17 Dekabr 2018 17:24
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının dil üzrə monitorinq qrupu araşdırma aparıb, məlum olub ki, Azərbaycan mediasında kifayət qədər səhvlər var. Amma gəlin bir az da reallıqdan danışaq. Bunun səbəbkarı və günahkarı kimdir?

Teleqraf.com xəbər verir ki, bu sözləri "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Teleqraf Holdinq" media qrupunun rəhbəri Aynur Camalqızı deyib.

Aynur Camalqızı medianın konkret problemlərindən söz açıb: "Media rəhbəri kimi müəllimlik edə bilmərəm, mən menecerəm, mənə savadlı, istedadlı jurnalistlər lazımdır ki, onları işə dəvət edim, onlarla işləyim. Amma təəssüf ki, bu gün media məkanında istedadlı, savadlı jurnalist barmaqla sayılacaq qədər azdır.

Yenilər yetişməlidir ki, boşalan yerlər dolsun. Təəssüf ki, biz bu yerləri doldura bilmirik. Mövcud problemlərin 20 faizi bizdən, yəni media qurumlarından qaynaqlanırsa, 80 faizi də savadlı jurnalistin olmamasından irəli gəlir".

Aynur Camalqızı deyib ki, ana dilini gözəl bilmək və bu dildə yazmaq bir intellekt göstəricisidir: "Əgər bizim ali məktəblərimiz yaxşı tələbə yetişdirə bilmirlərsə, bunun əziyyətini sonda biz media rəhbərləri çəkirik.

Problemlərdən çıxış yolu tapmaq lazımdır. Mən müzakirələrdə demişdim ki, jurnalistikaya baxış dəyişməlidir, sovet dövründən qalan ənənələrlə, mühazirə oxumaqla yaxşı jurnalist yetişdirmək olmaz. Ona görə təklif etdim ki, media ofislərində praktiki jurnalstika dərsləri keçirilsin. Belədə onlar müvafiq təcrübə qazanarlar".

Aynur Camalqızı saytla qəzetin orfoqrafiya səhvlərinin fərqindən danışarkən qeyd edib ki,
qəzetdə konkret 8 və ya 16 səhifəlik ölçü var: "Qəzetlər növbəti gün üçün hazırlanır deyə həm vaxt olur, həm də oxunacaq materialların həcmi azdır.

Sutka boyu biz bir sayta 250-350 material veririk, neçə korrektor olmalıdır ki, onları oxusun, düzəliş eləsin, bunu çatdırmaq imkandan kənardır. Bəzi press-relizlər, açıqlamalar o qədər savadsız hazırlanır ki, onların yenidən redaktə və korrektəsinə xeyli vaxt sərf eləmək lazım gəlir.

Ədəbi dili qorumaq, dili sevmək hamımızın borcudur. Zənnimcə, hər şeyi medianın üzərinə atmaq düz deyil.

Savadlı tələbə yetişdirib mediaya göndərsələr, problem və səhvlər də olmaz".


Müəllif: Aytən

Oxşar xəbərlər