10 İyul 2019 14:44
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaşlı-başlı adamlar müasir ədəbiyyatı sovet ədəbiyyatı ilə müqayisə edib üstünlüyü Kobanın (Stalinin) yetirmələrinə verirlər. Səməd Vurğunun, Süleyman Rüstəmin şeirlərini sünnət olanda oxuyublar, hələ də yadlarında qalıb, nəymiş, Əlibala Hacızadənin “İtkin gəlin”i yüz min tirajla çap olunub”.

Teleqraf.com xəbər verir ki, bu sözləri şair Aqşin Yenisey deyib.

Onun sözlərinə görə, Qərb mədəniyyətinin üstündə dayandığı Aristotel məntiqi şəxsin xarakterindəki qüsuru ədəbiyyata gətirdiyi “hamartiya” kəlməsi ilə izah edirdi və Aristotel belə düşünürdü ki, qüsurlu xarakter cəmiyyətə yuxarı təbəqədən olan insanlardan gəlir:

“Aristoteldən Dikkensin “balaca adam” ideyasına qədər Qərb ədəbiyyatı yalnız yuxarı təbəqədən olan dramatik qəhrəmanlarla doludur. Qərb ədəbiyyatı əsrlər boyunca hamartiyalı insanları öz qəhrəmanına çevirməklə, bir növ, süzgəc rolunu oynadı, qüsurlu xarakterlər ədəbiyyatda filtrasiya prosesinə məruz qalaraq cəmiyyətə daxil oldular. Sənətin, ədəbiyyatın funksionallığı da bu süzmə, arıtlama prosesi zamanı üzə çıxır. Sovet ədəbiyyatı bu funksionallıqdan məhrum idi, çünki onun mövzularını yuxarı təbəqənin hamartiyalı adamları müəyyən edirdi.

Bizdə sənət tarixən kababın deserti kimi işə yaradığından üst təbəqədən olan qüsurlu xarakterlər, məsələn, Qarqantua və Pantaqureldən fərqli olaraq, ədəbi filtrasiyaya rast gəlmədən birbaşa cəmiyyətə daxil olurlar. Ədəbiyyatımızın zatı mədhiyyə xəmiri ilə yoğrulduğu üçün yuxarıdan gələn qüsurlu xarakter bizdə müsbət qəhrəman kimi tərənnüm olunur. Azərbaycanda hansı ailəni, nəsli qurdalasan, bu cür “müsbət qəhrəmanın” – ana arının işığına yığışdığını görəcəksən. İstənilən evdə borc dəftəri kimi qorunan toy siyahılarına baxın, görün orada ən çox pul yazdıran adam kimdir və həmin evdə o imkanlı şəxsin adı insanlığın hansı məqamında çəkilir”.

Aqşin Yenisey qeyd edib ki, buna baxmayaraq, sosial şəbəkələrdə hər kəs o adamları tənqid edir, hətta söyür:

“Bu natəmiz insani mənzərə dövrümüzə yaxın olan sovet ədəbiyyatının yaratdığı tablodur. Bu ədəbiyyat öz fundamental funksiyasını anlasaydı, ən azı, yazmamaq, susmaq haqqını kullansaydı, indi hər məclisin başında bir hamartiyalı möhtərəm oturmazdı.

Nəymiş, Bəxtiyar Vahabzadə imperiya siyasətini qamçılayan "Gülüstan" poeması yazmışdı və buna görə ona Lenin mükafatı verilmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər