Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimovun da iştirakı ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi - PETRA” layihəsinin 08-12 iyul 2019-cu il tarixlərində İspanya Krallığının Valensiya Politexnik Universitetində növbəti görüşü təşkil edilib.
Təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Dövlət, Xəzər və Slavyan universitetlərinin əməkdaşları iştirak edir. Təlimlərdə Azərbaycan universitetləri ilə yanaşı Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universiteti, Avstriya Respublikasının Viyana şəhərində yerləşən Viyana Tətbiqi Elmlər Universiteti, Macarıstan Respublikasının Debrecen şəhərində yerləşən Debrecen Universiteti və Finlandiya Respublikasının Jyvaskula şəhərində yerləşən Jyvaskula Universitetinin əməkdaşları iştirak edirlər.
Təlimin təşkili layihənin iş paketinə uyğun olaraq tərəfdaş Azərbaycan universitetlərində “Təlim və Öyrənmə mərkəz”lərinin yaradılması və mövcud vəziyyəti eləcə də, görüləcək işlərin planının hazırlanmasıdır. Layihənin əsas məqsədi təlim və təhsildə innovativ metodlarla tədrisin təşkilinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, seminar keçirilən müddətdə Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço və tərəfdaşlar layihənin gedişatında nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq mövcud vəziyyəti müzakirə edib gələcək fəaliyyəti planlaşdırdılar.
Tərəfdaş universitetlərin nümayəndələri bu görüşdən əlavə olaraq Valensiya Politexnik Universiteti tərəfindən təşkil olunan “Education Change Forum 2019” forumunda iştirak etdilər. Forumda dünya təhsilində gedən proseslər, yeniliklər və bu sahə üzrə çatışmazlıqların həlli yolunda çıxışlar dinlənildi. Plenar iclasda Valensiya Politexnik Universitetinin rektoru Francisco Mora, ABŞ-ın Olin Kollecinin vitse-kansleri Vicente Manno, “Quanser” şirkətinin icraçı direktoru Paul Gilbert, İngiltərənin London şəhərində yerləşən London Universitetinin Təhsil şöbəsinin direktoru Liza Jones çıxış etdilər.
Valensiya görüşü iyulun 12-nə qədər davam edəcəkdir.