Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu İnsan Resursları Mərkəzi bu il yeni işlə təmin olunmuş müəllimlərə müraciət edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə müəllimlərin çalışdıqları təhsil müəssisəsində qarşılaşdıqları problemləri Mərkəzə bildirmələri tövsiyə edilir:
“İnsan Resursları Mərkəzi fəaliyyət göstərdiyi dövr ərzində ümumi təhsil müəssisələrinə müəllimlərin müddətsiz və müddətli müqavilə əsasında işə qəbulu, müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi, iş yerinin dəyişdirilməsi müsabiqələrini həyata keçirib. Bu müsabiqələr zamanı ümumilikdə 10 min 191 nəfər yeni iş yeri ilə təmin olunub. Nəzərinizə çatdırmaq istəyirik ki, İnsan Resursları Mərkəzi öz fəaliyyətini müəllimlərin işə qəbulu və yerdəyişməsinin təşkili və həyata keçirilməsi ilə məhdudlaşdırmır. Bu paylaşım vasitəsilə yeni iş yeri ilə təmin olunmuş hər bir müəllimə müraciət edirik. İşlədiyiniz ümumi təhsil müəssisəsində qarşılaşdığınız problem və ya sizi narahat edən məsələlərlə bağlı rəylər vasitəsilə müraciət edə bilərsiniz. Müraciətlər konkret faktlara əsaslanmalı, yığcam, dolğun və məzmunu tam əks etdirməlidir. Anonim, konkret faktlara əsaslanmayan müraciətlərə baxılmayacaq. Müraciətləriniz operativ şəkildə İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən araşdırılacaq və nəticəsi barədə sizə məlumat veriləcək”.