19 Sentyabr 2019 15:24
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yazını AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. Çünki Feysbuku ancaq məzələnmək üçün istifadə edən mən, həmişə düşünmüşəm ki, kimə nə axı mənim şəxsi fikrimdən? Amma müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi fikir bildirməyi özümə görəv bilirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur Feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, bu yazının dəhşətli emosional, qəzəbli bir şey olacağını bilir:

"Çünki içində böyüdüyüm qorxulu bir ailə insanın içinə tarif olunmaz duyğular yükləyir. Bir də onu bilirəm ki, bu yazıya görə hətta proqressiv insanlar tərəfindən də qınanacam, "çünki o sənin atandır". Çünki atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb-filan.

Amma, məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox.

Anamın boşanma çabalarının (ki bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var, sadəcə, bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağılalmaz və kreativ dozası anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, "mənimlə şəkil yayın Fesybukda" deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası... - bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.

Bütün bunlar sirr deyil əslində, qulaqdan dolma nə qədər adam bilir "ailəmizdə" olanları. Anama qırx dəfə qolundaki, üzündəki izlərin nə olduğunu soruşan adamlar da tipik "qapıya dəymişəm" cavabını 3-cü dəfədən artıq eşidəndə mövzunun nə olduğunu anlayıblar. Hətta bəziləri birbaşa mövzunun içində olub, Səadət Cahangir kimiləri və onlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar.

Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixolojik gücümün yetmədiyi o yaranı görəndə "sən də az deyilsən də Zümrüd, dilinə yiyə dur" kimi bir şey dediyini özü də danmaz.

Hətta Əli Kərimli ailə psixoloqluğuna sovunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?" Bəs siz Əli Kərimlinin "qonşu arvad" rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, az, çörəyivi verir? Sus otur da!

Belə gördüm ki, bu Cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır, - bunu başa düşdüm, kadr yoxdur - amma adam canini yox, qurbanı qınayır ki, "siz düz etmirsiniz". Qalan üzvlər də anama necə "yaxşı at özünı qamçı vurdurmaz" deyir, onu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ bütün bunları bilən adamlar niyə uşaqlar "Yağmur" soyadını istifadə edir" deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, "hamı deyir ki, o evdə Fuadı saymırlar" başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı daha bir gün qorxu filminə çevirirlər. Adam bu qədər necə iyrənc olar? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadaki bu əxlaqsızlıq potensialı gözümü yaşardır, vallah!

Uzun sözün qısası, 2009-dan bəri bu cür tükürpərdən bir durumun içindəyik. Hər gün, hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, "uşaqları səndən alacam" mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq.

Amma bütün bunlardan əvvəl açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm.

Qan bağları primal, heyvani şeylərdir. Başqasında bağışlamayacağım şeyi, sırf eyni müqəddəs qana filan sahibik deyə, öz atamda bağışlayacaq deyiləm. Bəlkə də "tipik Şərq ailəsi" dozundakı zorakılıq şəxsi travmam olaraq qalardı. Amma bu fərqlidir. Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızının dizini sındırıb, sonra "anan danışmasaydı, mən belə əsəbi olmazdım" deyə heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı mənim adımın üzərinə ola bilməz. "Fuad Qəhrəmanlının qızı" kimi anılmaq istəmirəm, dirəşib məni "Qəhrəmanlı" çağırmalarını da istəmirəm.

Yox, profilim oğurlanmayıb. Lütfən, yazı şəklim çox barizdi.

Belə... Bir mətn ilk dəfə məni bu qədər yordu".

Qeyd edək ki, Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını bildirsə də, Selcan Yağmurun rəfiqələri sözügedən statusa yazdıqları şərhlərdə axır ki, bu həqiqətlərin ortaya çıxdığını bildiriblər. Bu da o deməkdir ki, Selcan Yağmurun profili oğurlanmayıb və sözügedən status məhz onun özü tərəfindən yazılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər