Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında olduq.
Əsaslı təmirdən sonra insanların kütləvi şəkildə axın etdiyi park, görünür, sakinlərin xoşuna gəlmişdi. Yaşıllığın genişləndirilməsi, ahıl və qocaların istirahət guşələrində dincəlməsi, yeniyetmə və uşaqların əyləncəsi üçün müxtəlif attraksionların, oyun elementlərinin qurulması parkın cazibəsini artırmışdı .
Parkda istirahət edən sakinlərə yaxınlaşaraq, onların fikirləri ilə maraqlandıq.
Mais Həmidov dedi ki, parkın durumundan razıdır. Lakin bir neçə neqativ halları da dilə gətirdi: “Bəzi vətəndaşlar uşaqlarını skamyanın üzərinə ayaqqabılı çıxarırlar, skamyalar artıq qopmaq üzrədir. Uşaqlar üçün olan atraksionların, satlıq yeyəcəklərin qiyməti bahadır. Bundan başqa, zibil qutuları da azdır”.
83 yaşlı Məmmədov Oruc təəssüflə bildirdi ki, parkın ərazisində bulaqlar olsa, vəziyyət daha yaxşı olar: ”Qarşıdan yandırıcı istilər gəlir. Sərinləmək üçün bulaqların olması günvurma hallarının qarşısının alınması üçün ideal layihə olardı”.
Sərtif Qurbanəliyev də parkdan razı olduğunu bildirdi. Amma bir məsələ var ki, ondan narazıdır: “Bura 6 hektarlıq sahədir. Bir neçə nəzarətçi qoyulsa, hər şey qaydasında olar. Qazonun üzərinə necə gəldi çıxmaq, yediyi yeməkləri, cırtladıqları tumları yerə töküb gedən sakinlər var”.
Müsahibim park ərazisindəki restoranların qiymətindən də şikayətləndi: “Kimsə istirahətini daha mənalı keçirmək istəsə,qiymətlər çox bahadır. Park ərazisində yerləşən restoranlara yaxınlaşsaz, bunun şahidi ola bilərsiniz. Çox da lüks olmayan restoranda bir çaynik çayın qiyməti 5 manatdır”.