20 Noyabr 2019 15:00
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir çox siyasətçiləri, azadlıq mübarizləri kimi, elm adamlarının, ədiblərinin, publisistlərinin də taleyinə mühacir həyatı yaşamaq, qürbətdə ömür sürmək, vəfat etmək yazılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, işğallar, kütləvi repressiyalar və digər tarixi hadisələr onlara doğma torpaqlarında nəinki yazıb-yaratmağa, heç yaşamağa da imkan verməyib. Bəzilərinin isə ailəsi, övladları bu taleyi yaşayıblar.

Son illərdə Azərbaycan aydınlarının irsini araşdıran jurnalistlər, tədqiqatçılar onların ölkəmizdən uzaqda yaşayan nəvə və nəticələri ilə tanış olublar. Azərbaycanın dəyərli ziyalılarının yadigarlarının Azərbaycana gəlməsini, ulu babalarının adlarını daşıyan, irsinin qorunduğu muzeylərlə tanış olmasını, yubileylərində iştirak etməsini təmin ediblər.

Teleqraf.com mövzunu gündəmdə saxlayaraq ədəbiyyat adamlarına belə sualla müraciət edib:

Azərbaycan ədiblərinin nəvə və nəticələrinin ölkəmizə gəlişini, ölkə ictimaiyyətinə təqdim olunmasını necə qiymətləndirirsiniz?

AYB Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz: “Ümumiyyətlə, mən ədəbiyyatda, sənətdə qan qohumluğunun axtarılmasının əleyhinəyəm. Bizim müqəddəslərimiz var, peyğəmbərlərimiz var, onların qohumunu, nəticəsini axtarıb araşdırmırıq. Məsələn, mən özümü Cəlil Məmmədquluzadənin də, Mirzə Fətəli Axundovun da nəticəsi hesab edirəm”.

Araşdırmaçı jurnalist Dilqəm Əhməd: “Bilirsiniz ki, mən özüm bir neçə ildir mühacirətə gedən aydınlarımızın varisləri ilə görüşürəm. Onlarla söhbət etmək, onlardakı ailə arxivləri ilə tanış olmaq, xatirələrini dinləmək çox maraqlıdır və önəmlidir. Mən bu görüşlər sayəsində nə qədər yeni bilgilər təqdim edə bilmişəm.

Onların bəziləri Azərbaycana gəlib gedirlər. Məsələn, Almas İldırımın oğlu tez-tez gəlir. Bu il Əhməd bəy Ağaoğlunun nəticəsi Bakıya gəldi, tədbirlərdə iştirak etdi. Bəziləri isə məqsədli şəkildə gəlmirlər. Atalarından eşitdikləri Azərbaycan təsəvvürünü pozmaq istəmirlər. Onları da anlamaq mümükündür.

Təbii ki, varislərin gəlişinə sevinirəm. Dövlətimiz bu işdə daha da həssas olmalı, onların mütəmadi səfərlərini həyata keçirməli, arxiv materiallarının surətini çıxarmalıdırlar.”

Yazıçı-publisist Natəvan Dəmirçioğlu: “Bunun ədəbi mühitə o qədər də ciddi təsir edəcyini düşünmürəm, ona görə də ədəbi hadisədən daha çox, siyasi, ictimai, gərəkli hadisə hesab edirəm. Söz yox ki, istənilən tədbir ədəbi mühitin canlanmasına, müəyyən fikir mübadiləsinə səbəb ola bilir. Bunu daha çox ictimai-siyasi hadisə kimi dəyərləndiririəm.

Azərbaycanın ən ciddi məsələlərindən biri azərbaycançılıq ideyasının yayılmasıdır. Bu məsələdə dünyaya səpələnmiş soydaşlarımzın təşkilatlanması, onların vətənlə əlaqəsi, Azərbaycan həqiqətlərini dünyaya çatdırılması kimi ciddi məqamlar var. Bundan heç də az əhəmiyyət daşımayan məsələ isə dünyada Azərbaycan lobbisini formalaşdırmaqdır. Bu işdə vaxtilə Azərbaycandan mühacirət etmiş insanların özləri və nəsil şəcərələri bizim üçün potensial qüvvə ola bilər. Yəni hər hansı səbəbdən xaricə getmiş, orada yaşamış insanların törəmələri ilə bugün əlaqə yaratmaq, onların vətənlə rabitəsini təmin etmək Azərbaycanın özünün və həqiqətlərinin dünyaya tanıdması işinin başlanğıcı kimi qiymətləndirilə bilər.”

Yazıçı Səfər Alışarlı: “Əlbəttə, yaxşı olar ki, dəyərli insanlar heç zaman Azərbaycandan kənarda yaşamasın, genetik baxımdan milli kodlarını öz vətənimizdə qoruyub saxlasın və davam etdirsinlər. İnsanlarımızın mühacirətdə yaşamasına yaxşı baxmıram. Azərbaycan barlı-bəhərli ölkədir, burada 50 milyon insanın da yaşayıb işləməsinə şərait yaratmaq olar.

Mirzə Cəlil kimi çox məşhur bir yazıçının nəvə-nəticələrinin xoş təsadüf nəticəsində Azərbaycanı ziyarət etməsi sevindirici haldır. Onların qəribə taleyi olub, mən bunu müzakirə etmək istəməzdim. Ancaq jurnalistin axtarışları nəticəsində tapılmış bu insanların dəvəti mübahisə yaratdı. Jurnalistin dediyindən bunu anladım ki, məlum şəxs maddi imkanlarından istifadə edərək onun haqqını danıb, qonaqlarla görüş tədbirlərində onu dəvət etməyib, bu işə onun verdiyi töhfəni heç yerdə qeyd etməyib. Məncə, bu, elementar etika məsələsidir.

Digər bir məsələ, tutaq ki, onların Azərbaycanda qalıb yaşamaları ilə bağlı ola bilər. Təcrübə göstərir ki, bəzi belə adamlar hökumətdən Bakının ən gözəl yerlərində mənzil alandan sonra dərhal satıb gəldikləri yerə qayıdırlar. Moskvada yaşayan bəzi həmyerlilərimiz adətən belə edir.

Mirzə Cəlil törəmələrinin belə bir fikirdə ola biləcəyini düşünmürəm. İnanıram ki, Mirzə Cəlil dühası ilə ruhi-mənəvi, həm də maddi təmaslar Avropada doğulmuş bu gənclərin həyatını dəyişəcək, onların dünya, vətən, insan haqqında təsəvvürlərini yetərincə korrektə edə biləcək.”

AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza: “Bu təşəbbüsü çox yüksək qiymətləndirirəm, ədəbi hadisədir. Klassiklərin yadigarları Azərbaycana gəlir, öz nəsillərindən olan tanınmış ədibləri ziyarət edir və onlarla bağlı tədbirlərə qatılırlar”.

Günay Şahmar


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər