8 Dekabr 2018 09:19
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Manatın məzənnəsi ilə bağlı bildirmək istəyirəm ki, ölkəmizin iqtisadiyyatı güclü və rəqabətqabiliyyətlidir. Milli valyutamız günü-gündən möhkəmlənir”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov deyib.

O qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında aparılan iqtisadi islahatlar ölkəmizin iqtisadi vəziyyətini daha da yaxşılaşdırıb, milli valyutamızın mövqeyi daha da möhkəmlənmək üzrədir:

“Bu günlərdə mediada manatın devalvasiyası ilə bağlı səsləndirilən fikirlərlə qətiyyən razı deyiləm. Çünki bu gün manatın devalvasiyası ilə bağlı hər hansı fikir yürütməyin heç bir əsası yoxdur.

Düşünürəm ki, 2019-cu ildə də Azərbaycan manatı öz qüvvəsində qalacaq, alıcılıq qabiliyyəti yerində olacaq və ancaq möhkəmlənməyə doğru gedəcək. Çünki bu gün manatın arxasında böyük istehsal dayanır, həmin istehsal manatın güclənməsinə imkan yaradır”.

Milli Məclisin deputatı manatın məzənnəsi ilə bağlı yaradılan süni maliyyə gərginliyinin heç bir əsasının olmadığını vurğulayıb:

“Artıq qeyd etdiyim kimi, mediada manatın devalvasiyaya uğrayacağı ilə bağlı bəzi ekspertlər tərəfindən fikirlər səsləndirilir və ajiotaj yaradılır.

Bir daha qeyd edirəm ki, bu fikirlərin heç bir əsası yoxdur. Bu gün Azərbaycan iqtisadiyyatı güclənir, möhkəmdir və manatın məzənnəsini qorumağa qadirdir.

Yəni, ölkəmizdə istehsal olunan malların ixrac potensialının, ölkəmizin maliyyə ehtiyatının günü-gündən artması bunu deməyə imkan verir ki, manat üçün gələcək günlərdə heç bir qorxu gözlənilmir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər