Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş 6-cı Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatdı.
Sərgidə olduğumuz müddətdə diqqətimizi kitabsevərlərin sərgiyə böyük həvəslə təşrif buyurmaları çəkdi.
Alıcıların maraqla kitab qiymətlərini soruşduğu "Qanun" nəşriyyatının direktoru naşir Şahbaz Xuduoğluna yaxınlaşırıq.
Şahbaz Xuduoğlu deyir ki, nəşriyyatı sərgidə artıq bir neçə ildir ki, iştirak edir: "Ötən ilə nisbətən bu il oxucu sayında canlanma var. Sevindirici haldır ki,əvvəlki illərlə müqayisədə insanlarda kitab oxuma sevgisi artıb. Biz də nəşriyyat olaraq bunun üçün çalışırıq".
Şahbaz Xuduoğlu dedi ki,alıcıları ən çox əcnəbi yazarlar maraqlandırır. Daha sonra "TEAS Press" -ə yaxınlaşırıq.
Burada yazıçı Orxan Adıgözəlin imza saatı keçirilirdi. Müəllifi olduğu "Əngəlsiz arzular" kitabına oxucu marağı da çox idi. Kitabla tanış oluruq. Kitabda təsadüfi qəza nəticəsində ayağının itirən Nihad adlı uşağın bir də heç vaxt dostları ilə futbol oynaya, top dalınca qaça bilməyəcəyini düşünməsi, amma bir müddət sonra bu arzusunu həyata keçirməyin mümkün olduğunu bilməsi və iradəsini toplayaraq arzularının dalınca getməyə qərar verməsi təsvir edilir.
Orxan Adıgözəl dedi ki, bu əsərdə fiziki imkanları məhdud uşaqların mübarizəsi, cəmiyyətə inteqrasiyası, onların duyğuları əks olunub. Daha sonra həmin nəşriyyatın "Piar və Marketinq Şöbəsi"nin meneceri Aysel Zahidqızı bildirdi ki, nəşriyyat bu sərgidə artıq 3 ildir ki,iştirak edir: "Hər iştirak etdiyimiz il oxucularımıza yeni kitablar təqdim edirik. Bu il də belə oldu.
Ümumiyyətlə, "TEAS Press" nəşriyyatı oxuculara "Yay nəşri"," 3 alma", "Teas Press" "Təməl" olmaqla 4 bölmə fəaliyyət göstərir. Bu bölmələrin hər biri müxtəlif qrup oxucularımızı əhatə edir. "3 alma" və "Təməl" uşaqlar,"Teas Press"və "Yay nəşri"böyük yaş qrupları üçün nəzərdə tutulub. Qarşımızdakı illərdə sərgilərdəki kitab sayımızı artırmağı düşünürük".
"Xan" nəşriyyatından bildirdilər ki, kitablara 33-50 faiz arasında endirim qoyulub. Oxucuların əsas marağı da "bestseller"lərədir. Yazar Tural Cəfərov (Qan Turalı) vurğuladı ki, sərgilərin olması təqdirəlayiqdir. Amma xarici nəşriyyatların da sayının çox olmasına şərait yaradılsa, yaxşı olar. Sərgidə Fransa, Kolumbiya, İran,Türkiyə, Rusiya və Çinin stendləri də yer alırdı.
Oxucu Solmaz Əlili, özünün təbirincə desək,"kitab qurdu"dur: "Sərgiyə cox adamın gəlməsi, müxtəlif kitablarla tanış olması, alması sevindiricidir. Bu, ölkəmizdə də kitab oxunma sayının artdığını göstərir. Kitablara pul xərcləməyə "qıymadığımız" zamanlar geridə qalıb".
"Hansı əsərləri oxumağa üstünlük verirsiniz?" sualını Solmaz Əlili belə cavablandırdı: "Ədəbiyyatımızın möhürünü vurmuş dahilərimizlə yanaşı, müasir yazarlarımızın əsərlərinə də oxuyuram. Amma, dünya ədəbiyyatı incilərinə daha çox önəm verirəm. Bu, oxucunun öz ölkəsindən kənara çıxması deməkdir. Sevdiyim əsərlər Vladimir Nabokovun "Lolita" romanı, "Böyük Qetsbi" (Frensis Skott Ficerald), "İtirilmiş zaman axtarışında" (Marsel Prust), "Uliss" və "Dublinlilər" (Ceyms Coys), "Yüz ilin tənhalığı" (Qabriel Qarsia Markes) və s.dir".
Digər oxucu Kənan Məmmədov da yerli və xarici yazarlar mövzusunda Solmaz Əlili ilə eyni fikirdədir. Kənan Məmmədov düşünür ki, ədəbiyyat tariximizin mütəfəkkirlərinin əsərləri müasir yazarlarımızın ortaya çıxartdığı nümunələrdən qat-qat artıqdır: "Çox təəssüflər olsun ki, müasir yazarlarımız o yazıçılarımızı bəyənməyib, əsərlərində "nöqsan" tapırlar.Amma,özlərinin ortaya çıxartdıqları əsərlər bəzən gülməli olur.Mən daha çox əcnəbi müəlliflərin əsərlərinə üstünlük verirəm. "Küy və qəzəb" (Uilyam Folkner), "Mayaka" (Virciniya Vulf), "Hekayələrin tam külliyatı" (Flanneri O'Konnor) və "Öləzimiş alov" (Vladimir Nabokov), "Anna Karenina" (Lev Tolstoy), "Madam Bovari" (Qüstav Flober), "Hərb və Sülh" (Lev Tolstoy), "Heklberri Finnin macəraları" (Mark Tven), "Hekayələr" (Anton Çexov), "Midllmarç" (Corc Eliot), "Mobi Dik" (German Melvill), "Böyük Ümidlər" (Çarlz Dikkens), "Cinayət və cəza" (Fyodor Dostoyevski), "Emma" (Ceyn Ostin).
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Fidan Axundova Kitab Sərgi-Yarmakasında 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumların iştirak etdiyini və kitablarının satışını həyata keçirdiyini bildirdi: "Bunubla yanaşı,sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər də keçirilib".