14 Mart 2019 09:01
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayevadır.

Xatırladaq ki, Fidan Rzayeva mərhum xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin qızı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bacısıdır.

Teleqraf.com müsahibənin ikinci hissəsini təqdim edir.

Əvvəli BURADA

- 1968-ci ildə sizin, atanız Rəsul Rzanın iştirakı etdiyi və indi danışdığınız hadisədən çıxış edərək iddia eləmək olarmı ki, həmin hadisəni Nəsiminin qəbrinin ilk tapıntısı hesab etmək olar?

- Bəli, Azərbaycan ictimaiyyəti üçün elədir. Çünki Nəsiminin edam olunduğu bilinirdi, ona olan münasibət barədə faktlar vardı, amma qəbrinin konkret harada olması haqda məlumat yox idi. İlk dəfə Azərbaycan nümayəndə heyəti Hələbdə olanda məsələ aşkarlandı, Nəsiminin basdırıldığı yer müəyyən edildi.

- Bakıya qayıdışınızdan sonra Nəsimi ilə bağlı hər hansı tədqiqat apardınızmı?

- Yox, mən ədəbiyyatçı deyiləm, ixtisasca ərəbşünas dilçiyəm, bütün bu illər ərzində Azərbaycan və rus bölməsində ərəb dilindən dərs demişəm. İndi də bu işimə davam edirəm.

- Siz Suriyaya ezam olunanda əsas tapşırıq nə idi, nələri tərcümə edirdiniz?

- Biz tikinti sektorunda tərcüməçi işləyirdik. Fərat çayı üzərində sədd tikilirdi və müxtəlif şöbələrdə çalışırdıq. Danışıqları, iclasları, texniki terminləri tərcümə edirdik.

Texniki terminlərlə işləmək çox çətin idi. Əvvəla, ərəbcə texniki terminlər az işlənib. İkincisi, ərəb ölkələrinin hər birində dialekt var, ədəbi dildə yalnız rəsmi şəraitdə danışılır, gündəlik ünsiyyətsə dialektdə aparılır. Dialekt ədəbi dildən fərqlənir. Birinci gündən başlayaraq dialekti öyrənirdik ki, tərcümənin öhdəsindən gələk.

- Qayıdandan sonra siz Bakı Dövlət Universitetində çalışmağa başladınız, bəs həyat yoldaşınız?

- O, Xarici Turizm İdarəsində, sonra da Ticarət Palatasında işlədi.

- Azərbaycan nümayəndə heyətinin Suriya səfərində hansı maraqlı məqamı xatırlayırsınız?

- Dəməşqdə bizi Sovet İttifaqının Suriyadakı səfiri, milliyyətcə özbək olan Nurəddin Muhiddinov qəbul elədi. Muhiddinov Sovet İttifaqının dostları olan ölkələrin beş səfirini görüşə dəvət eləmişdi. Biz stolun ətrafında oturanda Zeynəb Xanlarovadan oxumağı xahiş elədilər. O da dedi ki, mən müşayiətsiz ifa etmirəm. 6 səfirin hamısı təkid etdi, amma Zeynəb xanım sözündən dönmədi, oxumadı. Özü də fikrini belə əsaslandırdı ki, “mən diringi müğənni deyiləm”.

Səhəri gün səfirlikdə məclis oldu, orada royal vardı, Zöhrab Adıgözəlzadə royalın arxasında oturdu, çaldı, Zeynəb xanım da oxudu. Sabir Ağabəyov bizdən öncə Suriyaya gəlmişdi, Zeynəb Xanlarova oxuyanda gördüm ağlayır. Bakıdan çoxdan getmişdi deyə çox kövrəlmişdi.

- Fidan xanım, neçə dil bilirsiniz?

- Azərbaycan və rus dillərini eyni səviyyədə bilirəm. Baxmayaraq ki, Azərbaycan bölməsində təhsil almışam, amma ətrafımda rusdillilər çox olub, evdə dayə də rus idi. Ərəb dili ixtisasımdır, türk dilini serialların hesabına bilirəm, hətta tərcümələr də edirəm. Orxan Pamukun “İstanbul. Xatirələr” romanından bir hissə tərcümə etmişəm.

- Tərcüməniz çap olunub?

- Bəli, bir fəsil qəzetdə çap olundu. Atatürkün yaxın dostu Xalidə Ədibin “Atəşdən köynək” adlı əsərini tam tərcümə elədim, çap da olundu.

- Orxan Pamukun yaradıcılığını sevirsizmi?

- Orxan Pamuk sevimli yazıçımdır. Demək olar, bütün əsərlərini oxumuşam, bəzilərini türkcə, bəzilərini rusca, yaxud azərbaycanca... Hansı dildə əlimə keçdi, oxuyuram.

- Özünüz heç nə yazmadınız?

- Yox, bir ailədə üç yazıçı türklər demiş, bir az fazladır.

- Rəsul Rza və Nigar Rəfibəyli haqda Anar “Sizsiz” adlı bir əsər yazdı. Siz nələri xatırlayırsınız, niyə yazmadınız?

- Nə xatırlayıramsa, hamısını Anar yazıb. Bir də mən nə yazım?.. Əlbəttə, xatirələr müxtəlifdir, Anar evləndi, evdən daha tez çıxdı, mənimlə bacım hələ evdəydik. Xatirələr çoxdur, amma mən yazmaq həvəsində və fikrində deyiləm. Hərdən cızma-qara edirəm, amma ortalığa qoyulası nə isə yazmadım.

- Təranə xanım da yazmadı?

- Yox, Təranə heç yazmır, mən hərdən nəyəsə təşəbbüs edirəm, Təranə yox.

- Anar “Sizsiz”də Rəsul Rza və Nigar Rəfibəylinin ölümündən sonra bir sirli hadisədən yazıb, sizin də adınızı çəkib, yəni bir növ şahid gətirib. Yazır ki, axşam idi, Bakıda Kitab Passajındakı evimizə getdik, qəfil işıqlar özü-özünə yandı.

- O hadisə bir neçə dəfə, bir neçə yerdə olub. Buzovnada atamın bağı var, orada ev ikimərtəbəlidir. Axşam yuxarı mərtəbəyə yatmağa çıxdıq, bir də gördük aşağıda işıq yandı. Özü də hamımız yuxarıdaydıq. Soruşdum, Anar işığı yandıran sənsən, dedi, yox, mən burdayam. Təranə sənsən, dedi, yox... Kim vardısa soraqladım, hamı yuxarıda, ikinci mərtəbədə idi.

Bir dəfə də Göyçaydakı evimizdə bu hadisə təkrarlanmışdı. Orada da ikinci mərtəbəyə çıxdıq, bir də gördük aşağıda işıq yandı. Bu nə idi, izah etmək çətindir, bilmirəm, nə ilə əlaqədar idi...

- Qardaşınız Anarın hansı əsərlərini oxumusunuz?

- Hamısını oxumuşam.

- Hansı əsərini oxucu kimi daha çox xoşlayırsız?

- “Əlaqə” povestini daha çox sevirəm. Mənə yaxındır... “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən pyes yazıldı, tamaşaya qoyuldu, film çəkildi, əsəri ora-bura o qədər dartdılar ki, nə isə ləzzəti qalmadı, Təhminə obrazı çox istismar olundu. “Sizsiz” gözəl əsərdir, ürək ağrısı ilə yazılan, dərin əsərdir, ümumiyyətlə, Anarın esseləri çox yaxşıdır, xoşuma gəlir.

- “Macal” necə?

- Yaxşı əsərdir. “O haqlı idi” adlı balaca hekayəsi var, çox xoşlayıram.

- Bəs qızı Günel Anarqızının yazdıqlarına münasibətiniz necədir, onları da oxuyursunuz?

- Əlbəttə, oxuyuram. Günel demək olar, mənim qızım kimidir. Onu da çox istəyirəm, bacımın iki qızını da, Turalı da...

- Rəsul Rzanın və ya Nigar xanımın övladlarını “yazın-yazmayın” deyə yönəltmək cəhdləri olubmu?

- Onlar həmişə fikirləşirdilər ki, özünüzün nəyə həvəsiniz varsa, onunla məşğul olun. “Mənim qızımsan, elə mənim kimi yazmalısan” sayaq təlqin olmayıb. Anar özü yazmaq istədi. Uşaqlıqda hekayə yazırdı, sonra davam etdirdi. Mənim yazmaq həvəsim yox idi, özümdə o cəhətdən istedad da görmürəm. Dil öyrənmək qabiliyyətim var, dilləri yaxşı qavrayıram.

Ərəb dili çox çətindir, müəyyən dərəcədə öyrənə bilmişəm. Dərs demək həvəsim var, müəllimliyi sevirəm. Düzdür, tələbələr dəhşətdir, oxumurlar.

- Nə mənada?

- Həm səviyyə çox aşağıdır, həm də oxumağa həvəsləri yoxdur. Uşağa yeməyi güclə yedirtdiyin kimi dili də bu cür öyrədirik. Bəzilərinin hüquq üzrə balı çatmayıb, gəlirlər şərqşünaslıq ixtisasına düşürlər. Halbuki şərqşünaslıq fakültəsi bir vaxtlar çox prestijli idi, hüquq fakültəsi onun yanında yalan idi. Hamı çalışırdı ki, şərqşünas ixtisasına yiyələnsin, xaricə getmək imkanı, yaxşı qazanc vardı. İndi elə deyil.

İkinci bir tərəfdən, məktəbdə yaxşı təhsil almırlar. Çox adi şeylərdən xəbərləri yoxdur. Televiziyada aparıcıları da görürəm, sözləri, vurğuları təhrif edirlər, kəlmələri düzgün tələffüz etmirlər.

- Bəlkə şərqşünaslıq fakültəsinin populyarlığının azalmasının da təsiri var?

- Əlbəttə, sonra iş tapa bilmirlər. Şərqşünaslığı qurtarıb tutalım, AMEA-da işləyəcəksən, ora da ərəbist doludur, maaşı da aşağı.... Radioda xarici verilişlər şöbəsi var, 4-5 əməkdaş çalışır, yerlər tutulub. Azərbaycanın ərəb ölkələri ilə iqtisadi əlaqələri zəifdir, region da qarışıqdır.

Sovet İttifaqının ərəb ölkələri ilə əlaqələri yaxşı idi. Elə olurdu bir qrupu 3-cü kursdan tərcüməçi işləməyə göndərirdilər.

- Nədən sizin ailə Hüsü Hacıyevdəki məşhur yazıçılar evində yaşamayıb?

- Atamgil hələ anası sağ olanda Bakının yuxarı hissəsində – “Paralelni” deyilən yerdə iki balaca otaqda yaşayıblar. Evlənəndən bir müddət sonra “Kitab passajı”nın üstündəki evə köçüblər, anası, həyat yoldaşı, bacıları hamısı birlikdə yaşayıb. Ömürlərinin axırınacan orada qalıblar.

- Gediş-gəliş yəqin çox olardı.

- Çox idi, ev elə yerdə yerləşirdi ki, o tərəfə gedən də, bu tərəfə gələn də qapımızı döyürdü. Əvvəla qohumlar çox gəlirdi – rayondakılar da, şəhərdəkilər də. Gənc şair, yazıçıları, jurnalistlər tez-tez gəlib atamdan, anamdan xeyir-dua alırdılar.

- Siz özünüz yaradıcı adamlardan kimlərin övladları ilə yaxın idiniz?

- Anar Sabit Rəhmanın oğlu Emin Sabitoğlu, Məmməd Arifin oğlu Araz Dadaşzadə ilə yaxın idi. Mən Səməd Vurğunun qızı Aybənizi tanıyırdım, məndən böyük idi, Mirzə İbrahimovun qızı Sevda Bülbül adına musiqi məktəbində oxuyurdu, amma rəfiqə olmamışıq. Sabit Rəhmanının qızları Gültəkini, Afəti tanıyırdım, ad günlərində gedib-gəlirdik. Əslində hamısını tanıyırdım, amma yaxınlığım olmayıb.

- Rəfiqələriniz kimlər idi?
- Məktəbdə oxuduğum qızlarla, bibim qızları ilə, rəhmətlik Salihə ilə rəfiqə idik.

- Bir vaxtlar Anarın adına qəribə bir izah vermişdilər. Guya mənası “anası Nigar atası Rəsul” deməkdir. Yeri gəlmişkən, sizin adınız necə yaranıb?

- O izah uydurmadı. Anar “anmaq” feilindəndir, yada salan deməkdir. Özü də icad olunmuş addır, Anar adı əvvəllər olmayıb. İlk Fidan adı da mənə qoyulub. Məndən böyük Fidan yoxdur, opera müğənnisi, xalq artisti Fidan Qasımova məndən kiçikdir. Tələbələrimin çoxu qızlarının adını Fidan qoyub. Təranədən böyük bu adı daşıyan var, ya yox – bilmirəm, hər halda o vaxt nadir ad idi.

- İnsan yaşlaşdıqca valideyninə yaxınlaşır, yoxsa onlardan uzaqlaşır?

- Yaxınlaşır, çox yaxınlaşır...Onları daha yaxşı başa düşürsən. Fikirləşirsən ki, indiki ağlım olsaydı, elə edərdim, belə eləməzdim... Yaxud düşünürsən bizim söhbətimiz necə tutardı. Cavanlıqda tay-tuşlarımızla vaxt keçirmək daha maraqlı idi, indi özlüyündə deyirsən, gərək onlarla daha çox təmasda olaydım.

- Siz valideynlərinzidən hansına daha çox bağlı idiniz?

- Anama daha yaxın idim. Əvvəla, həmişə evdə, yanımızda olurdu. Atam xaricə çox gedirdi, evdə az olurdu.

Həm də anamın xasiyyəti çox mülayim, yumşaq idi, heç vaxt acıqlanmazdı. Atamsa çox sərt idi, xasiyyəti tünd idi. Özü də heç vaxt heç nədən çəkinməzdi, sözü adamın üzünə deyərdi, dalınca danışmazdı.

- Bir qrup gənc yazarla Anar arasında vaxtaşırı qarşıdurma yaşanır. Sosial şəbəkələrdə gənclər Anarla bağlı tənqidi fikirlər səsləndirir. Bu məsələyə münasibətiniz necədir?

- Düzü, mən sosial şəbəkəyə daxil olmuram, xoşlamıram. Gənc yazıçılar deyəndə onlar kiçik qrupdur, heç onlara yazıçı da demək olmaz, bilmirəm nədirlər... Anarla guya onlar döyüşür. Krılovun “Slon i moska” (“Fil və küçük”) adlı təmsili var. Balaca küçük fili görüb hürməyə başlayır, fil isə ona fikir vermir, çünki onu görmür.

Siz Anarın etdiyinin mində birini edin, ondan sonra danışmağa ixtiyarınız çatar. Yerindən duran tənqid edir ki, desinlər nə cürətli adamdır. Bu, çox mənasız və ucuz həvəsdir. Demirəm, tənqid etməsinlər, tənqid olmalıdır, amma yerində və ədalətli...

Bizim evə o qədər xaricdən məşhur yazıçılar, rəssamlar, bəstəkarlar gəlirdi, elə onların söhbətinə qulaq asmaq özü təcrübə idi. Nazim Hikmət hər Bakıya gələndə bizdə qonaq olurdu. Gəlib şeirlərini oxuyurdu, atamın, anamın şeirlərinə qulaq asırdı. Bunlar hamısı unudulmaz şeylərdir, insanı zənginləşdirir.

- O vaxtlar videoçəkiliş də yox idi...

- Yox, inanırsınız, heç bəzən foto da çəkdirməmişik. Hərdən heyfslənirəm ki, kaş evdə çox şəkil çəkdirərdik. Düzdür, anamın, atamın, Anarın Nazim Hikmətlə şəkli var, mənim yoxdur. Moskvaya gedəndə onun bağında qonaq olmuşduq.

- Anarla görüşmək üçün Yazıçılar Birliyinə gedirsiz, yoxsa evinə?

- Çox vaxt Yazıçılar Birliyinə gedirəm, evi yuxarıdadır, ora çıxmaqdansa bura yaxın gəlir. Hərdən evlərinə də qonaq gedirəm. Tələsik bir şey olanda AYB-yə baş çəkirəm.

- Söhbətimizdə Nəsimiyə geniş yer verdik, bu il bildiyimiz kimi dövlət başçısının sərəncamı ilə “Nəsimi İli” elan olunub, hansı tədbirlərin keçirilməsini istərdiniz?

- Bu sahədə mütəxəssis deyiləm, fikrimcə, Nəsimi ilə bağlı tədqiqatlar davam etdirilməlidir. Rəsmi səviyyədə qəbrinin yanında məscid tikdirmək, xatirə lövhəsi qoymaq, əsərlərinə müasir səpkidə musiqili tamaşa hazırlamaq olar.


Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı

Oxşar xəbərlər