İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bununla bağlı keçirilən tədbirdə iştirak edib.
Tədbir zamanı uşaqlar üçün müxtəlif əyləncə proqramları təqdim olunub. Həyətdə uşaqlar üçün yeni salınmış oyun meydançası, maraqlı attraksion, sürüşkən və yelləncəklər onların böyük sevincinə səbəb olub. Cizgi film qəhrəmanlarının (maskotlar) və animatorların da qoşulduqları tədbir zamanı uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.