Bu il Bakı Ali Neft Məktəbinə qəbul olunanların orta balı ölkə üzrə ən yüksək göstəricidir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə BANM-də 15 sentyabr - Bilik Günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərkən deyib.
Bu məktəbin 3 ildir fəaliyyət göstərdiyini xatırladan M.Abbaszadə bildirib ki, tələbələrin ən yüksək kapitalı bilikdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev BANM-ə qəbul olunan tələbələri təbrik edib. O bildirib ki, bu gün artıq Azərbaycanda yüksək səviyyəli təhsilin verilməsinə başlanılıb, gənclərə bütün şərait yaradılıb. Hazırda Sumqayıt Texnologiyalar Parkında artıq 3500-yə yaxın insanın calışdığını xatırladan R.Abdullayev bildirib ki, bu məktəbə qəbul olmaq istəyən Sumqayıt şəhər məzunlarının sayının artması sevindirici haldır.
BANM-in rektoru Elmar Qasımov deyib ki, məktəbə bu il üç ixtisas üzrə 120 tələbə qəbul olunub. Onun sözlərinə görə, tələbələrin bu məktəbə qəbul üçün orta balı illər üzrə artır. Bakı Ali Neft Məktəbinə qəbul üçün orta bal 2012-ci ildə 631, 2013-cü ildə 656, 2014-cü ildə 668 olub. Bu ballar indiyədək ali təhsil sistemində ən yüksək göstəricidir. Bu il BANM-ə qəbul olunan tələbələrin 17-si Prezident təqaüdçüsü olub, ötən il isə bu rəqəm 15 idi.
Rektorun sözlərinə görə, Bakı Ali Neft Məktəbini təhsil almaq üçün əsasən Bakı şəhərinin məzunları seçirlər. Amma BANM-ə qəbul olunan Sumqayıt məzunlarının sayı da bu il iki dəfə artıb: "Hər il 3-4 tələbəmiz kursda qalır. Ona görə də tələbələr təhsillərinə çox diqqətlə yanaşmalıdırlar. Tələbələrimiz istehsalat təcrübəsinə də nəzarətimiz altında gedirlər. Bu il bizim 4 tələbəmiz istehsalat təcrübəsinə o qədər diqqətlə yanaşmadıqlarından onların kreditlərini saxladıq".