FHN-nin Cənub Regional Mərkəzi Lerik rayonu Kəlvəz kənd tam orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Dövlət Yanğın Mühafizə Xidmətinin (DYMX) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX Lerik rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Lerik rayon İcra Hakimiyyətinin, Lerik rayon Təhsil şöbəsinin əməkdaşları, Kəlvəz kənd tam orta məktəbinin şagird-müəllim kollektivi, texniki işçiləri və valideyinlər iştirak ediblər.
Məktəblilərə və müəllimlərə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları haqqında məlumatlar verilib.
“Təhlükələr zamanı təşvişin, ajiotajın yaranmasının səbəbləri və qarşısının alınması”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “Evinizdə olan 10 təhlükəli əşyadan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edirsinizmi?”, “Tədris müəssisələrində yanğın təhlükəsi zamanı davranış qaydaları haqqında” və “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.
Tədbirin sonunda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” nə dair video- çarx nümayiş olunub, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb.
İlhamə