Xətai rayonu Məhəmməd Hadi küçəsindən sonra Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, uzunluğu 800, eni 24 metr olan Neapol küçəsində aparılan yenidənqurma və bərpa işləri davam etdirilir.
Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb.
Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 25 min kvadrat metr sahəni əhatə edəcək.
İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətləri çəkiləcək.