11 Fevral 2019 17:14
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaradakı Cəbəci Əsri məzarlığında başdaşında ay və səkkiz guşəli ulduz olan bir məzar var. Üzərində yazılıb: “Azərbaycan milli hökuməti daxiliyyə vəkillərindən Mustafa Vəkiloğlu. 1896-1965”.

Ötən həftə Ankarada bu məzarı ziyarət etdikdən sonra Əsri məzarının arxivindəki sənədlərə də baxdım. Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri olmuş Mustafa bəyin ölüm tarixi 4276 nömrəli sənəddə 30.11.1965 (amma nekroloqlarda 1 noyabrdır – D.Ə) göstərilib. 02.12.1965 tarixində ada 203, parsel 123-də dəfn olunub. Sənəddə doğum tarixi 1312 göstərilib. Rumi təqvimi miladiyə çevirdiyimizdə 1896-cı il edir.

Sənəddə məzarı hazırlayan ustanın adı da qeyd olunub: Cemil Çınar. Ölümü təsdiq edən həkimin adı isə Suzan Tuner olub. Mustafa bəy infarkt nəticəsində vəfat edib.

Mustafa bəy kimdir?

“Azərbaycanlı milliyyətçi və vətənpərvər bir insan olaraq tanınan Mustafa Vəkiloğlu 1896-cı ildə Azərbaycanın Qazax şəhərində doğulub. Azərbaycanın sayılıb-seçilən ailələrindən biri olan Qazax bəylərindən Nadir bəyin oğludur”.

Qızı Serpil Vəkiloğlu atasının ölümü ilə bağlı yazdığı məqaləsində bu şəkildə qeyd edib.

Gənc yaşlarından ictimai-siyasi fəaliyyətə başlayan Mustafa bəy bu illəri belə xatırlayırdı: “Ümumi bir həyəcan, yeni bir şeylər gözləmənin sevinci hər tərəfi bürümüşdü. Biz məktəb tələbələri isə özümüzü tamamilə o zaman yeni əsməyə başlayan hürriyyət havasının təsirinə buraxmışdıq. Vaxtımızın çoxu aramızda sıx-sıx tərtib etdiyimiz gizli toplantılarda siyasi və milli mövzular üzərinə gec saatlara qədər davam edən münaqişələrlə keçərdi”.

Serpil Vəkiloğlunun yazdığına görə, əmisi Doktor Məhəmməd Rza və yaxın qohumu Əlimərdan bəy Topçubaşının Mustafa bəyin üzərində böyük təsiri olub.

Mustafa bəy Bakı Rus Gimnaziyasını bitirdikdən sonra Moskvada Hüquq fakultəsinə daxil olub. 1917-ci ildə fakultədən məzun olaraq Bakıya qayıdıb, vəkillik fəaliyyətinə başlayıb.

Bu dövrdə Mustafa bəy Azərbaycan üçün mühüm olan bir neçə konfransda iştirak edib:

  1. Azərbaycan Milli Mərkəz Komitəsinin 1917-ci ildə Bakıda tərtib etdiyi Qafqaz Müsəlmanları Konqresi;
  2. Yenə eyni ildə Ukrayna istiqlalçıları tərəfindən tərtib edilən və ukraynalı professor Qruşevskinin rəyasətində Kiyevdə toplanan qeyri-rus millətləri konqresi;
  3. Moskvada toplanan bütün Rusiya müsəlmanları konqresi.

Gənc olmasına baxmayaraq Mustafa bəy qısa zamanda siyasət həyatında yüksəlib, önəmli vəzifələrə təyin olunub. Bakıda keçirilən Müsavat Firqəsinin I qurultayında Mərkəzi Komitəyə üzv seçilib. Noyabrda isə Zaqafqaziya Komissarlığında daxili işlər naziri Çxenkelinin məsləhətçisi, eyni zamanda, Seymdə müsəlman fraksiyasının üzvü olub. Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra Mustafa bəy Daxiliyyə Nəzarətində çalışıb. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti açılanda Mustafa Vəkiloğlu da deputat kimi fəaliyyətə başlayıb, parlamentin büdcə-maliyyə komissiyasının üzvü olub. 1919-cu ilin sonunda Nəsib bəy Yusifbəylinin təşkil etdiyi kabinədə daxili işlər nazirinin müavini təyin edilib. 1920-ci ilin fevralın 18-də isə nazir olub.

Azərbaycanın işğalı ilə bərabər M.Vəkiloğlunun nazirliyi də bitib və o, həmkəndlilərindən birinin evində gizlənib, daha sonra Tiflisə gedib. Lakin bolşeviklərin Tiflisə yaxınlaşmasından sonra Türkiyəyə mühacirət etməli olub. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilib, 1928-ci ildə yaradılan Prometey təşkilatında təmsil olunub. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya gedib. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərib. Mustafa bəy Türkiyədə yaşadığı dövrdə “Odlu Yurd”, “Azəri-Türk”, “Yeni Qafqaziyyə”, “Yurd bilgisi” kimi qəzet və jurnallara məqalələr yazıb. Rəsulzadə qanadından ayrıldıqdan sonra, əsasən, “Mücahit” jurnalı ilə əməkdaşlıq edib, oradakı millətçi siyasi mühacirlərlə yaxınlaşıb.

Mustafa Vəkiloğlunun mətbuatdakı imzaları Ali Mansur, Mustet, Mustafa olub. Rus, alman, fransız, polyak dillərini bilib.

Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlib. Burada Firdevs xanımla ailə həyatı qurub. Daha sonra Ankaraya gedən Vəkiloğlu Vilayətlər Bankının baş hüquq məsləhətçisi olub.

Qızı onun haqqında belə yazıb: “Ədəbiyyatı çox sevərdi. Azərbaycanın böyük şairlərindən Ələkbər Sabir və Mustafa Vəkiloğlunun yaxın qohumu olan Vəkilovlar nəslindən Səməd Vurğun ən bəyəndiyi şairlər arasında idi. Azərbaycan musiqisinə bütün qəlbi ilə heyrandı. Vətəninə aid ən kiçik (söhbət, xatirə, yazı, rəsm və s.) şeylər də onu çox həyəcanlandırırdı. Ən böyük arzusu çox sevdiyi Azərbaycanı ölmədən bir daha görməkdi. Təəssüf ki, bu böyük arzu gerçəkləşmədi. 1 noyabr günü əcəlin amansız əli ona da uzandı və onu 68 yaşında bizlərdən ayırdı...”

Rəsulzadə ilə tanışlıq

M.Vəkiloğlu Azərbaycan Cümhuriyyətinini qurucusu Məhəmmədəmin Rəsulzadə ilə uzun müddət eyni cəbhədə mübarizə aparıb. Bir dönəm aralarında soyuqluq yaransa da, daha sonra yenidən birgə fəaliyyət göstəriblər. Vəkiloğlu xatirələrinin birində Rəsulzadə ilə necə tanış olmasından və sonrakı birgə fəaliyyətlərindən bəhs edib. Həmin xatirəsindən qısa bir hissəni təqdim edirik:

“... Bakıya gəldikdə “Açıq söz” qəzetinin idarəxanasına baş çəkdim. Milli mübarizəmizi iman və səbatla müdafiə edən bu qəzetin sahibi və baş mühərriri Rəsulzadə Əmin bəylə tanış olmaq istədim. Çox sadə otaqda, bitişik mətbəədən gələn taqqıltı səsi arasında adi bir masa başında Əmin bəylə tanış olduq və köhnə iki yoldaş kimi gündəlik məsələlərlə bağlı danışmağa, dərdləşməyə başladıq. Xatırlayıram, aramızdakı yaş fərqinə rəğmən Əmin bəylə hadisələr barədə hisslərimizin alovu eyni idi.

1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşının rəyasətində Moskvada toplanacaq Rusiya müsəlmanları konqresinə Bakıdan gedən 5 nəfərlik heyətdə Əmin bəylə bərabər idik... Bəxtsiz Cümhuriyyətimizin sevinc və həyəcanla dolu istiqlalı dövründə də Əmin bəylə eyni səflərdə, Müsavat Partiyasının məbusları olaraq bərabər çalışırdıq. Milli hərəkatımızda böyük rolu olan Müsavat Partiyası rəisi ünvanıyla da Əmin bəyin xidməti çox qiymətli və əhəmiyyətlidir.

Mühacirətin qara günləri başlayır. Yenə Əmin bəylə bərabərik, bir arada çalışmaqla yanaşı didişməkdəyik. Maliyyə vəziyyətimiz pərişandır. Köhnə mühacirlərimizdən İsmayıl Fəyyaz bəyin Çəmbərlitaşdakı kiçik evində Əmin bəy, Abbas bəy və mən bərabər qalırıq. Həmşərimiz İsmayıl bəyə çox minnətdarıq, çünki bizdən ev kirayəsi almır, pulsuz qalırıq. Yeməyimizin əksəriyyəti zeytun yağında qızarmış kartofdu. Dostumuz mərhum Abbas bəyin bəzi günlər bazardan alıb gətirdiyi qızarmış qoyun başı süfrəmizdə bayram havası yaradırdı, bunun üstünə Abbas bəy xarab qarmonunu alaraq “Ay uca dağlar” mahnısını oxuyardı.

Vəziyyət belə ikən mübarizəmizi müdafiə məqsədilə nəşriyyat həyata keçirməyi düşünürdük. Amma nəylə? Pul yox, əlhəmdulillah, ətrafdan salam verib üzümüzə baxan da heç yoxdur...

Belə halda?

Allah hər ikisinə də qəni-qəni rəhmət eləsin, dostumuz Əbdüləli bəy Əmircanla Böyük bəy Ağasıbəylinin günlərlə qapı-qapı dolaşaraq həmşərilərimizdən topladıqları pullarla mühacirətdə ilk nəşr orqanımız olan “Yeni Kafkasya” məcmuəsini çıxarmağa başladıq. Hər nüsxə çıxdıqca İstanbul Universiteti tələbələrimizdən Əhməd bəy (Professor Əhməd Cəfəroğlu) Abbas bəylə birlikdə “Yeni Kafkasya” paketlərini qoltuqlarına alaraq Çəmbərlitaş Eminönü poçtxanasına aparardılar. Bu işin zəhmətinə sonra illərlə Məhəmmədsadıq Aran qatlaşmışdır.

Müştərək təsanüdlü çalışma ilə çox şeylər edildi o zamanlar...”

Tale elə gətirdi ki, onların hər ikisi eyni məzarlıqda dəfn olundular.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər