Əcnəbilərlə nikah bağlayan və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı azalıb.
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu göstərici 2017-ci ildə 2429 olub.
Bununla yanaşı, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub.
Qeyd edək ki, son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər. Son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.
Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər isə əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.
Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün dünyada artması müşahidə olunur.
Onun sözlərinə görə, qarışıq etnik nikahlarda özünü büruzə verən problemlər digər nikah növlərində müşahidə edilən problemlərdən çox da fərqli deyil:
"Lakin cütlüklərin mənsub olduğu mədəniyyətlər arasındakı fərqlər müəyyən bir müddət sonra problemlərin meydana gəlməsinə səbəb olur. Xüsusilə, uşaqların tərbiyəsi, valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risklərindən biri də ər-arvad arasında meydana gələn mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır".