Tbilisidə Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş “İnsanlar ölməsin, ölməsin insanlıq!” adlı anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkil etdiyi tədbirdə ölkənin müxtəlif bölgələrindən ruhanilər, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının, şəhidlərin ruhuna “Qurani-Kərimdən” ayələr və dualar oxunub.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov çıxış edərək Xocalı soyqırımından danışıb. O, Yaxın Şərqdə və bir çox müsəlman ölkələrində günahsız insanların qətlə yetirildiyini xatırladıb. Bildirib ki, bu hadisələr heç vaxt unudulmamalı, dünya ictimaiyyəti bu qətliamlara düzgün qiymət verməli, günahkarlar layiq olduqları cəzanı almalıdırlar.
GMİ-nin sədri Ramin İgidov qeyd edib ki, dünya ictimaiyyətinin Xocalı soyqırımına və ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərə biganə qalması səbəbindən dünyada dinc insanlar, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirilirlər. O vurğulayıb ki, bəzi müsəlman dövlətlərinin bu məsələyə biganə qalması daha ağırdır.
O, müsəlman dövlətlərini birliyə, Xocalı soyqırımına, müsəlmanlara qarşı törədilən digər cinayətlərə kəskin münasibət bildirməyə çağırıb.
GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, gürcü və Azərbaycan xalqlarının eyni taleləri yaşadığını, iki qonşu xalqın biri-birinin dərdini çox yaxşı başa düşdüyünü diqqətə çatdırıb.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalıda törətdikləri insanlıqdan uzaq vəhşiliklər barədə ətraflı məlumat verib. Müsəlman dövlətlərinin həmrəylik nümayiş etdirərək Xocalı soyqırımını tanımalarının vacibliyini bildirib. Təkcə Qafqazda deyil, bütün dünyada belə faciələrin təkrarlanmaması üçün bu soyqırımın bütün dünyaya çatdırılmasının, günahkarların ən ağır cəzaya layiq görülmələrinin vacibliyini qeyd edib.
Sonra ilahiyyatçı alimlər, din xadimləri Etibar Eminov, Kamran Məmmədov və başqaları çıxış edərək İslam dininə görə, insanın məqamından, adam öldürməyin Allah qarşısında ən böyük günah olmasından və qatilin ilahi əzabla cəzalanacağından danışıblar.
Digər natiqlər də Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Xüsusi vurğulanıb ki, Xocalıda törədilən cinayət tək bir millətə qarşı deyil, bütün insanlığa qarşı yönələn cinayətdir.
Sonda ehsan süfrəsi açılıb.