“Rus turistlərin Gürcüstana pulsuz çatdırılması üçün Bakı, Trabzon və İrəvan hava limanlarından pulsuz avtobus səfərləri təklif edir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Mehmanxanalar və Restoranlar Assosasiyasının başçısı Şalva Alaverdaşvili deyib.
O, qeyd edib ki, turistlərə Gürcüstana gəlməyin alternativ yollarını tapmağa kömək etmək üçün bütün imkanlardan istifadə etməyə çalışacaqlar.
Məlumatda bildirilib ki, turistlər üçün çarter uçuşları həyata keçirməyə hazırlaşan Gürcüstan tərəfi bunun üçün artıq Qazaxıstan və Ukrayna ilə anlaşıb.
Alaverdaşvili qeyd edib ki, rus turistlərin Gürcüstana girişi məhdudlaşdırılsa, bu, ölkəyə 750 milyon dollar (2.1 milyard lari) zərər verəcək.
Rusiya Prezidenti Vladimir Putin ötən həftə iyulun 8-dən Gürcüstana təyyarə reyslərinin dayandırılmasını tələb edən qərar imzalayıb. Qərar çərçivəsində turizm və hava limanı şirkətlərinə xəbərdarlıq edilərək, turistlərə Gürcüstana bilet satılmaması tövsiyə olunub.
Əlavə edək ki, ötən həftənin sonlarından Gürcüstanın paytaxtı Tiflisdə Rusiya əleyhinə etiraz nümayişləri başlayıb.