1 İyun 2019 01:35
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycançılıq ideologiyasının universitet tələbələri arasında təbliği” layihəsi çərçivəsində Azərbaycan Neft və Sənaye Universitetində ikinci möhtəşəm tədbirini keçirib.

Tədbiri açaraq qonaqları və iştirakçıları salamlayan Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev cəmiyyətin inkişafına və birliyinə xidmət edən ideyaların tələbələr arasında təbliğinə həmişə ehtiyac olduğunu bildirdi. O, belə mühüm ideya ilə çıxış etdiyinə görə tədbirin təşkilatçılarına və ona dəstək verən QHT Şurasının rəhbərliyinə təşəkkürünü də ifadə etdi.

“Azərbaycançılıq ideologiyasının əhəmiyyəti” adı altında keçirilən tədbirdə İctimai Birliyin sədri Əlövsət Allahverdiyev giriş sözü söyləyib. Layihənin məqsədi barədə danışan Ə.Allahverdiyev deyib ki, əsas hədəfimiz cəmiyyətimizdə mövcud olan nizamı qoruyub saxlamaq üçün hazırda əsas və ən düzgün ideologiyaya çevrilən - azərbaycançılıq ideologiyasının gənclərə mənimsədilməsinə yardım göstərməkdir.

O, bunun üçün azərbaycançılıq ideologiyasının üstünlüklərinin aşkarlanması, cəmiyyətin daxili birliyinin qorunması istiqamətində birləşdirici ideyaların tapılması, xarici zərərli təbliğata qarşı gənclər arasında azərbaycançılıq ideologiyasının təbliği, azərbaycançılıq ideyasının cəmiyyətimizi qoruyan bir çətir kimi təbliğ olunması, cəmiyyətimizin və ölkəmizin inkişafı naminə azərbaycançılıq ideologiyasının müasir dövrdə alternativsizliyinin göstərilməsi kimi vəzifələrin həyata keçirildiyini bildirib.

Daha sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov çıxış edib. O çıxışı zamanı deyib ki, ulu öndər H.Əliyevin bütöv bir sistem təşkil edən nəzəri irsində və siyasi fəaliyyətində önəmli yer tutan məsələlərdən biri də Azərbaycançılıqdır. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, Azərbaycançılığın elmi-nəzəri, siyasi-ideoloji prinsiplərini müəyyənləşdirmiş və əsaslandırmış, eyni zamanda bütün fəaliyyəti boyunca bu ideologiyanın hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Ekspert çıxışı zamanı həmçinin bildirib ki, azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. “Ənənə keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür" – Faiq İsmayılov çıxışı zamanı deyib.

Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov öz təqdimatı ilə çıxış edib. O çıxışı zamanı bildirib ki, dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.

Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir. “Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır” – M.Rəhimov sonda deyib.
Daha sonra iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər