Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov 20-21 may 2019-cu il tarixdə Rusiya Federasiyasına səfər çərçivəsində Rusiya Milli Kitabxanasını ziyarət edib.
Azərbaycan İlahiyyat İnstitutundan Teleqraf.com-a verilən məlumata görə, qurumun Azərbaycan bölməsində ədəbiyyatla tanışlıq zamanı rektora məlumat verilib ki, hazırda burada Azərbaycan dilində 55 000 kitab saxlanılır. Qeyd edək ki, kitablar arasında böyük Azərbaycan alimi Mirməhəmməd Kərim Mircəfər əl-Bakuvinin Hacı Zeynalabdin Tağıyev tərəfindən nəşr etdirilmiş "Kəşfül-haqaiq" kitabı, həmçinin “Molla Nəsrəddin” jurnalı və “Əkinçi” qəzetlərinin orijinal nüsxələri, digər qiymətli əsərlər saxlanılır.
Sonra Aİİ rektoru Ceyhun Məmmədov Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunu ziyarət edib. İnstitutun direktoru İrina Popova və tanınmış rusiyalı islamşünas alim Prozorov Stanislavla görüş təşkil olunub.
Görüş zamanı İ.Popova ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, İnstitutun Azərbaycanın elmi müəssisələri ilə sıx əlaqələr qurduğunu diqqətə çatdırıb. Aİİ ilə əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, qarşılıqlı birgə fəaliyyətin faydalı olacağını diqqətə çatdırıb.
Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluğunu, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycan İlahiyyat İnstitutu haqqında ətraflı bəhs edən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı surətdə ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramları, layihələrin birgə təşkili və digər məsələlər müzakirə olunub.