“Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm qrafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır”.
Teleqraf.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.
“Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır” - deyə, dövlət başçısı əlavə edib..