.Amaşov əməkdaşımıza deyib ki, məsciddə Azərbaycanımız, həmçinin tarixi torpaqlarımızın işğaldan azad olunması üçün dualar edib və burada qəbahətli heç nə görmür.

Bütün bunlara rəğmən İrəvana gedən deputatların, xüsusilə də Ə.Amaşovun hücumlara məruz qalması suallar doğurur. Düzdür, Ermənistan işğalçı ölkədir və bu ölkə ilə diplomatik və ya digər sahələrdə əlaqələrimiz yoxdur. Ancaq beynəlxalq təşkilatların çətiri altında keçirilən tədbirdə iştirakdan imtina etmək Azərbaycan üçün məqbul sayılmır. Ə.Amaşov və digər deputatlarımız da məhz bu prinsipə uyğun şəkildə İrəvana gediblər. Keçirilən tədbirdə bayrağımızın masa üzərinə tərsinə qoyulması da geniş müzakirə olundu və Ə.Amaşov bunu da təkzib etdi. Amma yenə də müzakirələr bitmir. Ə.Amaşov İrəvana getməklə, yaxud məscidi ziyarət etməklə yanlışmı addım atıb, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu haqda nə düşünür, deyə, onlara müraciət etdik.

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı “Yeni Müsavat”a dedi ki, Azərbaycan nümayəndə heyətinin QDİƏT PA-nın İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirakı bəzilərinin “düşmən ölkəyə getməmək xəyanətdir” kimi absurd iddialarının əksinə olaraq, diplomatik baxımından böyük uğur hesab olunmalıdır: “Çünki sessiyanın gedişini izləyən hər kəs gördü ki, İrəvanda, işğalçı ölkənin özünə paytaxt etdiyi Azərbaycan şəhərində azərbaycanlı deputatlar Ermənistana lazımi cavablar verdilər. Xüsusilə ermənilərin QDİƏT PA-nın 25 illiyi münasibətilə yubiley medalı vermək istəyi iflasa uğradı. Azərbaycan, o cümlədən Gürcüstan, Ukrayna və Türkiyə də ermənilərin medalından imtina etdi. Məlumdur ki, bu ölkələrin medaldan imtina etməsində Azərbaycan faktoru böyük rol oynayıb. Təsəvvür edin, Azərbaycan nümayəndə heyəti İrəvana getməsəydi nə olacaqdı? Şübhəsiz ki, ermənilər diplomatiya sahəsində bundan Azərbaycana qarşı istifadə edəcəkdi. Böyük ehtimalla, Ermənistanın ”medal oyunu" da baş tutmuş olacaqdı. Yəni məsələyə səthi yanaşmaq doğru deyil, dünyanın indiki şərtlərində bir çox şey işğalçının qarşısında belə əsəblərin cilovlanması və diplomatik manevrlərin edilməsi ilə həll olunur. Necə ki, Azərbaycan nümayəndə heyəti bunu İrəvanda etdi. Sessiyada QDİƏT PA-nın sədri, azərbaycanlı deputat Asəf Hacıyevin medal məsələsində israr edən Ermənistan parlamentinin spikeri Ara Babloyana cavabı da hər şeyi çılpaqlığı ilə ortaya qoydu".

A.Camalqızının fikrincə, bu, Azərbaycanın işğalçı ölkəni öz evində məğlubiyyət etməsi idi: “Lakin bundan daxili siyasətdə sui-istifadə etmək istəyənlər səthi mövqelərlə bu uğuru ört-basdır etməyə cəhd göstərir. Və bu ”daxildən zərbə" vurmaq oyununu da nümayəndə heyətinin tərkibində İrəvana gedən, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun üzərində cəmləşdirməyə çalışırlar. Mən bunu daxili siyasətdə sui-istifadə adlandırıram, çünki məsələni gündəmə gətirən və sosial şəbəkələrdə dövr etdirənlər iqtidara, bir çox hallarda dövlətə qarşı çıxan qruplardır. Təbii ki, bu prosesdə hisslərə qapılıb iştirak edənlər də var, lakin məsələnin kökü məhz həmin qruplardan qaynaqlanır. Əslində Əflatun Amaşova hücum bir şəxsin üzərindən Azərbaycan iqtidarına hücumdur. Bu şübhəsiz belədir".

Holdinq rəhbəri qeyd etdi ki, Əflatun Amaşovun İrəvanda “Göy” məsciddə olması və dua eləməsi ən doğru və bəlkə də “informasiya müharibəsi”ndə ən mühüm detaldır: “Hesab edirəm ki, Əflatun Amaşov tarixi torpaqlarımızda Allaha dua eləməsi ilə həm İrəvanın tarixi Azərbaycan torpağı olduğunu və erməni işğalına qədər tarix boyu burada müsəlmanların Allaha ibadət etdiyini dünyaya əyani şəkildə nümayiş etdirdi, həm də İslam aləminə müsəlman torpaqlarının işğalda olduğunu göstərdi. Bu gün Əflatun Amaşova və onun üzərindən Azərbaycan dövlətinə hücum edənlərin hansısa bu dövlət, bu millət üçün bunu edibmi?! Təbii ki, yox. Ona görə də deyilənlərə və yazılanlara əhəmiyyət verməməyin tərəfindəyəm”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında Ə.Amaşovun üzərinə gedənlərə aşağıdakı arqumentlərlə cavab verdi: “Sosial şəbəkələrdə, ayrı-ayrı internet resurslarında erməni təxribatlarına qarşı səssiz qalanların, bircə dəfə də olsun tutarlı, əsaslandırılmış movqe nümayiş etdirə bilməyənlərin, faydalı iş əmsalı ”0"dan aşağı olanların indi də bütün keyfiyyətlərinə görə onlarla əks qütbdə dayanan bir Azərbaycan vətəndaşını - Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovu hədəfə almaları məni qətiyyən təəccübləndirmir. Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı ucuz “qəhrəmanlıq” şoularını, Allaha şükür, bu günə qədər kifayət qədər görmüşük. Və bu təfəkkür bizə kifayət qədər ziyan vurur, siyasi texnologiyaları yaxşı bilən, iş görməyi bacaran adamları həvəsdən salır, bəzən isə ümumiyyətlə, iyrəndirir. Qarabağın azadlığına, erməni məsələsinə Akif Nağı təfəkkürü və ondan daha bəsit, bəzən qurşaqdan aşağı metodlarla yanaşılması həddən artıq ziyanlıdır".

E.Mirzəbəyli qeyd etdi ki, Ə.Amaşov İrəvanda keçirilən beynəlxalq tədbirə qatılıb və bu onun millət vəkili kimi görəvidir: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın maraqları var və ölkəmiz bu təşkilatın işində fəal iştirak etməklə öz siyasi və iqtisadi maraqlarını qoruyur. Əflatun Amaşov İrəvanda “Göy” məscidin qarşısında şəkil çəkdirib və məsciddə namaz qılıb və çox yaxşı edib. Bu məscidi dağıdanlara da, onu yenidən tarixi həqiqətləri təhrif etməklə bərpa edənlərə də oranın azərbaycanlılara məxsusluğunu, dindən siyasi məqsədlər üçün istifadə edənlərə İslamın Azərbaycan xalqı üçün siyasi manipulyasiya vasitəsi deyil, yüksək mənəvi dəyər olduğunu xatırladıb və çox doğru addım atıb. Onun qarşısındakı bayraqda mavi, yaxud yaşıl rəngin yuxarıda olmasından daha çox, bayrağın orada olması daha önəmlidir”.

MŞ İdarə Heyətinin üzvü əlavə etdi ki, bu məsələ ilə bağlı populist şüarlara da son qoymaq lazımdır: “Mənim üçün Azərbaycan bayrağı adına, Azərbaycanı simvolizə edən hər hansı bir rəmzin Dağlıq Qarabağda, İrəvanda dalğalanması daha vacibdir, nəinki onun necə asılması. Qoy Azərbaycan əsgəri bayrağımızı Xankəndinə, Şuşaya sancsın, yaşıl rəng də yuxarıda olsun. Önəmli olan niyyətdir, əməldir. Ayıbdır, vallah. Utanın! Təhqirin, söyüşün iki başı var, bunu heç kim unutmasın. Azərbaycan üçün hər cür fədakarlığa hazır olan insanları bu qədər əxlaqsız üsullarla şərləmək, aşağılamaq heç bir çərçivəyə sığmır. Hesab edirəm ki, bu məsələdə Əflatun Amaşovu təkcə media cameəsi, vətəndaşlarımız deyil, hüquq da müdafiə etməlidir. Bu təhqir kampaniyasını başladanlarla qanunun dili ilə danışmaq lazımdır”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, Ə.Amaşovun İrəvanda olub məscidi ziyarət etməsinə irad bildirənlərə iki istiqamətdə cavab vermək olar: “Birinci tərəfi məsələnin ruh halıdır. Hər halda, özünü azərbaycanlı sayan hər bir şəxsin qəlbində Şuşa, Xankəndi, Cəbrayıl və başqa onlarla şəhərlərimiz kimi, bir İrəvan yanğısı, İrəvan həsrəti də var. Bu torpaqlar kimi, orada yaşamış və dünyasını dəyişmiş soydaşlarımızın, dədə-babalarımızın, ana-bacılarımızın ruhları da, məscidlərimiz də, dini inanclarımız da işğaldadır, narahatdır. Yaranmış ani fürsətdən istifadə edib burada hansısa təsadüfdən saxlanılmış abidəni, məscidi ziyarət etməmək, orada bir kəlmə Azərbaycan sözü işlətməmək, dua etməmək necə olardı?! Bu anın həyəcanını anlamaq üçün insanda milli ruh, milli düşüncə, yurd həsrəti olmalıdır. Əflatun Amaşova irad bildirənlər, görünür, bu ruhdan uzaqdırlar. Belələrinə Amaşovun nə üçün İrəvanda məscidə getməsini izah etmək üçün, gərək əvvəlcə onlara din nədir, iman nədir, milli ruh nədir, torpaq sevgisi, yurd həsrəti nədir deyə bir kurs keçəsən! Əgər bir ömür boyu bunu anlamayıblarsa, indi bizim bir müsahibədə anlatmağımız yetməz, deyə düşünürəm”.

M.Ələsgərli bildirdi ki, məsələnin ikinci tərəfi siyasi təbliğatla bağlıdır: “Guya ki, Əflatun müəllimin İrəvanda varlığını qorumuş tək məscidə getməsi, dua etməsi ”İrəvanda müsəlman məscidi qorunub saxlanılır" deyə rəy formalaşdırır. Kökündən yanlışdır. Çünki Əflatun müəllim həmin şəklin yanında geniş status yazıb. İrəvan məscidinin azərbaycanlı xan tərəfindən tikilməsi, ermənilər tərəfindən dağıdılması, soydaşlarımızın orada necə işgəncələrə məruz qalması, məscidin niyə restavrasiya olunması barədə geniş izah yazıb, erməniləri vandalizmdə qınayıb. Paylaşdığı statusda heç bir boşluq qoymayıb ki, kimsə onu oxuyanda yanlış rəyə gəlsin. Bu baxımdan bu mövzuda Əflatun müəllimə qarşı yönəlik iradları oxuyanda bu rəyə gəlmək olur ki, bütün bunlar qərəzli xarakter daşıyır. Zatən Əflatun müəllimin İrəvan səfəri və ona verilən bəzi reaksiyalarda qərəz hissi özünü çox açıq büruzə verir. Tərsinə asılmış Azərbaycan bayrağı şəklinin montaj edilib Əflatun müəllimin şəkli ilə uyğunlaşdırılması dərhal anlaşıldı, ifşa olundu. Aşkar göründü ki, kimsə Mətbuat Şurasının sədrinə qarşı qərəzli kampaniya aparır".

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev isə bildirdi ki, Əflatun Amaşova qarşı sosial şəbəkələrdə aparılan kampaniya etik deyil: “Əvvəla, mövqeyindən və statusundan asılı olmayaraq tənqid üçün yetərli əsas olmalıdır. Təəssüf ki, bəziləri bu ”əsası" bilərəkdən formalaşdıraraq sosial platformalarda aşağılayıcı statusların yayılmasına şərait yaradırlar. Status yazanların bəlkə də çoxu Əflatun Amaşovu tanımır, sadəcə, onun haqqında yazılanlara səviyyələrinə uyğun reaksiya verirlər. Məsələnin mahiyyəti İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 52-ci plenar sessiyasında iştirakdırsa, burada qəribə heç nə yoxdur. Əflatun Amaşov millət vəkilidir və ölkəmizi sözügedən qurumda təmsil edən deputatlardan biridir. Qurumun iclasları harada keçirilsə, Azərbaycan nümayəndə heyəti də orada iştirak etməlidir".

N.Niftiyev qeyd etdi ki, tənqidlərə səbəb Azərbaycan bayrağının tərs qoyulmağıdırsa, burada da yanlışlıq var: “Əflatun Amaşov özü dərhal açıqlama verdi və fotolar paylaşdı ki, İrəvanda keçirilən tədbirdə onun qarşısındakı bayraq heç də tərsinə qoyulmayıb. İrəvandakı “Göy” məscidi ziyarət etməsində problem axtarırlarsa, yenə də yanılırlar. Mən belə qənaətdəyəm ki, Əflatun Amaşov bir jurnalist kimi İrəvana səfərindən istifadə edərək şəhəri gəzib qeydlər aparmalı və Azərbaycan ictimaiyyətinə bu barədə dolğun informasiyalar verməli idi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər