Mədəniyyət naziri Əbülfəs Qarayev mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Görüşdən sonra Əbülfəs Qarayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir sıra mədəniyyət müəssisələrinə baş çəkiblər.
Teleqraf.com-un məlumatına görə, nazir və icra başçısı ilk olaraq Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbində olublar. Əbülfəs Qarayev məktəbin fəaliyyəti, tədris prosesi ilə maraqlanıb, tövsiyələrini verib. Uşaqların ifasında konsert proqramı təşkil olunub.
Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, muzeyin 2 mindən çox eksponatı var. Ekspozisiyada məşhur tank qoşunları komandanının şəxsi əşyaları ziyarətçilərin xüsusilə böyük marağına səbəb olur.
Əbülfəs Qarayev muzeyin 50 illik yubileyinin qeyd olunması və əməkdaşlarının mükafatlandırılması haqqında tapşırıq verib.
Mətbuata açıqlama verən nazir bildirib ki, Lənkəranda keçirilən qəbulda da vətəndaşlarımız tərəfindən bir sıra maraqlı təkliflər səsləndirilib: “Bütün ölkə ərazisində olduğu kimi, bu bölgəmizdə də cənab Prezidentin mədəniyyət sahəsində apardığı islahatlar rəğbətlə qarşılanır. Mədəniyyət sahəsində çalışanların attestasiyası aparılaraq daha peşəkar, bacarıqlı insanların, eləcə də gənclərin mədəniyyət sahəsinin inkişafına cəlb olunması kimi məsələlər bu baxımdan olduqca əhəmiyyətlidir. Ölkəmizin bu bölgəsi tarixi abidələri ilə də zəngindir. Həmin abidələrin qorunması, onların mühafizə zonalarının müəyyənləşdirilməsi çox vacibdir. Həm Lənkəranda, həm də digər şəhər və rayonlarımızda tarixi abidələrin qorunması və bərpası ilə bağlı layihələrimiz var”.
Əbülfəs Qarayev qeyd edib ki, regionda musiqi sahəsində təhsilə xüsusi maraq var. Bu baxımdan ixtisaslaşdırılmış musiqi kollecinin yaradılmasına, daha yüksək səviyyəli kadr hazırlığına ehtiyac hiss olunur. Bu məsələ diqqətdə saxlanılacaq və gələcəkdə musiqi təhsili şəbəkəsinin təkmilləşdirilməsi təmin ediləcək.
Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpa olunması məsələsinə də toxunan nazir ilin sonuna qədər bu məsələnin həllini tapacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, bərpa işlərinə xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.