“Əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əmək haqqına uyğun indeksasiyası ilə bağlı ciddi iş aparılır. Çünki prosedur kifayət qədər vaxt tutumludur”.
Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 1 mln. 300 min insanın hər birinin şəxsi vərəqəsində bu rəqəmlər işlənməlidir: "Onların böyük qismində bu rəqəmlər elektron şəkildə izlənilir. Amma bəzi spesifik sahələrdə (bunlar hərbi qulluçulara və digrlərinə aiddir) məxfiliyi nəzərə alaraq, burada kağız üzərində iş gedir. Bu proses artıq yekunlaşıb. Qrafikdə ilk mərhələdə Naxçıvan və Bakıdır. İki gün öncədən başlayaraq Naxçıvanda pensiyalar artımla verilib. Bakı üzrə ödənişlərə artıq başlanılıb və proses iki gün davam edəcək. Bundan sonra digər rayonlara da ödənişlər həyata keçiriləcək”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq yanvar ayının 1-ə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb.