Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın atdığı bu addım hər hansı mətbuat orqanının maliyyə cəhətdən cəzalanması deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dillər Universitetinin hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayev bildirib.
Vəkilin sözlərinə görə, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməyə verilməsinə səbəb dəqiqləşdirilməmiş məlumatların rəhbəri olduğu mətbuat orqanında dərc edilməsidir:
“Bizə deyilir ki, bu məlumatlar hansısa mənbədən götürülüb. O mənbədən informasiyalar alınsa belə, dəqiqləşdirilməmiş, yoxlanılmamış məlumatlar olduğundan kiminsə ləyaqətinə, şərəfinə, nüfuzuna xələl gətirə bilər. İctimai nüfuzun zədələnməsi, ən azından bu istiqamətdə çalışmaq qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasına gətirə bilər”.
Vəkilin sözlərinə görə, Vüsalə Ağabəyli iddia edir ki, Kamal Abdulla onu naməlum telefon nömrələrindən zəng edərək övladlarının başına iş gələcəyi ilə bağlı təhdid edib: “Bunu da dərc olunan yazılarda qeyd edib. Biz bu məsələnin hüquqi aspektlərinin araşdırılmasının tərəfdarıyıq.
Bu qərar universitetin elmi şurası tərəfindən verilib.Yazılarda həmçinin universitetin ictimai nüfuzuna kölgə salınır. Bizim kimləsə şəxsi qərəzimiz olsaydı, Vüsalə Ağabəyli və digər xanımların universitetdə fəalyyətlərini davam etdirməsinə qarşı çıxardıq.
Vüsalə Ağabəylinin dosent adı alması üçün rektor Kamal Abdulla müəyyən sənədlərə imza atıb. Bu, bir daha universitetin şəffaflığı təmin etmək üçün ortada heç bir qərəzliyin olmadığını göstərir”.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetin rektoru Kamal Abdulla “Xural” qəzeti və saytının baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib.
Kamal Abdullanın məhkəməyə verdiyi şəxslər arasında jurnalistlə yanaşı, hazırda universitetdə fəaliyyət göstərən işçiləri də var.
Məhkəməyə təqdim olunan iddia ərizəsində yazıların böhtan hesab edilməsi və xural.com saytından çıxarılması, rektordan üzr istənilməsi, Əvəz Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edilir.