11 Aprel 2019 13:45
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf Media qrupunun redaksiyasında və “Libraff”kitab mağazasında “Çapar” tarix dərgisinin və Dilqəm Əhmədin “Milliyyəti Türk” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, müəllif tarixi dərgi çap etməyin çoxdankı arzusu olduğunu vurğulayıb.

Onun sözlərinə görə, klassik qaydada yüksək keyfiyyətdə çıxan jurnal aylıqdır, hər nömrədə Azərbaycanın məşhur tarixi şəxsiyyəti haqda dosye verilir, üz qabığında fotosu əks olunur: “İlk sayı ötən ilin dekabrında çıxdı, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar dərgimizi parlamentin 100 illiyinə ithaf elədik. Üz qabığında Məhəmməd Əmin Rəsulzadənin, ikinci sayımızda Əli bəy Hüseynzadənin fotosu verildi.

Mart ayını beynəlxalq qadınlar gününə uyğun olaraq xanımlara həsr etməyi düşündük, bu baxımdan üçüncü sayda Həmidə xanım Cavanşirin təsviri olacaq və dərgi bu günlərdə çapdan çıxacaq”.

Dilqəm Əhməd “Milliyyəti Türk” kitabını iki ildən çox bir otaqda əyləşdi mərhum yazar Mövlud Mövluda həsr etdiyini bildirib: “İstədik dostuğumuzun xatirəsinə bizdən də bir yadigar olsun. Teleqraf.com xəbər portalındakı müsahibələr, yazılar bu kitabda yer alıb”.

Müəllif vurğulayıb ki, kitablarında şəxsi kolleksiyasından istifadə olunur. O 4 ildir başda Məhəmməd Əmin Rəsulzadə olmaqla digər mühacirlərimizin arxivlərini topladığını deyib: “Artıq evdə bir muzeylik arxivim var. Təbii ki, ən böyük arzularımdan biri evdə muzey açmaqdır”.

Dilqəm Əhməd bu dəfə İstanbuldan 34 kiloqram kitabla qayıtdığını söyləyib: “Çoxu jurnal kolleksiyaları, nadir kitablardır və Azərbaycanda yenidir. Onların arasında Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” adlı İstanbulda yazdığı ilk kitabı da var. Özü cümhuriyyətin tarixini yazıb, həmin kitab İzmir sərgisində mükafata layiq görülüb. Ən önəmli cəhət kitabın imzalı olmasıdır.

Rəsulzadənin bir neçə imzası var. Bildiyiniz kimi 1923-cü ildə ərəb qrafikası qüvvədə olduğu üçün imzası da ərəb qrafikalıdır. Cümhuriyyət dövründə sənədlərdəki və ərəbcə yazılan məktublardakı imza məhz budur. Kitabı Cəlal Sahil adlı şairə imzalayıb. O, eşq və qadın şairi, “Türk yurdu” dərgisinin ən güclü redaktorlarından olub”.

Müəllif onu da qeyd edib ki, Azərbaycan Cümhuriyyətin ilk gerbi məhz onun kolleksiyasındadır: “Rəsulzadə həmin gerbi özü ilə mühacirətə gedəndə aparmışdı. Həmin gerb muzeydə olmaq əvəzinə, Binəqədidə evdən asmışam”.

Dilqəm Əhməd cümhuriyyətlə bağlı 23 sərgi keçirdiyini xatırladıb: “Bu il isə Əhməd bəy Ağaoğlunun 150-ci ildönümü ilə əlaqədar nəvəsinin hədiyyə etdiyi kolleksiya və arxivi sərgiləməyi planlaşdırmışıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər