19 Dekabr 2018 11:52
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toxunma papaqlar, çantalar, tumdan hazırlanan yolka, ətirli kulonlar, çay daşından hazırlanmış əl işləri... Söhbət metronun “İçərişəhər” stansiyasında keçirilmiş yarmarkadakı gənc istedadların əl işləri sərgisindən gedir.

“Əl işləri yarmarkası” adlı sosial yönümlü aksiyanın əsas məqsədi gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək vermək, həmçinin sərnişinlərə bayram ovqatı yaşatmaqdır.

Gənc istedadların əl işləri ilə oxucuları tanış etmək üçün biz də yarmarkaya üz tutduq. Qeyd edək ki, 30 stendi olan sərgidə 40 iştirakçı var.

Bakı Metropoliteninin təşkilatçılğıyla baş tutan sosial layihə barədə danışan qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, yaradıcı gənclərin kütləvi təbliğinə nail olmağı əsas vəzifə hesab edirlər: “Digər tərəfdən, bu sürprizlə yeni il qabağı öz sərnişinlərimizdə bayram ovqatı yaratmaq istəyirik. Ola bilər, sərgiyə baxan insanlarda bu işlə məşğul olmaq istəyi baş qaldırsın. Bu da növbəti müsbət nəticə olar. Burda təsviri sənət, dekorativ sənət, toxuma, adi daşlardan kreativ düşüncə tərzi ilə başa gəlmiş əl işləri var.

Məlum olduğu kimi, metropoliten sərnişin daşınması ilə məşğuldur. Bu sahənin adamlarını birbaşa sərgiyə cəlb etmək imkanımız yoxdur deyə ictimai təşkilatların köməyindən yararlandıq. Bundan sonra belə müraciətlər olsa, məsələyə baxılacaq. Sərnişinlərin təhlükəsizliyinə və rahatlığına xələl gətirməyən belə tədbirləri yenə təşkil edəcəyik”.

Bəxtiyar Məmmədov deyir ki, sərgiyə maraq böyükdür: “Hətta insanlardan irad da eşitdik ki, bu yarmarka niyə bir günlükdür. Bəzilərinin xəbəri olduğu üçün sərginin tamaşasına gəlib, çoxu yarmarkanı təsadüfən görür”.

Yarmarkada bir-birindən maraqlı əl işləri sərgilənir. 18 yaşlı gənc istedad Validə Əliyeva deyir k, öz əl işininin nümayişindən qürur hissi keçirir: “Bir yerdə çalışdığım iş yoldaşım bu taxtaları yonub, cilalayıb və laklayıb. İkimiz birlikdə qərar verdik ki, belə əl işlərini müntəzəm hazırlayaq”.

Məmmədova Əsmər isə əl işlərini bacısı Fərəhlə bir yerdə ərsəyə gətirib: “Biz adətən geyim üçün aksessuarlar, sancaqlar düzəldirik. Yeni illə əlaqədar şam ağacı, onun oyuncaqlarını hazırladıq. Satış bəzən olur, bəzən olmur. Hazırda qiymətlər 3 manatdan başlayır, qiymət yüksək deyil”.

Onlayn mağazada çalışan, paralel əl işləri ilə məşğul olan Ruqiyyə Tahirova deyir ki, yarmarkada onun aromalı kulonları sərgilənir: “Azərbaycanda ilk belə işdir. Hər bir kulonun özünə məxsus ətri var. Müştərinin zövqünə uyğun ətir əlavə edə bilərik. Elə olur, az tapılan və ya bahalı ətirlərdən xanımlar çox istifadə etmək istəmir, bu zaman ona məxsusi kulonlar hazırlanır.

Bizdə həm də medalyonlar, aromalı şamlar, xanımlar üçün süfrələr, balaca yastıqlar da var ki, hamısı əllə işlənib. Yeni il qabağı balaca hədiyyələr də hazırlayırıq ki, onu alıb kiməsə bəxşiş vermək mümkündür.

Fikrimcə, qiymətlər münasibdir, ətirlər10-15 manat arasıdır”.

Səadət Əfəndiyeva bu işlə 6 aydır məşğul olur, hobbi olaraq uşaqlıqdan papaq, şarf toxuyub: “Sonra çanta, səbət, dekorativ əşyalar toxumağa başladım, bunlar xanımlara maraqlı gəlir, sifarişlər olur.

Çanta və səbətlər baha satılır. Möhkəm olsun deyə səbətlərə taxta altlıq vururuq, çantaların qiyməti isə ölçülərinə görə dəyişir. Ortalama qiymət 30 manatdan başlayır, ən çox sifariş edilən çanta modeli əlimdəkidir, qiyməti 35 manatdır.

Xanımlar öz istəyinə uyğun iri çanta sifariş edirlər, onun qiyməti isə 45 manatdır”.

“Üçüncü bahar” təşəbbüs qrupunun üzvü Narxanım Paşayevanın sözlərinə görə, burda təqaüdçülərin də əl işləri sərgilənir: “Yarmarkada qurama, oyuncaq, toxuma əl işləri var. Bizim qrupda 55-dən çox təqaüdçülərin əl işləri toplanıb.

Amma insanlarda alıcılıq qabiliyyəti zəifdir, gəlib baxırlar, alan azdır. Qiymətlər 1 manatdan başlayır, 55 manata qədər davam edir”.

Həmsöhbətimiz deyir ki, satışdan əldə olunan pulların hamısı təqaüdçülərə çatır: “Təqaüdçülərin maddi rifahını yaxşılaşdırmaq üçün bizim dərnəklərimizə yaşlı insanlar cəlb olunur. Düşünürük ki, bu yolla onların büdcəsinə əlavə pul daxil olsun”.

Nazilə Mustafabəyova isə 8 ildir əl işləri ilə məşğuldur. Deyir ki, bəzi əşyaları görəndə xoşuna gəlirmiş: “Düşünürdüm ki, bunu mən özüm də hasilə gətirə bilərəm. Beləliklə, başladım təcrübədən keçirməyə.

Təzə- təzə alınmırdı, işlərim kobud olurdu, getdikcə peşəkarlaşdım”.

Yarmarkadakı ən kreativ əl işi yemiş tumundan hazırlanan yolkadır. Nazilə xanım deyir ki, onu konus şəklidə özü düzəldib: “Başqa əl işlərim də var. Təbii çay daşları alıram, öz fantaziyamla işləyirəm. Xüsusi şamdanlar, sırğalar, qolbaqlar, hamısı öz ideyamdır. Düzdür, elə əşyalar var ki, ona internetdə baxıram, amma təkrar etmirəm. Çalışıram əl işim orijinal olsun”.

Zarina Ramaldanova həm toxuculuqla məşğul olur, həm də gildən aksessuarlar hazırlayır, sərgilərə də tez-tez qatılır: “Əl işlərimizə maraq var, qiymət münasibdir deyə satış da yaxşıdır. Adətən 5-10 manatdan 20 manata qədər qiymətlərlə aksessuar var. Gördüyünüz işlərin hamısı tək-tək işlənib”.

Bu sərgi-yarmarka ilk dəfə keçirilir, amma ona maraq kifayət qədər yüksəkdir. Mehriban Məmmədova adlı alıcı deyir ki, belə sərgilərin tez- tez keçirilməsi faydalı olar.

Alıcı bu fikirdədirsə, ona kim etiraz edər?.. Deməli, oxşar tədbir yenə keçiriləcək. Təki hamı məmnun qalsın...


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər