Şagirdlər təhsillərini Zərifə Əliyeva adına liseydə davam etdirəcək
Regionlar da daxil olmaqla 11 liseydə təhsil alan şagidlər bundan sonra öz təhsillərini Zərifə Əliyeva adına liseydə davam etdirəcəklər. Bu liseydə təhsil alacaq şagirdlərin sayı isə 1500 nəfərdən çox olacaq.
ANS TV-nin məlumatına görə, təhsil nazirinin verdiyi əmrə əsasən, bağlanan məktəblər akademik Zərifə Əliyeva adına liseyin “Eksperimental pilot sinifləri” kimi fəaliyyət göstərəcəklər. Hazırda Zərifə Əliyeva adına liseydə Azərbaycan və rus dillərində təhsil verilir. Pilot liseylərdə isə təhsil ingilis dilində və ödənişli olacaq. Təhsil haqqı, müəllim heyəti və hər şey əvvəlki kimi qalacaq.
Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov deyir ki, Bakı, Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən liseylərdə oxuyan 3200 şagirdin təqribən 58 faizi məhz bu pilot siniflərdə oxuyacaq.
“42 faizi artıq digər təhsil müəssisələrində yerləşib və qeydiyyatı da bitib. Bütün pilot siniflərdə tam orta təhsil proqramından əlavə, ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaq”, - deyə Cəsarət Valehov əlavə edib.
Regionlardakı pilot liseylər isə elə orda mövcud olmuş, Beynəlxalq Təhsil Kompleksinin balansındakı lisey binalarında yerləşəcək. Şagirdlərin burda oxumaq seçimi də sərbəstdir. Valideynlər isə qərarı çoxdan gözləyirmişlər.
Xatırladaq ki, Beynəlxalq Təhsil Mərkəzinin balansında olan 11 lisey Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “paralel hökumət”lə mübarizə apardığı dönəmdə bağlanmışdı.
Bakıda keçirdiyi görüşdən sonra Ərdoğan ölkəsində belə bir açıqlama etmişdi ki, Gülən caamatı ilə bağlı Azərbaycanda da yüksək səviyyədə danışıqlar apardım.
Məhz bunun ardınca məktəblərin taleyi həll olundu. Amma hökumət həmin təhsil ocaqlarında işləyən müəllimlərin və yetişən şagirdlərin gələcəyini sual altında saxlamadı. İndi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi onu söyləyir ki, bağlanmış məktəblərin daşınmaz əmlakı Təhsil Nazirliyinə təhvil vermək üzrədir.