Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Bilik günü" münasibəti ilə tanınmış alimlərin bölgələrdə mühazirələrini təşkil edib. "İlboyu bilik" proqramı çərçivəsində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində ikinci dərsi deyib.
Teleqrafşcom-un məlumatına görə, tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, müavinlər Qasım Qasımov, Gülnisə Ələkbərova, Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatınin sədri Bəxtiyar Abbasov, rayon ziyalıları və qonşu kəndlərdən bir çox müəllim və şagirdlər iştirak ediblər.
Akademik Kamal Abdullayevin mühazirəsi məktəblilərin, rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ziyalıların böyük marağına səbəb olub. Azərbaycanın bugünkü tərəqqi yolundan danışan dövlət müşaviri ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafina göstərdiyi qayğıdan söz açıb.
Sonda məktəblilərin suallarını cavablandıran K.Abdullayev onlara maraqlı kitablar hədiyyə edib. Məktəbin direktoru Bilik Fondunun Şamaxı rayon üzrə nümayəndəsi Gülnurə Babaşova bütün müəllim və şagirdlər adından Kamal Abdullayevə məktəblilərə göstərdiyi diqqət və qayğıya və dolğun mühazirəyə görə təşəkkürünü bildirib.
Sevil