Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Milli adət-ənənələrimiz və müasirlik” mövzusundakı ikigünlük regional konfrans yekunlaşıb.
DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın ikinci günü bir sıra maraqlı məruzələrlə yadda qalıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov “Azərbaycanın Şimal bölgəsində ənənəvi İslam” mövzusunda məruzə ilə çıxış edib. O, tarixən ölkəmizdə mövcud olan islam dəyərləri, ənənəvi məzhəblər və onlar arasında olan tolerantlıq ənənələrindən danışıb. Mövzunun davamı olaraq Bakı İslam Universitetinin müəllimi Aslan Həbibov “Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi” adlı məruzəsində son illərdə yayılan qeyri-ənənəvi, radikal dini cərəyanlara qarşı ənənvi islamın düzgün təbliğ edilməsi ilə qarşısının alınmasının vacib olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov “Milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında dini icmaların yeri və rolu” mövzusundakı məruzəsində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi və xüsusən də gənclərimizin bu ruhda yetişməsi üçün din xadimlərinin, dini icmaların fəaliyyətinin vacib olduğunu vurğulayıb.
Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları” adlı məruzəsində ruhanilərin və din xadimlərinin dinimizin təbliğ edilməsi istiqamətində apardığları işdə cəmiyyətin ayrı-ayrı fərdlərinin xüsusiyyətlərinə uyğun metodlardan istifadə edilməsinin əhəmiyyətini qeyd edib.
Çıxış edən Quba rayonu Qırımızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Boris Simanduyev bildirib ki, Azərbaycanda bütün dini icmalar birgə tolerant şəraitdə əsrlərdir yaşayıblar. Buna misal olaraq Simanduyev qeyd edib ki, Azərbaycanda yəhudilərin adət-ənənələrinin qorunub saxlanmasında müsəlmanların böyük xidmətləri olub. Ona görə də mən bütün yəhudilər adından müsəlman Azərbaycan xalqına təşəkkür edirəm.
Konfransın bağlanış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, din xadimləri növbəti konfranslar üçün onları maraqlandıran mövzular təklif edə bilər, eyni zamanda təklif etdikləri din alimləri də DQİDK tərəfindən konfranslara cəlb edilə bilər.
Bu konfranslarda məqsədin tək maarifləndirmə deyil, həm də dini icmaların təşkilatlandırılması və təlimatlandırılmasının olduğunu diqqətə çatdıran. G. İsmayılov növbəti konfranslara dindarların cəlb edilməsi prosesində icmaların yaxından iştirak etməsinin zəruriliyini qeyd edib. Çünki dini icmalar və din xadimləri regiondakı dini durumu daha yaxşı bilir və gənclərimizin dini maarifləndirilmə istiqamətində faydalı olan bu cür tədbirlərə cəlb edilməsi onların gələcək inkişafı üçün əhəmiyyətli olacaqdır.
BƏXTİYAR