Ədviyyatlar yemək və şirniyyatlara xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün istifadə olunur. Onlar insan orqanizmi üçün çox faydalıdır. Dünyada ən çox ədviyyat istifadə edilən ölkə Hindistan və Türkiyədir.
Ədviyyatların insan orqanizminə faydaları müxtəlifdir - immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir, həzm sistemini tənzimləyir, ürəyə faydalıdır, orqanizmin şəkər istəyini azaldır, köp və həzm şikayəti olanlara müsbət təsir edir və sair.
Ədviyyatların ən faydalı xüsusiyyətlərindən biri də antioksidan təsir göstərmələridir. Güclü antioksidant xüsusiyyətləri olan ədviyyatlar orqanizmi müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin inkişafından qoruyur, orqanizmi cavanlaşdırır.
Ölkəmizdə ən çox istifadə edilən ədviyyatlar və onların faydalarını təqdim edirik.
Qırmızı bibər
Qırmızı bibərə acılıq verən içərisində olan "Capsaicin" maddəsidir. Hansı ki, o maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Eyni zamanda qrip və soyuqdəymə zamanı xəstəliyi yüngülləşdirir. İngiltərədə aparılan araşdırmalar nəticəsində qırmızı bibərin orqanizmin xərçəng xəstəliyinə müqavimətini gücləndirdiyi də müəyyən edilib.
Qara istiot
Qara istiot ölkəmizdə ən çox istifadə edilən ədviyyatlardan biridir. O qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti artırır.
Kəklikotu
Bu ədviyyat növü əsasən ət yeməklərində istifadə edilir. Həzm prosesini yaxşılaşdırır. Mədəni rahatlaşdırır və köp yaranmasının qarşısını alır. Kəklikotu qanda xolesterol səviyyəsini tənzimləmə xüsusiyyətinə də malikdir.
Adi cirə (kimyon)
Adi cirə xüsusilə süd verən analara müsbət təsir göstərir. Süd ifrazını artırır və körpənin kopünü azaldır.
Nanə
Həzmsizliyi aradan qaldırır və ürək bulanmaları azaltmağa kömək edir. Nanə stresi götürür, insanı rahatlandırır. Həmçinin yay-qış aylarında çay kimi istehlak edilə bilər. Boğaz ağrısı üçün də faydalıdır.
Zəncəfil
Bədəndə adrenalin ifrazını və enerjini artırır. Soyuqdəymənin müalicəsinə müsbət təsir göstərir. Tərkibindəki sink cinsi aktivliyi artırır.
Darçın
Darçın insulin hormonuna təsiri ilə qan şəkərini tənzimləyir. O orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan və qurdlardan təmizləyir, hətta xərçəng əleyhinə təsiri var. Meyvələrin üzərinə bir çay qaşığı darçın səpib yedikdə maddələr mübadiləsini sürətləndirir.
Sarıkök
Mədə xorasına qarşı faydalıdır. Xolesterinin səviyyəsini aşağı salır. Sarıkök alzeymerə yaxalanmaq riskini azaldan ən təsirli vasitələrdən biridir.
Onu da qeyd etmək lazımdır ki, ədviyyatların orqanizmə faydaları ilə yanaşı əks təsiri də mümkündür. Belə ki, qida rasionunda normadan artıq istifadəsi insan sağlamlığına mənfi təsir göstərə bilər.
Ədviyyatların əsasən 5-10 qramdan artıq istifadəsi normadan artıq hesab olunur və insan sağlamlığı üçün təhlükələr yarada bilər.
Bunlara misal olaraq adaçayı və darçın normadan artıq istifadə edildikdə sancılara səbəb olur, eləcə də sedativ xüsusiyyətlərə malik mixək insanda yorğunluq yaradır.
Cirə
Bu ədviyyat növündən normadan artıq istifadə edildiyi təqdirdə insanda yorğunluq yarada, həmçinin görmə pozğunluğuna gətirib çıxara bilər.
Ardıc
Bu ədviyyatın normadan artıq istifadəsi böyrəklərin fəaliyyətində bir sıra fəsadlara yol aça, habelə hamilə qadınlarda uşaq düşməsi riskini artıra bilər.
Qara istiot
Gün ərzində normadan artıq istifadə ateroskleroz xəstəliklərinə səbəb ola, orqanizmdə təzyiqin qeyri-stabil hal almasına gətirib çıxara bilər. Bununla yanaşı, mədə ağrılarından əziyyət çəkən insanların istifadə etməsi tövsiyə olunmur.
Qırmızı bibər
Ekzema və ürək-damar çatışmazlığından əziyyət çəkən insanların bu ədviyyədən mümkün qədər istifadə etməmələri tövsiyə olunur.
Zəfəran
Normadan artıq istifadəsi toksiki təsirə səbəb olur.
Sumaq
Normadan artıq istifadə maddələr mübadiləsini zəiflədə, qəbizliyə səbəb ola bilir.
Araşdırmalar göstərir ki, yeməklərə ədviyyat əlavə edilməsi duzdan istifadəni azaltma yollarından biridir. Belə ki, Amerika Ədviyyat Ticarətçilər Birliyinin (ASTA) məlumatına görə, qidalarda qara bibər, sarımsaq tozu, adi cirə, razyana, zəncəfil, keşniş və reyhan, şüyüd kimi quru otlardan duzun ləzzətini təmin etmək üçün istifadə edilə bilər.
Növ zənginliyi ilə seçilən ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20°C temperaturda, nisbi rütubəti 75 faizdən çox olmayan yerlərdə saxlamaq lazımdır. Onların saxlanma müddəti məhsulun istehsal vaxtından asılı olaraq bir ili keçməməlidir./saglamolun.az/