Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
F.Əliyevin sözlərinə görə, bu günədək aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 60000-dən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib.
Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağacəkmə mövsümündə Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 550 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları davam edir.