Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Dekabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qusar şəhərində vətəndaşları qəbul edib.
Teleqraf.com-un məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda bölgədə yerləşən - Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.