11 Yanvar 2019 09:48
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ölkədə boşanma sayının artdığı heç kəsə sirr deyil. Bəs bu sosial bəlanın səbəbləri nədir?

Teleqraf.com bununla bağlı kiçik bir araşdırma aparıb.

Hüquqşünas Tural Süleymanovun fikrincə, bir çox ailələrdə boşanmalar əsasən maddi çətinliklərdən qaynaqlanır. Amma o bunun yeganə səbəb olmadığını deyib: “Ailələrin erkən qurulması amilini də qeyd edərdim. Evliliyə hazır olmayan cavan, təbii ki, onu maddi baxımdan təmin edə bilmir, həmçinin ailəyə ciddi yanaşmır. Belə insanların psixoloji cəhətdən evliliyə hazır olmadıqlarını deyə bilərik.

Ailə qurmaq istəyən şəxs cəmiyyətdə yaxşını pisdən ayıra bilməli, bərkə-boşa düşməli, çətinliklər görməli və özünü ailəyə hazır hiss etməlidir.

Azərbaycanda erkən nikahlar çoxdur. Xüsusən rayon yerlərində qurulan erkən nikahlar bir çox hallarda valideynin təsiri nəticəsində baş verir. “Sadəcə evlənim” düşüncəsi ilə ailə quranların aqibəti uğurlu olmur”.

Hüquqşünasın fikrincə, boşanmanı yaradan ailədaxili münaqişələrin kökündə çox vaxt maddi sıxıntılar durur: “Ailənin təminatı normal səviyyədə olsa, münaqişələr tez-tez baş verməz. Bizim cəmiyyətdə qadın düşüncəsi elədir ki, o, kişiyə deyir get, pul qazan, gətir. Biri çox, biri az qazanır. Təəssüf ki, bizim kişilərin çoxu bekar vaxt keçirməyə üstünlük verir”.

Tural Süleymanov sosial şəbəkələrin inkişafını da boşanmaya səbəb göstərir: ” İnsanların reallıqdan daha çox sosial şəbəkələrdə dostluq qurması ailəyə dağıdıcı təsir göstərir. Halbuki virtual dostluq heç bir halda real münasibətləri əvəz edə bilməz. Amma insanlar özlərini buna inandırır”.

Sosiloq Cavid İmamoğlu Azərbaycanda boşanmaların artan temp üzrə getməsini narahatlıq doğuran hal kimi dəyərləndirib: “Boşanmanın ənənəvi səbəbləri öz yerində qalır. Bura Şərq problemləri – maliyyə çatışmazlığı, dünyagörüş fərqləri, ailədaxili zorakılıq, uyğunsuzluq daxildir. Biz bunu illər ərzində müşahidə edirik.

Son illər ailədaxili uyğunsuzluq daha önə çıxıb, bu da sonda münasibətlərə son qoymaqla, boşanmaqla nəticələnir.

Boşanmaya təsir edən faktorlardan biri də son illər xüsusilə qabaran internet reallığı, sosial şəbəkələrin ailələrə göstərdiyi təsirdir. Yəni ənənəvi Azərbaycan cəmiyyətində sosial şəbəkədə qadının dostlarının olması, onların müəyyən təmasını qəbul edilmir. Bəzən ortada qadın xəyanəti olmasa belə, bu, ailədaxili şiddəti, gərginliyi artırır”.

Sosioloqun fikrincə, boşanmaların səbəbləri dəyişir, Qərb cəmiyyətlərinə xas xüsusiyyətlər Azərbaycan toplumuna da sirayət edir.

Psixoloq Vəfa Əkbər isə bildirir ki, boşanmaların səbəbləri müxtəlif ola bilər: “Günümüzün reallıqları var, təkcə interneti və ya şəbəkə istifadəçiliyini ön sıraya qoymaq düz deyil. İnternet faktoru sadəcə insanları boşanmada qərarlı olmağa sövq edir. Yəni ailədaxili problem və ya münaqişə başlanğıcları varsa, cütlüklərdən biri internetdən istifadə edərək marağına uyğun birini tapmaqla, boşanmağa asanca “hə” deyə bilir.

Ailəni bərpa etməyə çalışmaq, onun uğrunda hansısa fədakarlığa yol vermək bu gün yetərincə azalıb”.

Bu problemlə psixoloqlara müraciətlərin də artdığını deyən Vəfa Əkbər məsələnin kökündə maddi çatışmazlığın və sonsuzluğun dayandığını da xüsusi qeyd edib: “Son zamanlar insanlar övlad sahibi olmaq üçün çox səy göstərirlər, alınmayanda isə bu psixoloji travmalara gətirib çıxarır. Qadınlarda “niyə mənə görə həyat yoldaşımın övladı olmamalıdır” düşüncəsi yaranır. Bu mövzuda sosial basqı, doğmaların təzyiqi də boşanmalara təkan olur”.


Müəllif: Aytən