15 May 2019 20:26
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən Türk Şurası Gənc Diplomatlarının Altıncı Birgə Təlim Proqramı iştirakçıları ilə görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, Səməd Seyidov gəncləri salamlayaraq onları belə önəmli layihədə təmsil olmaları münasibətilə təbrik edib, peşəkar diplomat kimi formalaşmalarında bu proqramın əhəmiyyətli olduğunu bildirib.

Sonra gənc diplomatlara Milli Məclisin fəaliyyəti barədə məlumat verilib. Parlament komitələrinin qanun yaradıcılığı sahəsində gördüyü işlərdən danışılıb, qeyd edilib ki, parlamentin bir çox üzvünü qadınlar təşkil edir. Qadın deputatlar Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunurlar. Diqqətə çatdırıldı ki, parlamentdə beynəlxalq münasibətlərə xüsusi önəm verilir. Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələri ilə 80-dən çox parlamentlətarası əlaqələr üzrə işçi qrupları mövcuddur. Deputatlarımız bir sıra mötəbər beynəlxalq təşkilatlarda ölkəmizi layiqində təmsil edir, qaldırılan məsələlərlə bağlı fəallıq nümayiş etdirirlər. Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri qismində burada təmsil olunan həmkarları ilə birlikdə qurumun bütün tədbirlərində aktiv iştirak etdiklərini söylədi. Komitə sədri bildirdi ki, dövlətimiz öz xarici siyasətini qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur.

Görüşdə iştirak edən deputat Asim Mollazadə Azərbaycanın regiondakı mühüm rolundan danışdı, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verildiyini söylədi, iqtisadi, sosial, humanitar sahələrdə əldə edilən nailiyyətlərdən söhbət açıb.


Müəllif: Cavad