11 Fevral 2019 13:00
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son həftələr ölkədə aparılan iqtisadi islahatlar, həyata keçirilən sosial müdafiə tədbirləri, onların təsiri və islahatların perspektivi ilə bağlı müzakirələrdə müşahidə olunan dinamika və pozitiv ruh müəyyən nikbinlik yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, indiki informasiya əsrində ən müxtəlif mənbələrdən məlumat alan insanlar, cəmiyyət ətrafda nə baş verdiyini, nəyin doğru, nəyin yanlış olduğunu, perspektivin necə göründüyünü bilmək istəyirlər:

“Bu barədə düşünmək üçün yardım istəyirlər. Ən azı insanlar onları gündəlik narahat edən suallara cavab tapmaqda yardım alamaq istəyirlər. Məsələn, hazırda qiymətlərin bahalaşmasına vergi dəyişikliklərinin təsiri nə qədərdir? Bu bahalaşma davamlı olacaqamı, yoxsa mövsümüdür? Yaxın perspketivdə hansı amillər onların alıcılıq qabiliyyətini yüksəldə bilər. Yeni məşğulluq strategiyası, məşğullquda yeni yanaşmalar nə vəd edir? Kreditlər Azərbaycanda niyə bahadır? və s.

Amma bu suallara dövlət qurumu əməkdaşlarının monoloq şəkilində ütülü cavabı artıq insanları qane etmir. Onlar istəyirlər ki, dövlət qurumu əməkdaşları, hakimiyyət nümayəndələri gerçək opponentlə müzakirələrdə öz mövqeyini əsaslandırsın. Tənqidlərə üzbəüz cavab versin. Nazirlər canlı yayımda jurnalistlərin, vətəndaşalrın suallarına cavab versinlər. Məhz buna görə insanlar hiss etmək istəyirlər, onlara vəziyyəti izah etməyə çalışırlar. Onların mövqeyini nəzərə almağa səy göstərirlər. Yəni ictimai iştirakçlıq mexanizmləri tətbiq edirlər. Artıq bu istiqamətdə ilk uğurlu təcrübə də var - Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov Feysbuk üzərindən canlı yayımda sualları cavablandırdı”.

Zaur İbrahimli qeyd edib ki, hazırda isə ictimai iştirakçılığın ən vacib komponenti kommunikasiyadır:

“Müsair dövrün tələbləri cəmiyyətlə, ayrı-ayrı təbəqələrlə səmərli kommunikasiyanı şərtləndirir. Kommunikasiya itəndə çox ciddi problemlər yaranır. Amma cəmiyyətlə kommunikasiya imitasiya xarakterindən uzaq olmalıdır. İndi çoxsaylı alternativlər var ki, insanlar imitasiyanı çox tez bir zamanda aşkarlaya bilirlər. Məhz buna görə, ayrı-ayrı şəxslər sosial şəbəkələrdə belə populyarlıq qazanırlar, 3 dostunun yanında sözünü keçirə bilməyənlər, adi dost məclisində iki kəlmə söz deyə bilməyənlər, bir bədii əsər belə mütaliə etməmiş kəslər ictimai rəy liderinə çevriliblər. Açıq diskusiyalar vərdişlərini itirən cəmiyytələr məhz şarlatanlara qulaq verməyə başlayır, yaxud siyasi müzakirələr lətifələr müstəvisində aparılır və cəmiyyətdə deqradasiya başlayır.

Ortada acı SSRİ təcrübəsi var. Kant deyirdi ki, təkzib edilməkdə qorxulu heç nə yoxdur, başa düşülməməkdən qorxmaq lazımdır . İngilis publisisti və siyasətçisi Con Kenfild Molli isə hesab edirdi ki, susmağa məcbur etmək inandırmaq demək deyil. Ulu xalqımızın ataları isə deyib ki, ara sözü ev yıxar”.


Müəllif: Mənsur Rəğbətoğlu