Azərbaycanda dünyada bir ilk olan ictimai işlərə nəzarət qurğusu fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda keçirdiyi ictimai təqdimatda nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. O bildirib ki, sözügedən qurğu artıq beynəlxalq tədbirlərdə nümayiş etdirilib:
"Bu qurğu dünyada böyük marağa səbəb olub. Nəzarət qurğusu bizim öz məhsulumuz və öz layihəmizdir. Artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür.
İctimai işlərə nəzarət qurğusunun mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Şəxs iş yerinə gəldikdə icitmai işlərə nəzarət qurğusunu işə salır. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri monitorinq mərkəzində göstərir. Həmin şəxs işi bitdikdən sonra qurğunu söndürür. Bu qurğu vasitəsi ilə biz həmin şəxsə tam olaraq nəzarət edirik. Bu sistem cəmi 2 aydı tətbiq edilir. Artıq bir neçə məhkum pilot rejimdə izlənilir. Göstəricilər isə 100 faizə yaxındır və hər hansı pozuntular aşkar olunmayıb".