11 Dekabr 2018 12:00
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Kiyevdə Azərbaycanın ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir Heydər Əliyevin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb.

Sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.

Tədbirdə komitənin aparat rəhbəri Daşqın Rəcəbli ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra isə ümummilli liderin həyat və fəaliyyəti barədə qısa informasiya verərək Azərbaycan diasporunun formalaşması və inkişafında dahi şəxsiyyətin əvəzedilməz rolundan danışıb.

Anım mərasimində Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etdirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, diaspor fəalı Akif Gülməmmədov, Ukrayna Ali Radasının deputatı Georgi Meperişvili, Yəhudi diasporunun rəhbəri Roksana Qomarnik, Vişneva şəhərinin deputatı Artyom Qlinskiy, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıblar.

Tədbirdə ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılıb. Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada ümummilli liderin xatirəsinə kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlumat verib. Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib.


Müəllif: Teleqraf.com