Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ailəsi ətrafında gedən müzakirələrə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Zümrüd Yağmur qızı Selcanın atası haqda məlum yazısını onun tövsiyəsi ilə yazmadığını bildirib.
Baş verənlərə Feysbuk hesabındakı paylaşımı vasitəsilə aydınlıq gətirən Zümrüd Yağmur qeyd edib:
“Nə baş vermişdi? Bir gənc zorbalıqdan yazmışdı. Mən bunu edərdimmi? Yox! Çünki görünür mən özüm də, deyildiyi qədər sağlam və güclü deyilmişəm. Selcanın yazmasını istərdimmi? Yox. Çünki “haqq” deyib haqsızlıq edənin, “bəlkə topluma bir yararı olar” düşüncəsindəydim, amma Selcan “evdə zorba olan yürütdüyü siyasət də zorba olacaq, onda cəmiyyətə fayda olmaz” düşüncəsində idi.
Məni illərin təcrübəsi “müdrikləşdirmişdi”, Selcanın cəsarətini isə hələ həyat qəlibləşdirməmişdi. Mən özümü aldada bilirdim, Selcanı isə yox. O, həqiqətin düz üzünə baxırdı”.
Daha sonra Zümrüd Yağmur əlavə edib:
“Vay namus əldən getdi” deyənlər özünüzün etdiyinə baxın. Zorbalığı, şiddəti öz mənafeyinə və ya kor-koranə müdafiə edənlər siz hansı namusdan danışırsınız? Güzgüyə baxın, kimliyinizi, zehninizdəki əxlaqsızlıq fantaziyalarını etiraf edib sonra danışın. Öz profilində paylaşdığı fotoları tirajlayıb böyük cümlələr quranlar, bəlkə siz özünüzlə daha səmimi olasınız. Aman Allah bu ölkədə nə qədər məsum” insanlar varmış?
Selcanı Nərmin Şahmarzadə ilə şərab içməkdə linç edənlər ucuz adamlarla ucuz kafe köşələrində ucuzluq edib ailəsinin yanına gəlib yalan danışanlar, Nərminin hətta mən belə məlum yanaşmasını qəbul etməsəm də o sizdən səmimidir. Bəli, mən onun məlum fikirlərini bölüşmürəm, amma fikir onun fikridir və mən onu linç edə bilmərəm. Ey müsəlmanlar, həzrəti Əli döyüşdə üzünə tüpürən əsgəri öldürmədi, “bu qisas olar, cihad yox” dedi. Bu böyüklükdən çox aşağısınız, özünüzə gəlin”.
Əlavə edək ki, Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasını anası və onu fiziki zorakılığa məruz qoymaqda ittiham etmişdi.